Qadin.NET / Tülkü və Aslan

Tülkü və Aslan

Tülkü və Aslan
Meşələr kralı Aslan bərk acmışdı. Neçə gün idi ki, əlinə ov keçmirdi. Qalxıb ov dalınca getdi və gördü ki, gölün kənarında bir fil var. Aslan onu başdan-ayağa diqqətlə süzdü və hazırlaşıb hücum etdi. Fil asanlıqla can verənə oxşamırdı. Bir xeyli əlləşib-vuruşdular, nəhayət, fil fürsət tapıb özünü gölə verdi. Aslan suyu süzülə-süzülə qayıdıb yuvasına girdi. Daha heyi qalmamışdı. Az sonra gördü ki, Tülkü harasa gedir. Tez onu çağırdı və dedi:
- Get mənə bir eşşək tap gətir. 
Tülkü “baş üstə” deyib yola düzəldi. Xeyli gedəndən sonra gördü ki, meşənin kənarında arıq bir eşşək otlayır. Tülkü onu dilə tutmağa başladı:
- Eşşək qardaş, burada nə var ki, yeyib qarnını doyurasan. Gəl səni elə yerə aparım ki, ot sənin dizinə çıxsın, istədiyin qədər ye, qarnını doyur.
Eşşəyin Tülküdən xoşu gəlmirdi, buna görə də onun dediklərinə etiraz etdi:
- Niyə ki, mən elə burada tapdığıma da şükür eləyirəm. Qarnımı doyurmasam da, ac da qalmıram. Başqa yerə getmək niyyətim də yoxdur.
Tülkü və Aslan
Tülkü şirin dilini işə salıb axır ki, Eşşəyi yoldan çıxardı və onu Aslanın mağarasına doğru apardı. Eşşəyi görən Aslanın gözlərinə işıq gəldi və yerindən qalxıb nərə çəkdi. Nəriltini eşidən Eşşək üzügeri götürüldü. Tülkü də onun dalınca qaçmağa başladı. Nəhayət, çatıb Eşşəyi saxladı və dedi:
- Eşşək qardaş, nə oldu sənə? Məni qoyub hara qaçırsan?
- Necə yəni, nə oldu? O boyda Aslanın nəriltisini eşitmədin?
-  Nə aslan, nə nərə? Orada səninlə məndən başqa heç kim yox idi.
Tülkü və Aslan
Eşşək and-aman eləsə də Tülkü onu inandıra bildi və Aslanın mağarasına tərəf gətirdi. Aslan bu dəfə tədbirli davrandı, səsini çıxarmayıb gözlədi. Eşşək yaxınlaşanda bir anda onun üstünə atılıb parçaladı. Yeyib qarnını doyurandan sonra dedi:
- Sən burada dur, mən gedib çaydan su içib gəlirəm.
Aslan gedən kimi Tülkü eşşəyin beynini yeyib kənara çəkildi. Çaydan geri dönən Aslan Tülküyə dedi:
- Eşşəyin hər yerini yedim, bircə beyni qalıb, onu da yeyim və gedim yaxşıca yatım.
Amma Aslan baxdı ki, Eşşəyin beyni yoxdu. Tülküdən soruşdu ki, Eşşəyin beynini sən yemisən?
Tülkü dedi:
- Aslan qardan, bir eşşək ki, səni görüb, səsini eşidəndən sonra yenidən öz ayağı ilə gəlib ağzının içinə giribsə, demək, onun heç anadangəlmə beyni yox imiş.
Aslan bir qədər düşündükdən sonra “hmm” elədi, yəni Tülkünün dediklərini təsdiqlədi və yıxılıb yatdı.
6 aprel 2014
GO BACK