Kağız kuklalar xəbərimin ikinci hissəsini sizlərə təqdim etmək istəyirəm. Bu iş vərəqlərini təqdim edərək sizlərə oyunların uşaq həyatındakı rolunu az da olsa, izah etməyə çalışıram. Düzdür, çoxunuz bu barədə məlumatlısınız. Amma danılmaz bir faktdır ki, bir çox gənc analar müəyyən səbəblər üzündən uşaq tərbiyəsi barədə məlumatsız olur. Bu səbəblər də şəxsinə görə təbii ki, dəyişir. Mənim məqsədim bilənlərin dəstək olması, bilməyənlərin isə öyrənməsidir. Axı həyat paylaşdıqca gözəldir və bilik, elm paylaşdıqca artır. Molla Nəsrəddin demişkən, bilənlərimiz bilməyənlərimizə öyrətsin. Ümid edirəm ki, uşaqlara dair qoyduğum xəbərlərin hər biri bir nəfər üçün də olsa, faydalı olar.
Buyurub, iş vərəqləri ilə tanış ola bilərsiniz.
Şəkillərdəki kukla uşaqları kardona yapışdırın ki, oyuncağınız daha uzun müddətli olsun.
Uşağınız paltarları oyuncağa kor-koranə yapışdırmasın.
Bu işdə ona kömək olun.
Məsələn, ondan paltarın rəngini soruşa bilərsiniz və ya niyə sırf onu seçdiyini soruşun.
Ona kağız kuklası üçün özünün paltar çəkməyini təklif edin.
Beləcə, onun həm əl qabiliyyəti yaxşılaşacaq, həm də estetik zövqü inkişaf etməyə başlayacaq.
Uşaqlarımızın inkişafı üçün əlimizdən gələni etməliyik.