Qadin.NET / Qadin.Netlə birlikdə hamiləlik (XVII həftə)

Qadin.Netlə birlikdə hamiləlik (XVII həftə)

Hamiləliyin artıq 4-cü ayı geridə qaldı, siz artıq 5-ci aya keçirsiniz. Budur, artıq 17-ci həftədir - 5-ci ayın 1-ci həftəsi. Bu həftədə sizi və körpənizi nələr gözləyir?

Dölün inkişafı, ölçüsü

17-ci həftədə körpənizin boyunun uzunluğu 12-13 sm, ağırlığı isə 140 qr ətrafındadır. Körpənizin yumşaq qığırdaq quruluşu sümüyə çevrilməyə başlayır. Göbək ciyəsi gedərək güclənir və qalınlaşır. Dərialtı yağ toxuması artır. Refleksləri daha yaxşı inkişaf edir. İçində körpənin üzdüyü maye artıq ağciyərlərindən alınan mayedən və böyrəkdən atılan sidikdən yaranır. Körpə bu mayeni udur, maye ağciyərlərdən və mədə-bağırsaq sistemindən dövran edir və böyrəklər tərəfindən sidik şəklində təkrar kisəyə atılır. Körpənizin qaraciyəri qan və öd istehsalına başlayır. Saç, qaş və kirpikləri yaxşı bilinir. Artıq körpənizin ayaq izi var.

Qarın
Kənardan baxdıqda hamilə olduğunuz aydın görünür. Qarnınız bilinir. Əlinizlə toxunduğunuz zaman onu rahatlıqla hiss edə bilirsiniz. Bu dövrə qədər çəkinizin 2,5-5 kilo artması normal sayılır. İştah artmağa başlayır. Körpəniz bu həftədən etibarən daha sürətlə böyüyəcək və buna görə də çəkiniz daha sürətlə artmağa başlayacaq. Omba və qıç hissələrində genişlənmə ola bilər.
Ağrı
Bu dövrlərdə keçmişə nisbətən daha çox tərləyərsiniz. Uşaqlığınızın yuxarı doğru böyüməsi və uşaqlıq bağlarında dartılma olduğundan əzələlərinizdə ağrı hiss edə bilərsiniz. Uşaqlıq yolu axıntıları arta bilər. Üzünüzdə tünd rəngli ləkələr yarana bilər. Bunlar doğuşdan sonra itəcək. Döşlər böyüyür. Mədədə göynəmə, qəbizlik və köpmə kimi şikayətlər ola bilər. Qarın çatlarının yaranmaması üçün krem və ya kakao yağından istifadə etməyə davam edin.
Analizlər
Amniosentez nədir və nə üçün edilir? Ana namizədindən alınan qan nümunəsindən 11-14-cü həftədə edilən ikili testdə və 16-20-ci həftədə edilən üçlü testdə, ultrasəs müayinəsində Down sindromu riski və ya digər xromosom pozğunluqları dəyərləri yüksək çıxmışsa, 16-18-ci həftələrdə amniosentez testi tələb olunur. Amniosentez - içində körpənin üzdüyü amnion mayesindən nümunə alma əməliyyatıdır. Perinatoloq  tərəfindən edilməsi vacibdir. Əgər ana namizədi daha əvvəllər genetik anomaliya xəstəliyi olan uşaq dünyaya gətirmişsə, ailədə xromosom pozğunluğu olan biri varsa, ana namizədinin yaşı çoxdursa, test və ultrasəs müayinəsinin nəticələrində hər hansı bir risk varsa, körpənin xromosomlarına baxmaq üçün amniosentez tətbiq edilir.
Qadin.Netlə birlikdə hamiləlik (XVII həftə)
Hamiləliyin 17-ci həftəsində qidalanma
Bir çox ana namizədi hamiləlik dövründə yuxu problemi yaşaya bilər. Hamiləliyin ilk dövrlərində bədəndəki hormon dəyişiklikləri səbəbindən davamlı yuxulama halı olar. Hamiləlik irəlilədikcə bu dəfə də yuxusuzluq problemləri ortaya çıxar. Bunun bir çox səbəbi ola bilər. Axşam saatlarından sonra qəhvə, çay kimi kofeinli içkilərdən uzaq durun. Hər gün eyni saatlarda yatmağa çalışın. 1 stəkan ilıq süd için. İlıq duş alın. Yatmazdan əvvəl yüngül yeməklər, meyvə-tərəvz yeyin. Bu, həm də ürəkbulanmasını aradan qaldıracaq. Nizamlı olaraq idman edin.
Cinsi həyat
Bu dövrdə cinsi həyat sizin uşaqlığınıza təbii masaj effekti verəcək. Əgər sizdə uşağın düşməsi riski və yaxud hər hansısa problem varsa, onda cinsi fəallığı gecikdirmək lazımdır. Əvvəlcədən həkiminizlə məsləhətləşin.
Axıntılar
Uşaqlıq davamlı yenilənən bir toxumadır və köhnə toxumalar axıntı şəklində bədəndən atılır. Bu axıntı bəzi qadınlarda az, bəzilərində isə çox ola bilər.
Uşaqlığın təbii olan bu axıntısı ağ-sarı rəngdədir, adətən qoxusuz olur və sidiyə gedərkən göynəmə, ağrı, qaşıntı kimi əlamətləri yoxdur. Hamiləlik dövründə bəzi qadınlarda axıntı arta bilər. Əgər axıntı yuxarıdakı xüsusiyyətləri daşıyırsa, bu, fizioloji axıntıdır, sizə və körpənizə zərər verməz. Qatı, yaşıl, qəhvəyi olan, ağrı, göynəmə, qaşıntı kimi əlamətləri olan axıntılar isə infeksiyaya və ya uşaqlıqda olan hansısa problemə işarədir. Bu zaman mütləq həkim müayinəsi lazımdır. "Su kimi axıntı" isə ümumiyyətlə hamiləliyin sonlarına doğru görülən əlamətdir. Bu cür axıntı körpənin başının sidik kisəsinə etdiyi təzyiq zamanı istəmədən sidik qaçırma nəticəsində ola bilər. Eyni zamanda hamiləlik kisəsinin hər hansı bir səbəbdən cırılması nəticəsində mayenin boşalması, yəni "su gəlməsi" ola bilər. Bu həftələrdə "suyun erkən gəlməsi" baş verərsə, mütləq həkimə müraciət etmək lazımdır.
27 iyun 2013
GO BACK