Gilas
Bax, bu ağac gilasdı,
Yaz gəldi bu ağacın
Budağından gül asdı.
Sonra güllər büküldü,
Ləçəkləri töküldü.
Yaşıl-yaşıl düymələr
Böyüdü gilas oldu.
Sırğa-sırğa damcılar
Budaqlardan asıldı.
Hesab dəftəri
Bu vurma cədvəlidi,
Bu vurulan, bu vuran.
Yeddi çox gülməlidi,
Onun beli əyridi.
Sən birə bax, birə bax,
Uzundraz, yaramaz.
Hansı rəqəmə vursan,
Ona təsiri olmaz.
Çəmbərquyruqdu iki,
Yoxsa əyribaş atdı?
Kimə vurdu özünü
İki dəfə çoxaltdı.
İki dəfə üç altıdı,
İki səkkiz on altı.
İki dördə vuruldu,
Dördün keyfi duruldu.
İki dənə dörd oldu,
Dörd dənə iki oldu.
Altı qaz üzür göldə,
Bu da ki, ovçu İki.
Çaxmağı çəkən kimi
Qazlar oldu on iki.
Sehrli çubuğunu
Üçə sarı uzatdı.
Üç qıvrıldı, açıldı,
Çevrilib oldu altı.
Dovşan və köpək
Sarı dovşan bostandan
Qarpız oğurlayanda
Keşik çəkən boz köpək
Duyuq düşdü bir anda.
Yüyürdü hürə-hürə:
"Bu bostana kim girə?"
Yumaq kimi büzüşüb
Dovşan kola girmişdi.
Boz köpək ona baxdı
Elə bildi yemişdi.
Bir az sərçəyə hürdü,
Bir az kölgəyə hürdü.
Gəlib çardağın altda
Yenə yerinə girdi.
Uzundərə
Yaz gəlmişdi bağça-bağa,
Quşlar oxuyurdu: cik-cirik!
Dimdik sola, quyruq sağa
Rəqs edirdi bir sərçəcik.
Tülkü baxırdı quşlara
Ağzının suyu axırdı
Deyib sərçəni çağırdı.
-Uzundərə oynayıram
Sən də öyrən qaydasını.
Bax beləcə rəqs eləsən,
Görəcəksən faydasını.
"Fayda" sözünü eşidib
O, şəklədi qulağını
Sağa çəkdi kəlləsini,
Sola atdı ayağını.
Tozu qaldırdı göylərə,
Çəmənliyi ayaqladı.
Şappıltıyla dəydi yerə,
Durub yenə oynaqladı.
Quşlar çaldı, o oynadı
O oynadı, quşlar çaldı.
Arada mayallaq aşdı,
Səntirlədi neçə kərə.
Dedi:-nə vaxt qurtaracaq
Nə uzundu Uzundərə?!
Çırpıb körpə qanadını
Quşlar ona çaldı çəpik.
Baxıb tülkünün halına
Doyunca güldü sərçəcik.
Müəllif: Zahid Xəlil