Mayalanma
Cinsi əlaqə zamanı spermatozoidlər uşaqlıq yoluna düşür və uşaqlığa doğru hərəkət edir. Onlar bir neçə saatda uşaqlıq borusuna çatır və burada yumurtahüceyrə ilə rastlaşır. Adətən, yumurtahüceyrəyə yalnız bir spermatozoid daxil olur və onunla birləşir. Mayalanmış yumurta əmələ gəlir, onun nüvəsində hər iki valideynin irsi əlamətlərini daşıyan 46 xromosom olur. Mayalanma ovulyasiyadan 12-24 saat sonra, yumurtahüceyrə özünün yaşama qabiliyyətini hələ saxlamışkən mümkündür. Spermatozoidlər mayalanma qabiliyyətini 2-4 sutka saxlayır.
Mayalanmış yumurta uşaqlıq borusu ilə hərəkət edir və burada bölünərək çoxhüceyrəli rüşeymə çevrilir. Bu rüşeym 4-5 gündən sonra uşaqlığın içərisinə düşür. Rüşeym uşaqlıqda iki gün sərbəst qalır, sonra onun selikli qişasına daxil olub ona yapışır. Bətndaxili inkişafın rüşeym dövrü başlayır. Rüşeym hüceyrələrinin bir qismindən qişalar əmələ gəlir. Xarici qişanın içərisindən kapilyarlar keçən xovları vardır. Rüşeym xovlar vasitəsilə qidalanır və tənəfüs edir. Xovlu qişanın içərisində daha bir nazik, sellofan kimi şəffaf qişa vardır. Bu qişz qovuq əmələ gətirir. Rüşeym bu qovuğun içərisindəki mayedə üzür. Bu qişa rüşeymi zərbədən və səsdən qoruyur.
Ciftin əmələ gəlməsi
Bətndaxili inkişafın ikinci ayının axırında rüşeym qişasının ancaq uşaqlığa baxan tərəfindəki xovlar qalır. Bu xovlar çoxalıb şaxələnir və içərisindən çoxlu qan damarları keçən uşaqlığın selikli qişasına keçir. Uşaqlığın selikli qişası qişasından möhkəm yapışmış diskşəkilli cift əmələ gəlir. Bu andan başlayaraq bətndaxili inkişafın döl dövrü başlayır.
Qan-damar kapilyarları divarları və ciftin xovları vasitəsilə ana ilə dölün orqanizmi arasında qaz və qidalı maddələr mübadiləsi gedir. Ananın və dölün qanı heç vaxt qarışmır. Hamiləliyin dördüncü ayından başlayaraq cift daxili sekresiya vəziləri rolunu oynayaraq hormon buraxır. Bunun sayəsində hamiləlik dövründə uşaqlığın selikli qişası qopmur, aybaşı tsiklləri olmur və döl bütün hamiləlik dövrü uşaqlıqda qalır.
Ovulyasiya vaxtı və iki yaxud daha çox yumurtahüceyrə mayalandıqda iki və ya bundan daha çox döl əmələ gəlir. Bunlar gələcək əkizlərdir. Onlar bir-birinə o qədər də oxşamırlar. Bəzən bir yumurtahüceyrədən iki döl əmələ gəlir, çoxt vaxt onların bir cifti olur. Bu cür əkizlər həmişə eyni cinsdə olurlar və biri-birinə çox oxşayırlar.
Rüşeym və dölün inkişafı
Rüşeym uşaqlıqda sürətlə inkişaf edir. Bətndaxili inkişafın birinci ayının axırında rüşeymin başı bədənin uzunluğunun 1/3-ni təşkil edir, gözlərin yeri bilinir, 7-ci həftədə barmaqları seçmək olur. İki aydan sonra rüşeym insana oxşamağa başlayır, lakin bu vaxt onun uzunluğu cəmi 3 sm olur.
Bətndaxili inkişafın 3-cü ayında demək olar ki, bütün orqanlar görünür. Bu vaxt uşağın cinsiyyətini təyin etmək mümkündür. 4-5 aylıqda dölün ürək döyüntüləri eşidilir, dölün ürəyi anadan iki dəfə çox vurur. Bu dövürdə döl tez böyüyür, 5 aylıqda çəkisi təxminən 500 qram olur, anadan olanda isə 3-3,5 kq olur.