Südəmər uşağın geyimi rahat olmalıdır. Paltar elə tikilməlidir ki, onu geydirmək və çıxarmaq çətinlik törətməsin. Geyim uşağın sərbəst hərəkətlərinə mane olmamalıdır. Paltar üçün material yumşaq parçadan seçilməlidir.
Uşağın gigiyenasına da ciddi fikir verməli, paltar çirklənən kimi o, dəyişdirilməlidir. Paltar açıq rəngli parçalardan tikilməli və istiliyi yaxşı saxlamalıdır. Südəmər uşağı qalın geydirdikdə o, tez tərləyir. Tər soyuyanda onu xəstələndirir. Eləcə də payız, qış aylarında uşağı çox yüngül geyindirmək olmaz.
Körpənin sağlamlığının və düzgün inkişafının əsası südəmərlik dövründə qoyulur. Uşaq sürətlə boy atır, onun bütün orqanları, toxumaları, xüsusən beyin toxumaları təkmilləşir, iki aylıqda görmə, eşitmə, lamisə, iybilmə, dad orqanları, əzələ hissi fəaliyyətə başlayır, şərti reflekslər yaranır.
Uşaq 2 aylıqda başını dikəltməyi və düz tutmağı, 4-5 aylıqda əlinə şey götürməyi, qarnı üstə çevrilməyi, 6-7 aylıqda iməkləməyi və oturmağı, 8-9 aylıqda hərəkətsiz dayaqdan yapışaraq ayağa qalxmağı və addım atmağı, 10-11 aylıqda hərəkət edən dayaq arxasınca gəzməyi öyrənir.
Südəmərlik dövrü başa çatır. Uşaq çağa dövründən (doğulduğundan birinci ayı) südəmərlik dövrünə (12-11 aya kimi), südəmərlik dövründən erkən uşaqlıq dövrünə (3 yaşına) qədəm qoyur.
Uşaqda ilkin nitq rüşeymləri yaranır. Bəzi sözləri anlayır və təkrar etməyə cəhd göstərir. Sonrakı illərdə onun nitqi inkişaf edir.
Uşaq həyatının ilk illərindən ananın nəvazişlə dediyi sözlərdən ovunur, ağlamır. Məsələn, o susamışsa, anasının mehribanlıqla ona müraciət etməsindən sakitləşir və dayanıb çayın verilməsini gözləyir.
Uşaqla kobud danışmaq, onun üstünə qışqırmaq, döymək, söymək və s. xüsusilə yolverilməzdir. Kiçik yaşlarından uşağa nəzakətli, doğruçu və mehriban olmağı, təşəkkür etməyi öyrətmək lazımdır.