Qadin.NET / Hamiləlik zamanı bel ağrıları

Hamiləlik zamanı bel ağrıları

Hamiləlik zamanı bel ağrıları

Hamiləlik zamanı bel ağrıları yaranır. Bunun səbəbi nədir?

Hamiləlik zamanı yaranan bel ağrılarının bir çox səbəbləri ola bilər. Bu ağrı əsasən beldəki əzələlərin gücə düşməyindən qaynaqlanır. Hamiləlik dönəmində uşaq və cift böyüyür. Beləcə ağırlıq mərkəzi önə doğru yönəlir. Bununla əlaqəli olaraq hamilə qadının duruşu da dəyişir. Qadınların çoxu hamiləliyin son dönəmində arxaya doğru əyilmək məcburiyyətində qalır. Bu da bel əzələlərinin daha çox işləməyinə səbəb olur və onlara güc düşür.

Qarın əzələlərinin zəifləməyi də bel ağrısına gətirib çıxarır. Qarın əzələləri onurğa sistemini dəstəkləyir, yəni onurğaya işində kömək olur. Beləcə bel sağlamlığında da böyük əhəmiyyətə malik olmuş olur. Hamiləlik dönəmində bu əzələlər zəifləyə və dartıla bilir. Bu isə öz növbəsində bel ağrılarına səbəb olur. 

Hamiləlik zamanı bel ağrıları

Hamiləlik hormonları bel ağrısına təsir edə bilir. Proqesteron hormonu çanaqdakı ağırlıq düşən ərazini rahatladaraq uşağın doğumunu asanlaşdırır. Bu rahatlama nəticəsində oynaqlar elastikləşir, ancaq oynaqların həddindən artıq elastikliyi bel ağrılarına səbəb olur.

Bel ağrılarının qarşısını almaq və ya onu yüngülləşdirmək üçün hamilə qadınlar ayaq üstə duruşlarına, oturuşlarına eləcə də hərəkət edərkən hərəkətlərinə diqqət etməlidir. Onlar aşağıdakı məsləhətlərdən faydalana bilərlər.

- Alçaq dabanlı (ancaq düz olmayan) və rahat bir ayaqqabı geyinin.

- Ağır əşyaları qaldırarkən kömək istəyin.

- Əgər uzun müddət ayaq üstə durmalısınızsa, o zaman ayağınızın birini bir stul və ya bir qutunun üzərinə qoyun.

- Əgər yatağınız çox yumşaqdırsa, döşəyinizin altına taxta qoya bilərsiniz. Amma çalışın ki, yatağınızı çox sərt etməyəsiniz.

- Yerdən bir şey götürəcəksinizsə, bel hissədən əyilməyin. Dizlərinizi bükün, əyilin və belinizi düz tutmağa çalışın.

- Bel hissəsi rahat olan stullarda əyləşin və ya belinizin alt hissəsinə kiçik bir yastıq qoyun.

- Yatarkən dəstək üçün ayaqlarınızın arasında bir və ya iki ədəd yastıq qoyun. 

Hamiləlik zamanı bel ağrıları

Bel ağrıları zamanı onu yüngülləşdirmək üçün həmin əraziyə isti və ya soyuq tətbiq edin, eləcə də masaj edə bilərsiniz.

Bel üçün lazım olan məşqlər də bu işdə sizə kömək edə bilər. Buna uyğun olaraq müəyyən pilates dərslərindən də faydalana bilərsiniz. İndiki dövrdə hamilə qadınlar üçün təşkil olunan idman dərsləri belə vardır. Həkiminizin məsləhəti ilə bu dərslərə qatıla bilərsiniz. Bu tip bel hərəkətləri təkcə belinizdəki ağrını yüngülləşdirməyəcək. O, sizi həm də doğuma hazırlaşdıracaq və rahat doğuma şərait yaradacaqdır.

Hamiləlik zamanı üzmək və adi yerişlə də məşğul olmaq olar. Bunlar da bel üçün çox faydalıdır.

Əgər bel ağrılarınız çox güclüdürsə və iki həftədən artıq davam edirsə, bu zaman mütləq həkimizinə müraciət edin. Özünüzü özbaşına müalicə etməyə çalışmayın. Bel ağrısının səbəbi sizin bilmədiyiniz başqa şeylər də ola bilər. Bu hətta erkən doğumun da əlaməti ola bilər. Bel ağrısı ilə yanaşı qanamanız, sidiklə bərabər yanma hissinin olması və ya qızdırmanız vardırsa, mütləq tez bir zamanda həkimə müraciət edin.

14 avqust 2014
GO BACK