“Təbiət qəhrəmanları” və ya ingiliscə adı “Epik” olan animasiya filminin mövzusu qismən Villiam Joysun “Yarpaq adamlar və cəsur, sevimli böcəklər” (“The Leaf Men and the Brave Good Bugs”) əsərindən götürülüb.
Film 2013-cü ildə çəkilib. İstehsal edən ölkə ABŞ-dır. Janr etibarilə macəra və komediya janrına aiddir. Filmin rejissoru “Robotlar” və “Buz dövrü” animasiya filmlərinin rejissorluğunu edən Kris Vedgdir (Chris Wedge).
Meri Ketrin adlı qızın valideynləri ayrılıb. O, özünü Em Key adlandırır və bir müddət atasının yanında qalmalıdır.
Atası isə daim meşədə yaşayan kiçik adamabənzər canlıların olduğu sübut etməyə çalışır. Anası da məhz buna görə atasından ayrılıb. Meri də atasına inanmır və artıq atasının yanına gəlməkdə peşmanlıq hissi keçirməyə başlayır.
Çünki atası ancaq öz işi ilə məşğuldur və o kiçik canlıları axtarır.
Meşənin hər bir tərəfinə kameralar qoymuş və gecə-gündüz onları izləməyə çalışır.
Qızına demək olar ki, elə ilk gündən vaxt ayırmır.
Meri Ketrin də ona görə geri qayıtmaq qərarına gəlir.
Amma evdən çıxarkən başına inanılmaz bir hadisə gəlir. Nə? Bax, bunu uşaqlarınızla izləyərkən görərsiniz.
Bu animasiya filmi cəmi 102 dəqiqədir.
İlk də 2013-cü ilin 30 mayında izləyicilərə təqdim edilmişdir.
Ümumi büdcəsi 100 mln dollar olsa da, film 238217460 ABŞ dolları xeyir gətirmişdir.