Qadin.NET / Azərbaycan milli uşaq oyunları-4

Azərbaycan milli uşaq oyunları-4

Azərbaycan milli uşaq oyunları-4

İki şəhər

Yaş: 10-14

Oyunda 10-20 uşaq iştirak edir.

Oyun yerində bir düzbucaqlı çəkilir. Düzbucaqlının ortasından və kənarlarından düz xətlər çəkilir. Kənar hissələrdəki xətlər ortadan çəkilmiş xəttin sağ (sol) hissəsindən kiçik olmalıdır. Bu şərti olaraq "şəhərcik" adlanır. Beləliklə, hər iki tərəfdə bir "şəhər" yaranır.

Uşaqlar iki bərabər dəstəyə bölünür və ortadakı xətt üzrə hər iki tərəfdə arxa- arxaya dururlar. Hər dəstənin bir rəhbəri olur. "Yaş" "quru" deyib püşk atırlar. Uduzan tərəf qaçır, o biri tərəf qovur. Bir dəstənin uşaqları qaçarkən o biri dəstənin uşaqları onları tutub "əsir" almağa çalışırlar. "Əsir" almaq üçün əl ilə toxunmaq kifayətdir. Əsir düşənlər oyundan çıxarılır. İkinci dəfə püşk atırlar və oyun əvvəlki qayda ilə davam edir.

Bir tərəfin uşaqları tamam "əsir" alındıqdan sonra oyun bitir. Şəhərə çatdıqda və ya şəhər xəttini keçdikdən sonra əsir götürmək

olmaz. Oyun yerinə və iştirakçıların sayına uyğun olaraq dördbucaqlı çəkilir.

Qaçdı tutudu

Yaş: 10-14

Oyunda 10-20 uşaq iştirak edir.

Uşaqlar dairə təşkil edirlər. İki uşaq dairə kənarında qalır. Biri qovur, o biri qaçır. Qaçan uşaq dairəyə daxil olub uşaqlardan birinin yanında dayanır. Bunun sağ tərəfindəki uşaq dairədən çıxıb əvvəlki uşağı qovmağa başlayır. Qaçan uşaq dairəyə girir. Onun sağındakı uşaq isə dairədən çıxaraq dairədən kənardakı uşağı qovmağa başlayır və bu qayda ilə davam edir. Oyunu 4-5 dəfə təkrar etmək olar.

Gözbağlıca

Yaş: 10-16

Oyunda 10-30 uşaq iştirak edir.

Oyun ləvazimatı: fit və qayış (dirə). 

Azərbaycan milli uşaq oyunları-4

Uşaqlar əl-ələ tutub dairə düzəldirlər. İki uşaq ortaya çıxır. Birinə fit, o birinə dirə (qayış) verilir. İkisinin də gözü öz yaylıqları ilə bağlanır. Uşaqların biri fit çala-çala qaçır. O biri qayışla onu vurmağa çalışır. Dairədə olan uşaqlar onları dairə xaricinə buraxmırlar. Fit çalan uşağa qayış dəyirsə, bu vaxt uşaqlar yerlərini dəyişdirirlər. Bu oyunu dirəsiz qayışsızda oynamaq olar: bu halda ikinci uşaq birinci uşağı tutmağa çalışır. Uşaq tutulduqda yerlər dəyişir. Oyun beləliklə davam edir.

Balıq ovu

Yaş: 10-14

Oyunda 16-20 uşaq iştirak edir. 

Oyun meydançada aparılır, meydançanın bir tərəfində dairə çəkilir, bu dairə "balıqçı evi" adlanır. Uşaqlar iki dəstəyə bölünürlər: "balıqlar" və "balıqçılar".

"Balıqlar" meydançada o tərəfə, bu tərəfə gəzişirlər. "Balıqçılar" əl-ələ tutub dairə təşkil etməklə gəzişərək "balıqları" tutmağa başlayırlar.

Dairə ilə hərəkətdə olan uşaqlar balığa yaxın gəldikdə qəflətən onu əhatə edib dairəyə alırlar. Balıq "çırpınaraq" dairəni yarıb çıxmağa

çalışır. Dairədən çıxa bilməyən balıqlar tutulmuş hesab edilir. Tutulmuş balığı meydançadakı dairə içərisinə "balıqçı evinə" salırlar. Tutulmuş balıqlar balıqçı evindən kənara çıxmamalıdır. Oyun bu qayda ilə davam edir.

Bütün balıqlar tutulduqdan sonra uşaqlar yerlərini dəyişdirirlər. Balıqlar balıqçı yerinə, balıqçılar isə balıqların yerinə keçirlər.

Oyun qaydalarında dəyişikliklər etməklə həmin oyunu başqa variantda da təşkil etmək olar. Yəni tutulanları "balıqçı evi"-ndə saxlamaq deyil, onların balıqçı uşaqlara qoşulub ovla məşğul olmaları nəzərdə tutulur. Bu variant oyun müddətində bütün uşaqların hərəki

fəallığının yüksəldilməsi üçün çox vacibdir.

Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"

19 iyun 2016
GO BACK