Özünü saxla
Yaş: 8-16
Oyunçuların sayı: 2-8
Ağac və ya taxtadan yarım dairəvi kəsiklər (parçalar) düzəldirlər. Uşaqlar ağac və ya taxta parçalarının üzərinə çıxaraq üz-üzə oynamalı, müxtəlif növ hərəkətlər etməli, əl döyüşü oynamalı, əlləri ilə bir-birini vurmalı və ya bir-birini yüngül olaraq itələməlidir. Eyni zamanda müvazinəti saxlamağa çalışmalıdır. Kim müvazinəti uzun müddət saxlaya bilmirsə o da oyunu uduzmuş sayılır.
Oyunda əsas məqsəd aşağı ətraf əzələlərini (ayaq, qıç, bud və baldır) möhkəmləndirmək yolu ilə müvazinət hissələrini inkişaf etdirmək və müvazinəti saxlamağı öyrətməkdir. Bu isə çağırışaqədər və hərbi xidmətə hazırlıq üçün çox əhəmiyyətli, olmaqla bərabər, həm də
əzələlərinin möhkəmləndirilməsi üçün çox vacibdir.
Yay-ox
Yaş: 8-10
Oyunçuların sayı: 1-10
Ləvazimat: yay, ox, yay düzəltmək üçün qamış və yaxud ağac çubuğundan istifadə edilir.
Qamış ya çubuğu əyib iki başına ip bağlamaq lazımdır. İp gərgin olmalıdır. Ox isə ağac ya taxta parçasından düzəldilir. Ox müəyyən məsafədə qoyulmuş nişan daha atılır.
Nişan almaq üçün məsafəni və nişangahı uşaqlar özləri müəyyənləşdirirlər. Nişangahda balları da göstərmək olar. Məsələn: 0, 9, 8, 7 və s. ballar.
Qalib topladığı xallara görə müəyyənləşdirilir. Kim bir neçə cəhddən sonra daha çox xal toplayarsa qalib sayılır. Həmin oyunda başlıca məqsəd uşaq və yeniyetmələrə düzgün və səlist nigah almağı öyrətməkdir.
Əl-ələ vurma
Yaş: 10-12
Uşaqlar üz-üzə dayanır. Birinin sağ ayağı digərinin sol ayağı irəlidə olur. Əllər sinə və üz qarşısında qollar isə dirsəkdən bükülməklə saxlanılır. Bu zaman əllər açıq şəkildə ovuclar bir-birinə baxır.
Bir sayda hər iki oyunçu və ya komanda ovuclarını bir-birinə vurur. İki sayda oyunçulardan birinin sağ əli (ovucu) digərinin sol əlinə ovucuna vurulur, üç sayda digər ovuc və əllər bir birinə vurulur, dörd sayda isə əllərlə (ovuclarla) bir saydakı hərəkət təkrar edilir. Oyun maraqlı çıxsın deyə hərdən bir baş barmağı buruna da yüngülcə (zərbəsiz) toxundurmaq olar.
Oyun qaydalarının pozulmaması və intizamsızlığın yaranmaması şərtilə. Sayı ardıcıl və düzgün olaraq yerinə yetirən çaşmayan oyunçu qalib gəlir. Oyunda əl və qol əzələləri inkişaf etdirilməklə bərabər, uşaqlarda diqqətli olmaq, müvazinət saxlamaq keyfiyyətləri də inkişaf etdirilir.
Qıflı çərpələng
Yaş: 9-12
Kağızdan 19 qıf düzəldilir. Sapı bu qıfların ortasından aparıb üç köndələn ağacdan keçirilir. Bu zaman qarşınızda gözəl çərpərəng düzümü görəcəksiniz.
Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"