Qadin.NET / Qadin.Netlə birlikdə hamiləlik (IX həftə)

Qadin.Netlə birlikdə hamiləlik (IX həftə)

 Qadin.Netlə birlikdə hamiləlik (IX həftə)

     Əziz Qadin.Netlilər, "Qadin.Netlə birlikdə həftə-həftə hamiləlik" layihəsinin davamı olaraq sizə bu gündən etibarən hər həftə yeni hamiləlik həftəsini təqdim edəcəyəm. Ümid edirəm ki, xəbərimizin hər həftəsindən yararalanar, verilən məsləhətlərə əməl edəcəksiniz.

     Bu həftədən etibarən siz hamiləliyin 3-cü ayına qədəm qoymuş olursunuz. Çox güman ki, kənardan kimsə sizin hamilə olduğunuzu anlaya bilməz. Bunun üçün məyus olmağa dəyməz. Qarşıdakı həftələrdə qarnınız gizlədə bilməyəcəyiniz şəkildə ortaya çıxacaq. 

     Hamiləliyin 9-cu həftəsi - ana ilə embrion arasındakı əlaqələrin güclü sınaqdan keçirilən bir dövrüdür. Hamiləliyin ilk üç ayında bir çox öz başına düşüklərin əmələ gəlməsi məhz bu həftədə baş verir. Bu ona görə baş verir ki, 7-ci həftədə inkişafını artıran sarı cisim bütün var gücü ilə işləyib. Hamiləliyin 8-9-cu həftələrində progesteron və estrogen hormonunun əmələ gəlməsi zəyifləyərsə, sarı cism öz hərəkət sürətini azaldır. Bu hormonların vacibliyi və əhəmiyyəti xüsusilə dölün inkişafı üçün lazımdır. Bu həftədə əsasən vacib olan dölün inkişafı və onun yeni funksiyalar yerinə yetirməsidir. Əgər əvvəlki həftələrdə döl yaxşı inkişaf etmişdisə, onda hormonların səviyyəsi normal olacaqdır. Yox əgər dölün formalaşmasında maneələr yaranıbsa, onda döl öz inkişafında yeni xüsusiyyətlər formalaşdırmaq gücünə malik ola bilmir və bununla da  hormonların səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Çox təəssüf ki, bütün bunlar dölün inkişafını pozur və uşaq salma ilə nəticələnir. Əgər sizdə zob problemi varsa, onda hamiləliyinizin 9-10-cu həftəsində endokrinoloqa müraciət edin. Belə ki, qalxanvari vəzin düzgün işləməməsi gələcək körpəyə çox mənfi təsir edə bilər. Əgər hamiləliyinizin 9-cu həftəsində sizdə sarımtıl maye əmələ gəlirsə, heç də narahatlığa əsas yoxdur bu normal haldır. Hamiləliyin bu müddətində işləyən xanımlar yaxşı olar ki, məzuniyyət götürsünlər və günün çox hissəsini açıq havada olsunlar. Əvvəlki həftələrdə olduğu kimi bu həftədə də ağır yük qaldırmaqdan çəkinmək və stres yaradan amillərin əhatəsindən uzaq durmanız məsləhətdir. Bu müddətdə də yaxşı olar ki, doğmalarınızın və yaxınlarınızın əhatəsində olasınız. Yaxınlarınız və doğmalarınız sizi öz diqqət və qayğısı ilə əhatə etməli və stresin yaranmasına icazə verməməlidirlər. Hamiləliyin bu həftəsində döşlərdə şişkinlik qabarıq dərəcədə özünü biruzə verir. Ucunda xırda sızanaq görsəniz onları sıxmağa və ya qaşımağa ehtiyac yoxdur. Döş giləsində həssaslıq normaldır. Gilənin və ətrafının rəngi tündləşməyə başlayacaq. Büsthalterinizi bir ölçü böyüklə əvəz edin ki, süd vəziləriniz sıxılmasın və sərbəst nəfəs alıb verə  biləsiniz. Əgər normal hamiləlik müddəti keçirirsinizsə, yataq rejimində deyilsinizsə hər gün səhər və axşam saatlarında 15-20 dəqiqə ərzində təbiət qoynunda gəzin. Təzyiqinizi hər gün ölçməyi unutmayın. Daha bir yeni amil isə-saçlarınızın bir qədər quru olmağa başlamasıdır. Lakin buna baxmayaraq saçlarınız və dırnaqlarınızın normaldan daha tez uzandığının şahidi olacaqsınız.

     Mədə bulantıları və qusmalar bu həftələrdə də davam edir. Gün ərzində normadan çox qaytardığınızı düşünürsünüzsə, həkiminizə bildirin. Lakin çalışın bu müddəti hər bir ana namizədi kimi cəsarətlə keçirə biləsiniz. İştahanızın olmamağı, yemək qoxularından iyrənməyiniz normaldır. Bütün bunlar körpənizin inkişafı üçün əvəzsiz rolu olan hormonların çoxluğundan xəbər verir. Bulantılar adətən səhər yuxudan oyanarkən və ya axşam yatmazdan öncə güclənir. Unutmayın, bu keçiçi bir vəziyyətdir. Bütün hamiləlik boyunca davam etmir. Qarşıdakı həftələrdə toksikoz azalmağa doğru gedəcək və siz iştahanızın olduğunu hiss edəcəksiniz. 

Gələcək körpəniz

     Gələcək körpədə bu həftədə beyincik  formalaşmağa başlayır. Körpədə sümüklər bərkiməyə doğru irəliləyir, ayaq, əl barmaqları formalaşır. Körpədə limfa düyünləri əmələ gəlməyə başlayır. Mərkəzi sinir sistemi öz fəaliyyətinə başlayır. Daha sonra körpədə əsas əzələlərin işinin inkişafı sürətlə gedir. Bunun sayəsində körpəniz bətninizdə ilk hərəkətlərini etməyə başlayır. Bunu siz hiss edə bilməzsiniz. Yalnız ultrasəs müayinəsində müşahidə edə bilərsiniz. Bu günə kimi ultrasəs müayinəsindən keçməmisinizsə bu həftə ilk ola bilər. Körpənizin ürəyinin döyüntülərini dopler vasitəsi ilə eşidə bilərsiniz. Həkiminizdən körpənin şəklini istəməyi unutmayın.   

Qadin.Netlə birlikdə hamiləlik (IX həftə)

Qadin.Netlə birlikdə hamiləlik (IX həftə)

    9 həftəlik hamiləlikdə ultrasəs müayinəsi zamanı edilən fotoda uşağınızın üz quruluşunu aydın görə bilərsiniz. Körpənin çənəsi hələ sinə nahiyəsinə bitişik olur. Dirsək çıxıntısı hiss edilir. Quyruq adlandırdığımız çıxıntı yox olmağa başlayıb. Növbəti həftədə artıq olmayacaq. Gözləri formalaşmış olsa da bir-birinə yaxın yerləşmişlər. Qarşıdakı həftələrdə öz yerini tutacaqlar. Uşağın boyu (başından oturacağına kimi) 15-20 mm, çəkisi isə tam 1-2 qram təşkil edəcəkdir.

      Uşaqlığınız körpənizin daha rahat yerləşməsi üçün böyüməyə başlayır və tədricən çanağınızdakı bütün boşluğu əhatə edir. Sizi sıxan alt paltarları və xüsusən də çanaqdan kip bağlanan şalvar geyinməməyə çalışın.  Unutmayın ki, bətninizdəki körpənin sağlam inkişafı üçün ayda bir dəfə ginekoloq müayinəsindən keçməlisiniz. O, körpənizin inkişafına nəzarət edəcək və sizə həftənizə uyğun hansı vitamin və mineralları qəbul etməyinizi məsləhət görəcəkdir.  

Qadin.Netlə birlikdə hamiləlik (IX həftə)

     Əziz ana olmağa hazırlaşan və ana olmaq arzusunda olan xanımlar, ümid edirəm ki, bu yazı sizlər üçün maraqlı oldu. Bütün ana olmağa hazırlaşan xanımlarımıza Allahdan sağlam və gözəl körpə arzulayıram.

12 may 2013
GO BACK