Təcrübə göstərir ki, hamiləlik dövründə diş-çənə sistemində bir sıra patoloji dəyişikliklər baş verir. Bunlar həm dişin bərk maddəsində, həm də diş ətində inkişaf edir. Xüsusən hamiləliyin birinci yarısında orqanizm çoxlu miqdarda kalsium itirdiyindən dişlərdə dəyişikliklər başlayır. İlk növbədə dişlər zədələnir, dişin minası zədələnərək kariyesə səbəb olur. Nəticədə kariyesli dişlər bəzən xroniki sepsisin əmələ gəlməsinə kömək edir, bu da orqanizmin müxtəlif orqan və sistemlərini zədələyə bilər. Xroniki sepsis dölün vəziyyətinə də təsir göstərir.
Diş- çənə sistemi xəstəliklərinin profilaktikası məqsədi ilə hamilə qadın ilk dəfə qadın həkiminə müraciət etdikdə, o stomatoloq tərəfindən nəzarət altına alınır.
Hamilə qadınlarda kariyesin profilaktikası məqsədilə ağızboşluğunun gigiyenası üçün müalicə profilaktiki diş pastası təyin edilir.
Həmin pastanın tərkibində ftor, kalsium preparatları mikroelementlər vardır.
Hamiləlik dövründə qadın pəhriz saxlamaq və həkimin göstərişlərinə əməl etməlidir. Bəzən 7-8 aylıq hamilə qadında xəstə dişin kənar edilməsi zərurəti meydana çıxır. Bu arzuedilməz haldır, dişin bərk toxumasının zədələnməsi ilə yanaşı, hamilə qadında diş ətinin zədələnməsinə də təsadüf edilir. Bu xəstəliyə hamiləlik "gingiviti" deyilir. Bu zaman dişin əti yumşalıb qızarır, təmizlənən zaman qanayır. Gingivit nəticəsində dişlər laxlayır, ağızdan pis qoxu gəlir. Bu xəstəlik zamanı xroniki sepsisin əmələ gəlməsi təhlükəsi də ola bilər. Buna görə də hamilə qadın gingivitinin qarşısını almaq məqsədilə vaxtında stomatoloqa müraciət etməlidir. Stomatoloq diş daşlarını təmizləyir və diş ətini möhkəmlətmək üçün müəyyən tədbirlər görür. Beləliklə də hamilə qadının diş-çənə sistemində inkişaf edən patoloji prosesi müalicə etdirməklə özünü və dölün sağlamlığını qorumağa imkan verir.
Doğuşdan sonra da ananın və körpənin sağlamlığı ananın diş-çənə sisteminin vəziyyəti ilə sıx əlaqədardır.
Ananın ağız boşluğunun sanasiyası onun körpəsinin sağlamlığının rəhnidir. Hələ qədimdən insan sağlam olmaq üçün ağız boşluğu gigiyenasının böyük əhəmiyyət kəsb etməsini bilirdilər. Onlar dişləri müxtəlif alətlərlə təmizləyir, ağız boşluğunu cürbəcür otların cövhəri və mineral sularla yaxalayırdılar.
Məsələn, qədim yunanlar ağız boşluğunu yaxalamaq üçün dəniz suyundan istifadə etməyi məsləhət görürdülər.
Uşaq əmizdirən ananın keyfiyyətli qidalanması onun dişlərində dəyişikliklərin əmələ gəlməsinə səbəb olur. Stomatoloq müşahidəsində olmayan südəmər uşaqlı qadınlar ağız boşluğunun profilaktiki müayinəsi üçün yaşadığı ərazi üzrə stomatoloji poliklinikaya müraciət etməlidirlər.
Doğuşdan sonrakı dövrdə ağız boşluğunun gigiyenasına diqqət verilməsi, böyük əhəmiyyət kəsb edir. Bu, əsas stomatoloji xəstəliklərinin inkişafının qarşısını alan möhkəm profilaktikadır.