Hamiləlik zamanı nəfəs çatışmazlığı ən çox rast gəlinən narahatlıqlardan biridir. Bu dövrdə aylar keçdikcə uşaqlığın böyüməsi ilə əlaqədar olaraq qarın və döş boşluqlarını ayıran diafraqma əzələsi yuxarıya doğru qalxır və döş boşluğu sıxılır. Buna görə də hamilələrin bir çoxu yeridikdə, hətta oturduğu yerdə də təngnəfəs olurlar. Hamiləlikdə nəfəs məşqlərinin əhəmiyyəti tam bu nöqtədə özünü göstərir.
Hamiləlik dövründə edilən nəfəs məşqlərinin faydalarına baxaq.
Nəfəs məşqləri kürək ağrılarını azaldır. Hamiləlik zamanı uşaqlığın böyüməsi və bədən ağırlığının artması ilə əlaqədar olaraq bədənin forması da dəyişir. Belə dəyişiklik bel və kürək ağrılarına səbəb olar.
Buna görə də hamiləlik zamanı ortaya çıxan narahatlıqları aradan qaldırmaq, kürək ağrılarını azaltmaq, doğuş əsnasında lazım olan nəfəs alıb-vermə qaydasını öyrənmək, qarın əzələlərinin elastiklik və qüvvətini artırmaq, psixoloji olaraq doğuşa hazırlaşmaq və doğuşu asanlaşdırmaq məqsədilə məşq edilməlidir.
Məşqlərə hamiləliyin 3-cü ayından başlanmalıdır. İlk üç aydan sonra nəfəs alma-vermə proqramına başlanır. Bu məşqlər gündə bir dəfə olmaqla doğuşa qədər davam etməlidir.
Hər qadın psixoloji və fiziki baxımdan fərqlidir. Buna görə də hər bir hamilə qadın fizioterapevt tərəfindən müayinə edilməli və onun üçün xüsusi məşq proqramı hazırlanmalıdır.
Doğuşdan əvvəl edilən məşqlər tənəffüs məşqləri, dərin qarın tənəffüsü, dərin döş tənəffüsü, qırtlaq tənəffüsü, kürək və bel ağrılarını azaltmaq üçün edilən rahatlama məşqləridir.
Nəfəs məşqləri hamiləlik zamanı meydana gələ biləcək bel ağrısı, qəbizlik, ayaqlarda şişkinlik problemlərini ən az səviyyəyə endirir. Hamiləlik zamanı inkişaf edə biləcək şəkər xəstəliyindən qoruyur. Hamilələrin duruşunu düzəldir. Mənəvi olaraq hamilələri analığa hazırlaylr və onlarda olan doğum qorxusunu azaldır. Gərginliyi və stresi azaldır. Əzələ gücünü, elastikliyi və dözümlülüyü artırır. Ana namizədinin enerjisini artırır, tarazlığını qoruyaraq yıxılmaq riskini azaldır. Tənəffüs məşqləri hamiləlik müddətində ana namizədini fiziki və psixoloji olaraq rahatlaşdırır. Xüsusilə də doğuş başladığı zaman ananın sakit olmasını təmin edərək stressiz bir doğuşun həyata keçməyinə kömək edir.