Nə oxşarı var
Yaş: 10-16
Oyunçuların sayı: 6-12
Uşaqlar dairə vurub otururlar. Biri ortada durur. Ortadakı uşaq ürəyində bir şeyin adını tutur və nə tutduğunu başqa uşaqlardan soruşur. Uşaqların hər biri öz mülahizələrinə görə bir söz deyir. Hamı öz sözünü dedikdən sonra ortadakı uşaq ürəyində tutduğu sözü deyir. Hər bir uşaq "ürəkdə" tutulan sözlə dediyi söz arasında olan oxşarlığı və münasibəti tapmalıdır.
Oyunun gedişi: Dairənin ortasında dayanmış oyunçu digər oyun iştirakçılarına müraciət edərək onlardan soruşur:
- Uşaqlar, nəzərimdə bir söz tutmuşam kim tapar o nədir?
Uşaqlar öz əqlinə görə bir söz deyir. Məsələn: biri deyir – ay, o biri – ağac, üçüncüsü – durna və s. Hamı sözünü deyib qurtardıqdan sonra ortadakı uşaq deyir:
- Mən ürəyimdə "alma" sözünü tutmuşdum, deyin görək, almanın siz deyən sözlə əlamətlərinə görə nə əlaqəsi var?
Hər uşaq öz dediyi söz ilə "alma" arasında əlamətinə görə bir əlaqə tapmağa çalışır. Məsələn: birinci uşaq deyir: ayda dəyirmidir, alma da, ikinci uşaq: alma ağacda bitir, üçüncüsü: durnada alma kimi gözəldir və i.a. Söz tapa bilməyən uşaq uduzmuş hesab olunur.
Seçim qarşısında
Yaş: 10-16
Oyunçuların sayı: 5-10
Uşaqların hər biri özünə bir sənətkar adını qoyur. Dəmirçi, mühəndis, kosmonavt, müəllim və s. Uşaqlardan biri ortaya çıxır və bir hekayə danışır. Arada bir dayanır, oyunçulardan birinə baxır və təklif edir ki, sənəti üzrə hər hansı bir əşyanın adını desin. Bu qayda ilə tez-tez üzünü bu və ya digər uşağa tutaraq sənəti haqqında məlumat verməyi tələb edir. Bu zaman sənətlə bağlı uşaq istər-istəməz sənəti ilə yanaşı onunla heç bir əlaqəsi olmayan sözlər də işlədərək bəzən də mənasız və gülməli vəziyyətdər də meydana çıxır, uşaqlar gülüşürlər.
Bu uşaqları düşündürür. Seçdiyi sənət barədə daha ətraflı və ona uyğun sözlər deməyə ciddi səy göstərirlər. Göstərilən xarakterli oyunların təşkili və keçirilməsi uşaqlar üçün xüsusi əhəmiyyət kəsb edir. Əvvəla, uşaqlar sənət-peşə aliminə bir daha diqqət yetirir. Sənətlər arasında özünə özünəməxsus seçim edir. Yaxşı sənət və yaxşı sənətkar haqqında düşünür, məlumatlanır, gələcək həyat üçün vacib olan sənətləri götür-qoy edir. Onu bildiyi kimi səciyyələndirməyə cəhd edir. Bütün bunlarda uşaqlar üçün peşəyönümü istiqamətində təcrübəsini artırır.
Peşəyönümü seçimində baş verə biləcək nöqsanların qismən də olsa, aradan qaldırılmasında əhəmiyyətlidir.
Söz düzəlt
Yaş: 12-16
Oyunçuların sayı: 5-10
Uşaqlar otaq boyu otururlar. Bir uşaq qabağa çıxır, əllərindəki yaylığı uşaqlardan birinə atır və bir heca deyir: yaylığı tutan uşaq o hecanın üstünə yeni heca əlavə edib bir söz düzəltməlidir. Məsələn, uşaq "ya" hecasını əlavə edib "taya" sözünü düzəltməlidir.
Yaylığı tutan uşaq söz düzəltdikdən sonra özü də bir heca deyib yaylığı başqa yoldaşa atmalıdır.
Əgər bu və ya digər uşaq söz düzəldə bilməzsə, yaylıq ondan alınır və başqa yoldaşa verilir. Bütün bunlar uşaqları hazırcavablığa hazırlayır. Sözləri mənasına görə vurğulamağa alışdırır.
Bərk üfür
Yaş: 8-12
Oyunçuların sayı: 4-6
Oyunçular kağızdan bir neçə qıf düzəldirlər. Müvafiq məsafədə olan ağaca bir neçə sap bağlayır və qıfları saplardan keçirirlər. Hər bir uşaq sapın birinin ucundan tutub qıfı üfürür.
Üfürməklə qıfı daha tez çatdıran oyunçu oyunun qalibi hesab olunur. Qıfın üfürülməsi komanda ilə eyni vaxtda icra olunmalıdır. Bu oyunda başlıca məqsəd tənəffüs əzələlərini məşq etdirmək və ağ ciyərlərin həyat tutumunu artırmaqdan, asudə vaxtı səmərəli keçirməkdən ibarətdir.
Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"