Hamiləlikdə hormonal disbalans nəticəsində diş ətində “hamiləlik gingiviti”, yəni diş ətinin yayılmış iltihabi xəstəliyi çox müşahidə olunur. Bu zaman diş ətində tünd qızartı, ağrılar, keyimə hissi və qanamalar olur.
Qanamalar fırçalama zamanı daha da artır. Bu da hamilə xanımın bu proseduru yarımçıq kəsməsinə gətirib çıxarır. Gingivit artdıqca normal diş əti cibləri dərinləşir. Bura toplanan mikroblar (stafilokok, streptokok, aktinomiset, kandida göbələkləri) güclü qoxu yaradır və kariyoz proseslərə stimulyasiya verir. Bu bakteriyaların qana keçməsi anaya və inkişaf edən dölə nəzərəçarpacaq dərəcədə təsir edir.
Kariyoz proseslərin hamiləlik zamanı artmasını əvvəllər Ca2+ ionunun çatışmazlığı ilə əlaqələndirirdilər. Aparılan araşdırmalar bunun normal Ca həbi qəbul edən xanımlarda da olduğunu göstərir. Bu gün tibdə bu problemin əsas səbəbinin qalxanabənzər vəzin arxasında olan paratiroid vəzlərdə olduğu tapılıb. Bu düyü həcmində olan vəzlərin hormonu parathormon qanda kalsiumu sümüklərdən və dişlərdən ayırmaq hesabına artırır. Bunun nəticəsində dişlərdə destruksiya gedir, mikroflora isə kariyoz prosesə təkan verir.
Eləcə də II-III trimestrlərdə intensivləşən gəyirmə və qusmalar zamanı mədə və onikibarmaq bağırsaq mühitləri (ferment və HCl) ağız boşluğuna evakuasiya olunur. Bu da mina qatında hidroksiapatitlərin dağılmasına səbəb olur. Bunun üçün xanımlar maarifləndirilməlidir. Gəyirmə və qusmalardan sonra ağız boşluğu ya ilıq su ilə, ya da müalicəvi Teasept çayı ilə mütləq yaxalanmalıdır.
Bütün bu deyilənlər xanımlarda ağrı simptomunun qarşısını almaq üçündür. Davamlı və təkrari ağrılar diskomfort yaradacaq, stresi artıracaqdır. Bu zaman qandakı iltihab mediatorlarının qatılığı artacaqdır ki, bu da döldə həm bu mərhələdə, həm də doğuşdan sonra dərin izlər buraxacaqdır. Araşdırmalar doğulan uşaqların stresli, mənfi enerji auralı olmasının səbəbini ananın keçirdiyi stres ilə əlaqəli olduğunu sübut etmişdir.
Əziz xanımlar, həkimlər tövsiyə etsə belə, bu müddətdə antibiotik, ağrıkəsicilərin istifadəsindən qaçının, orqanizmin müqavimətini artıran qidalar qəbul edin. Müasir keyləşdirici dərmanlar daha yaxşı olar ki, adrenalinsiz istifadə olunsun. Müalicələrin II trimestrdə edilməsi tövsiyə edilir. I trimestrdə orqanlar formalaşır. III-də isə erkən doğuş riski olur. Ağrının kəsməsi üçün dişin çəkilməsi mümkündür. Ancaq hamiləlik öncəsi edilən uyğun müalicələrin və hamiləlik zamanı yaxşı bir ağız gigiyenasının təmin edilməsini unutmamaq lazımdır. Əziz xanımlar, I mərhələdə dişləri çox fırçalamalı, ağız boşluğunu daha çox müalicəvi bitki dəmləmələri ilə yaxalamalısınız./Dünya həkimləri