Qadin.NET / Azərbaycan milli uşaq oyunları-9

Azərbaycan milli uşaq oyunları-9

Azərbaycan milli uşaq oyunları-9

Gizlən bac

Yaş: 8-10

Oyunçuların sayı: 5-10

Uşaqlar sıra ilə düzülür və bir yeri özlərinin məhəllə yeri kimi qəbul edirlər (duracaq yeri). Uşaqlardan biri sıradan irəli çıxır başdan

başlayaraq yoldaşlarını bir-bir göstərərək deyir: ağşanı, qaraşanı, dərbəndi, kişmiş. Hansı uşağa kişmiş sözü düşürsə o uşaq kənara çıxır. Sıradan qabağa çıxmış uşaq yenidən həmin sözləri səsləndirir. Oyun təkrar olunur.

Axırda bir uşaq qalır. Bu uşaq gözünü yumur və üç-dörd…dörd-üç…dörd-beş beş-dörd. Bu zaman digər uşaqlar qaçıb gizlənirlər. Sayan uşaq gözünü açır və yoldaşlarını axtarmağa başlayır.

Hansı uşağı görürsə və ya tapırsa gəlib əlini məhəlləyə vurur və deyir: "əlim məhəllədə". Tapılan uşaq gəlib məhəllədə dayanır. Qaçan

uşaqlar da öz tərəflərindən məhəlləyə doğru gəlməyə başlayırlar. Həmin uşaqlar çalışır ki, axtaran uşaqdan xəlvət gəlib özünü öz

məhəlləsinə çatdırsın. Çatan uşaq əlini məhəlləyə vurub "əlim məhəllədə" deyir. 

Axırıncı uşaq tapılıncaya qədər oyun davam edir. Kim axıra qalırsa, oyunu uduzmuş olur və gözü yumulan uşağın yerinə keçir.

Oyun yenidən başlanır.

 

Azərbaycan milli uşaq oyunları-9

 

Uçdu-uçdu

Yaş: 8-10

Oyunçuların sayı: 5-10

Uşaqlar dairə vurub otururlar. Biri başçı olur. Başçı hər hansı bir quşun adını çəkərək, "uçdu, uçdu" deyir və barmağını yuxarı qaldırır. Yerdə qalan uşaqlarda hamı birdən "uçdu" deyib barmaqlarını qaldırır. Başçı arada uçmayan bir cismin adını deyib (inək nədi!) barmağını qaldırır. Kim yanılıb barmağını qaldırsa və ya "uçdu" deyib səs çıxararsa, oyunu uduzmuş hesab olur. Oyun aşağıdakı qayda ilə davam edir. Məsələn:

Başçı: Uçdu, Uçdu!

Uşaqlar: Uçdu!

Başçı: Sərçə uçdu!

Uşaqlar: Uçdu!

Başçı: Toyuq uçdU!

Uşaqlar: Uçdu!

Başçı: Qaranquş uçdu!

Uşaqlar: Uçdu!

Başçı: Kənd uçdu!

Uşaqlar: Yox, yox, yox!

Azərbaycan milli uşaq oyunları-9

Oyunların məzmununun şərhi

Oyunlar söz, əyanilik, müşahidə metodları ilə uşaqlara izah oluna bilər. Ümumiyyətlə, oyunların şərhi onun əyani olaraq göstərilməsi ilə başa çatmalı, sonra isə bir neçə dəfə nümayiş etdirilməlidir, yəni keçirilməlidir.

İzah elə olmalıdır ki, uşaqların hamısı oyunun keçirilmə qaydalarını, xalların verilməsini, aparıcının vəzifələrini, hakimlərin vəzifələrini, oyunda qalibgəlmə şərtlərini bilsinlər. Yaxşı olar ki, müəllim və ya oyunu izah edən böyük əvvəlcə sınaq oyunu keçirsin, buraxılmış

nöqsanları göstərsin.

Oyunu izah edərkən uşaqları elə düzməli və izah edən (müəllim) elə yerdə durmalıdır ki, uşaqların hamısı onu yaxşı görsün və dediklərini aydın eşitsinlər. Oyunun izahı və göstərilməsi birbaşa meydançada, oyun başlanan yerdə təşkil olunmalıdır.

İzahat qısa, aydın və başa düşəcəyi tərzdə olmalıdır. Tanış oyunun isə geniş və ətraflı izahına ehtiyac yoxdur. Bir qayda olaraq oyun bir neçə dəfə təkrar olunur. Oyundan sonra buraxılmış nöqsanlar uşaqların nəzərinə çatdırılır, qaydaları pozan uşaqların adı çəkilir, onlar məzəmmət olunur.

Oyunun qaydalarını mütəmadi olaraq pozan uşaqlar oyundan kənar edilir və ya məzəmmət edilir və yaxud da onlara xəbərdarlıq edilir. Oyunun izahı zamanı uşaqların əhval-ruhiyyəsi, yorğunluğu, marağı və həmin oyuna münasibəti, idman fəallığı nəzərə alınmalıdır.

Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"

15 sentyabr 2016
GO BACK