Hamiləlik dövründə həm ananın,həm də dölün sağlamlığı üçün vitaminlərin böyük faydası vardır.
Vitamin və mineral kompleksinin qəbuluna hamilələr nə vaxt başlamalıdırlar?
Ümumiyyətlə, hamiləliyə ailə planlaması zamanından hazırlaşmaq lazımdır. Yəni əvvəlcə qadın və kişi müayinələrdən keçməlidir. Bundan sonra əgər heç bir xəstəlik və ya infeksiya yoxdursa, qadın özünü ana olmağa hazırlamalıdır. Hamilə olmaq istəyən qadın orqanizmini normal səviyyəyə gətirməli, lazımi vitaminləri qəbul etməlidir. Çünki, yalnız normal bədəndə normal uşaq böyüyər.
Hamiləlik dövründə Vitamin və mineralların qəbulu hansı problemlərin qarşısını ala bilər?
Bir çox problemlərin, o cümlədən, erkən və ya gec doğumun qarşısını alır.
Bu dövrdə hansı vitaminlərin yenilənməsi vacibdir?
Əsasən C, E, D, B1, B6, B12 vitaminlərinə və foli turşusuna tələbat artır. Təcrübələrimiz göstərir ki, A və PP vitaminlərinə olan ehtiyac isə çox da dəyişmir.
Bəs minerallar?
Hansı mineralın daha vacib olması hələ də mübahisələr doğurur. Adətən hamiləlik boyu nəzarət minerallara olan tələbatın miqdarını müəyyən edir. Çünki, mineralların tək deyil, birgə istifadəsi nəticə verir.
Hamiləlik dövrü bitdikdən sonra vitamin qəbuluna davam edilməlidirmi?
Sözsüz! Çünki, doğumdan sonra süd vermək dövrü başlayır. Bu dövr uşağın gələcək sağlamlığının özülünü qoyur. Təbii ki, körpəni süddən ayırana kimi buna davam etmək lazımdır.
Vitaminlərin faydaları
A vitamini - Dölün boyunun uzanmasını təmin edir. Anada bu vitamin çatışmayanda immunitet aşağı düşür, saçın strukturu pozulur, bronxial xəstəliklərə və s. meyllilik artır.
B1 vitamini - Dölün əzələ və sinir toxumasının yaranmasına kömək edir. Ananın iştaha və yuxusunu tənzimləyir. Çatışmazlıq olanda anada əsəbilik, tez yorulma baş verir. Hətta ürəyin normal fəaliyyətinə də pis təsir göstərə bilər.
B2 vitamini - Qan azlığından qoruyur, dölün ümumi normal inkişafına kömək edir. Onun azlığı vaxtından əvvəl doğuşa və anadangəlmə xəstəliklərə gətirir.
B6 vitamini - B6 vitamininin çatışmazlığı yeni doğulmuşlarda qıc olmaya, mərkəzi sinir sisteminin ləng inkişafına səbəb olur. Özünü hamiləliyin ilkin dövrlərində büruzə verir.
B12 vitamini - Dölün qan-damar və sinir sisteminin normal inkişafını tənzimləyir. Bu vitaminin orqanizmdə azlığı anada başgicəllənmə, zəiflik, qanazlığı və s. əmələ gətirir.
Foli turşusu (Bc vitamini) - Dölün böyüməsi və inkişafının sürətini tənzimləyir. Daimi qəbul edilməsi inkişafdakı qüsurları aradan qaldırır.
PP vitamini - Sinir sistemi və əzələ toxumasının inkişafını təmin edir. Anada və döldə enerjinin olmasında iştirak edir. Çatışmazlıq olanda anada iştahanın itməsi, çəki azlığı, solğunluq və s. baş verir.
Pantoten turşusu (B5 vitamini) - Yağ və karbohidrat mübadiləsində iştirak edir, cinsi orqanları formalaşdırır. Erkən saç ağarması, tökülməsi və qaşınma ilə çatışmazlığı müşahidə olunur.
Biotin (N vitamini) - Yağ və karbohidrat mübadiləsini normallaşdırır. Çatışmazlığı hamilələrdə ürəkbulanma, iştahanın itməsi, əzginlik və süstlüyə səbəb olur.
C vitamini - Dəmirin mənimsənilməsini yaxşılaşdırır, immuniteti möhkəmləndirir. Çiftin formalaşması üçün əsasdır. Analarda yorulma hiss ediləndə bu, orqanizmdə bu vitaminin çatışmazlığı deməkdir.
D vitamini - Orqanizmin sümük və diş toxumasının yaranmasında əvəzsiz olan fosfor və kalsiumun mənimsənilməsini asanlaşdırır. Yenidoğulmuşlarda raxit xəstəliyinin əmələ gəlməsinin qarşısını alır. Onun azlığı anada əsəb gərginliyinin artmasına və dişlərinin tez çürüməsinə gətirib çıxarır.
E vitamini - Ananı stress, əzələ gərginliyi və qan azlığından qoruyur
Kalsium - Sümük və diş toxumasının formalaşması və düzgün inkişafı üçün vacibdir. Qan dövranını yaxşılaşdırır.
Maqnezium - Əzələrin işi və orqanizmin enerji ilə təmin olunması baxımından lazımdır.
Dəmir - Qan dövranıında iştirak edir, hemoqlabinin tərkibində oksigeni toxumalara daşıyır.
Sink - Dölün inkişafında iştirak edir, immuniteti möhkəmləndirilmə və qan dövranına kömək edir.
Mis - Kollagen və elastinin (damar divarları və dərinin elastikliyini təşkil edən əsas zülal-red.) formalaşması və bioloji oksidləşmə məhz bu mineralın orqanizmdə miqdarından asılıdır.
Yod - Qalxanabənzər vəzinin hormonlarını təşkil edir. Azlığı balacaboyluluq yaradır və uşaqlarda zehni inkişafı ləngidir.
Manqan - İnsulinin ifrazı, qığırdaq toxumasının yaranması və yağ-karbohidrat mübadiləsində əsas rol oynayır.
Xrom - Qanda qlükozanın səviyyəsini normallaşdırır.
Selen - Yodla birlikdə qalxanabənzər vəzi hormonlarının ifrazını yaxşılaşdırır.
Mobilden - Orqanizmdə oksidləşmə prosesinin daimiliyini təmin edir.
Bir çox insanlar xəstələnməyincə həkimə müraciət etmirlər. Amma ən azı ildə iki dəfə müayinədən keçmək, eləcə də, vitamin və mineral kompleksini yalnız lazım olanda deyil, vaxtaşırı qəbul etmək lazımdır.