Qadin.NET / Qadin.Netlə birlikdə hamiləlik (XII həftə)

Qadin.Netlə birlikdə hamiləlik (XII həftə)


 

12-ci həftədə hamiləlikdə baş verən dəyişikliklər

     Artıq hamiləliyinizin 12-ci həftəsi gəlib çatdı və bu o deməkdir ki, siz 3-cü ayın tamamındasınız. Əgər ürək bulanma, qusma kimi narahatçılıqlarınız vardırsa, bütün bunlara son veriləcək bu həftədən etibarən. Əgər sizdə başqa hormonal problemlər yoxdursa o zaman tam əminliklə demək olar ki, sizdə narahatçılıqlar yox səviyyəsində olacaqdır. Əgər bu həftəyə kimi ürəkbulanma, qusma kimi problemlər yaşamışdınızsa, çox güman ki, siz həm də çəki itirmisiniz. Əgər belədirsə bu həftədən etibarən çəkiniz artmağa başlayacaq. Təqribən hər həftə üçün 500 qram çəki almaq normal hesab olunur. Qadının ana bətinində artıq yeni bir həyatın inkişaf etdiyinə görə orqanizmin bütün orqanları maksimum səviyyədə, yəni tam gücü ilə işləməyə başlayır. Buna görə də qanın miqdarı artır və qan dövranı genişlənməyə başlayır. Ağ ciyər və böyrəklər aktiv hərəkətlə işləyir, ürək döyüntüsü çoxalır. Hamiləliyinizin əvvəlki həftələrində olduğu kimi artıq tez-tez sidiyə getmələr nisbətən azalacaq. Ana bətnində körpəniz böyüyüb inkişaf etdiyinə görə, uşaqlıq bir qədər düz bağırsağı sıxmağa başlayacaqdır və məhz buna görə də də tez-tez qəbzliklə üzləşəcəksiniz. Amma buna görə heç də qanınızı qaraltmayın. Bunu yoluna qoymaq üçün qidanıza fikir versəniz kifayət edər. Bu zamanlarda anaya əsasən gavalı qurusu, alma qurusu və ya həmin meyvələrin elə özündən istifadə etmək məsləhət görülür. Gün ərzində bir neçə dəfə 1-2 alma və ya gavalı yeyə bilərsiniz. Ac qarına və ya yeməkdən bir az əvvəl yesəniz daha məqsədə uyğundur. Həmçinin səhər tezdən yeməkdən əvvəl 1 stəkan su içə bilərsiniz.

Qadin.Netlə birlikdə hamiləlik (XII həftə)

12- ci həftədə qarın

     Bu həftə artıq qarnınızın yavaş-yavaş çıxmağının şahidi olacaqsınız. Adətən əgər qadının birinci hamiləliyidirsə onda qarın bir qədər gec çıxmağa başlayır və adi gündəlik geydiyi paltarlar hələ də əyninə yaxşı gəlir. İkinci və ya üçüncü hamiləlikdirsə onda qarın artıq bu həftələrdən çıxmağa başlayacaqdır və bu zaman paltarlarınızın əyninizə dar gəldiyinin şahidi olacaqsınız. Demək olar ki, bəzi hallarda qarın böyüməsi qaşınma, döşlərdə və qarında açıq qəhvəyi çatlarla da özünü biruzə verir.

12-ci həftədə uşaqlıq

     Yəqin ki, təxmin etmək heç də çətin deyil ki, döl inkişaf etdikcə uşaqlıq da böyüməyə başlayacaqdır. Uşaqlığın ölçüləri təxminən 10 santimetrə qədər genişlənir. Bu həftədə artıq uşaqlığın böyüməsini özünüz də hiss edəcəksiniz. Qarnınız sıxılmasın deyə bir qədər geniş paltarlar geyinməyə başlayın.

Qadin.Netlə birlikdə hamiləlik (XII həftə)

Ultrasəs müayinəsi.

     Əvvəlki həftələrdə qeyd etdiyimiz kimi əgər bu vaxta qədər ultrasəs müayinəsinə göndəriş olunmayıbsa  onda, adətən 12- ci həftədə ilk ultrasəs müayinəsi edilir və bunun köməkliyi ilə dölün ümumi ölçüləri, ürək döyüntüsü yoxlanılır. Körpənin özünü necə hiss etməsini də görmək olur. Həmçinin doğuş vaxtı da 12-ci həftədən etibarən dəqiq praqnozlaşdırılır. 12-ci həftə ananın körpəsini görməsinin və onunla tanışlığının əsl vaxtıdır. Məhz bu həftələrdə ana körpəsini öz gözləri ilə aydın şəkildə görür və bir neçə aydan sonra dünyaya yeni bir nəfəs gətirəcəyini anlayır. Həmçinin 12-ci həftədə ultrasəs müayinəsi uşağı tam dəqiqliklə göstərməyi ilə yanaşı, körpənin və ananın həyatı üçün daha çox əhəmiyyətli olan nəticələri göstərəcəkdir.

 

     Ultrasəs müayinəsində həkim uşaqlığın hansı vəziyyətdə yerləşməsini, anada tonusun olub, olmadığını da aydınlaşdırır. Həmçinin dəqiqliklə dölün uşaqlıqda neçə vaxtdır inkişaf etdiyini öyrənir. Əsasən bu həftə və günlərlə qeyd olunur. Gələcək ana öz körpəsini tam olaraq monitordan müşahidə edə biləcəkdir. Ultrasəs müayinəsinin Dopler aparatında aparılması daha məqsədə uyğundur. Çünki, bu aparat vasitəsilə demək olar ki, dölün hər bir orqanının necə işləməsi dəqiqliklə müşahidə oluna bilir. Dopler aparatında döldə yarana biləcək ən xırda irsi və qeyri-irsi problemlər belə gözdən qaçırıla bilməz. Buna görə də çalışın ki, bu həftə ultrasəs müayinəsinə getsəniz, buna xüsusi diqqət yetirəsiniz. Körpənizin cinsiyyətinin qız və ya oğlan olmasını bilməkdə səbirsizlənirdinizsə, artıq 12-ci həftə bu intizarınıza da son qoymağın əsl vaxtıdır. Ultrasəs müayinəsində bu həftə həkim körpənin cinsiyyətini də aydın görəcəkdir. Bunu həkiminizdən soruşmağı, həmçinin körpənizin foto şəklini də götürməyi unutmayın.

Qadin.Netlə birlikdə hamiləlik (XII həftə)

     Həkim 12-ci həftədə ultrasəs müayinəsi etdikdə dölün göstəricilərini 12-ci həftə üçün normal sayılan göstəricilərlə müqayisə edir. Hər şey öz qaydasındadırsa əlbətdə ki, göstəricilər uyğun gələcəkdir. Əks tədqirdə isə göstəricilərin normallaşması üçün bir tədbir görüləcəkdir. Həmçinin əgər əvvəlki həftələrdə ultrasəs müayinəsi olunubsa, bu nəticələrlə də tutuşdurulub uyğun gəlib gəlmədiyinə baxılır.

12-ci həftə ultrasəs müayinəsinin normal göstəricilər təqribən belə olmalıdır:
Hamiləliyin müddəti: 12 həftə
Dölün yaşı həftə ilə: 10 həftə
Dölün çəkisi: 14-15 qram
Çəki artımı: 7-8 qram
Dölün uzunluğu: 65 - 90 mm
Dölün ürək döyüntüsü: 1 dəqiqədə 150 dəfə
Qan analizləri

     Bu həftəyə qədər adətən bütün lazımlı qan analizləri verilib qurtarmış olur. Əsasən sidik analizi, titr qan analizi hər ay verildiyi üçün, təqribən elə bu həftəyə təsadüf edir bu analizlər. Amma hər hansı səbəbdən vermədiyiniz qan analizləri varsa həkiminiz göstəriş yazacaqdır. Bu qan analizlərinin verilməsində heç də laqeyd yanaşmaq lazım deyil. Çalışın ki, bu qan analizlərini vaxtında edəsiniz ki, sonradan heç bir əlavə fəsadlarla üzləşməyəsiniz. Bundan başqa qanda şəkərin miqdarını, həmçinin gemoqlabini də yoxlatdırmanız lazımdır.

 Körpənizdə baş verən dəyişikliklər

     Bu həftə artıq dölün 10-cu həftəsi tamam oldu. Sizin körpəniz artıq sürətlə böyüməkdədir bu həftələrdə. Bu həftə körpənin bütün orqanları aktiv inkişaf etməkdədir. Artıq körpənin əl və ayaq barmaqları aralanır. Kipriklərdə, qaşlarda, başında tüklənmə əmələ gəlməyə başlayır. Bununla yanaşı körpəniz əllərini və ayaqlarını rahat şəkildə fırlatmağa başlayır və ana bətninizdə sərbəst şəkildə üzməyə başlayır. Sümük və əzələlər güclənməyə başlayır. Ürəyi tez-tez, bir dəqiqədə 150 dəfə döyünür. Körpəniz sərbəst şəkildə ağzını açıb yumur və əlini ağzına aparır.

 Ağrılar

     Əslində normal olaraq ağrılar bu həftə olmamlıdır. Qarının aşağısına doğru hiss olunan yüngül və zəif ağrıların olması uşaqlığın böyüməsindən xəbər verir. Həmçini kürəyə vuran yüngül və zəif ağrıları da qarının böyüməsi ilə izah etmək olar. Əgər qarnınızın aşağısına doğru göynədici və dartıcı ağrılar 2-3 saat davam edərsə, onda mütləq həkimə müraciət etməlisiniz. Əgər bu ağrılar axıntılarla müşayət edilirsə onda bu vaxtından əvvəl doğuş, açılışın ən qorxulu əlamətləridir. Əgər bu ağrıalara qarşı biganə qalmasanız onda hər şey sizin üçn yaxşılığa doğru gedəcəkdir.

 

Qidalanma

     Qidalanma ötən həftələrdə də qeyd olunduğu kimi yüngül və vitaminli qidalardan ibarət olmalıdır. Çalışın ki, qidanızda meyvə-tərəvəzə, süd məhsullarına, vitaminli qidalara üstünlük verəsiniz. Səhər yeməyindən qəti imtina etməyin. Axşam yeməyini isə bir qədər yüngül etməyiniz məsləhətdir. Körpəyə sizin orqanizminizdən əsasən kalsium tələb olunur. Bunun üçün də süd və süd məhsularını qidanıza daxil etməlisiniz. Əks halda körpə bu kalsiumu dişlərinizdən alacaqdır və siz bu hamiləlik zamanı 1 dişinizi itirə bilərsiniz. Bu halların olmaması üçün qidanıza fikir verin.

     Əziz xanımlar ümid edirəm ki, 12-ci həftə hamiləliklə bağlı suallarınıza cavab tapa bildiniz. Əgər sizə lazım olan hansısa mövzunu tapa bilmədinizsə, onda şərhlərdə bu barədə qeyd edin. Növbəti həftədə çalışarıq ki, sizi maraqlandıran suallara cavab tapaq.
     İnşallah hamiləliyinizin 13-cü həftəsində görüşmək ümidilə.... 

Qadin.Netli bütün hamilə xanımlarımıza Allahdan gözəl və sağlam övlad diləyirəm.
Bu videolara da baxmağı unutmayın. Bu videolarda kiçik balanızın ana bətninizdə nə etdiyini görəcəksiniz.

 

30 may 2013
GO BACK