Qadin.NET / Uşaqlarla əylənək

Uşaqlarla əylənək

 

Uşaqlarla əylənək

 

Aşağıda qeyd etdiyim şeirlər Ələmdar Quluzadəyə məxsusdur. Ümid edirəm ki, analarımızın da, körpələrin də xoşuna gələcək.smile

Qaratoyuq

Sanki batıb

Qıra toyuq,

Qaratoyuq.

Toyuqdursa,

Niyə çıxmır

Tara toyuq?

Qar görəndə

Gah baş vurur

Qara toyuq.

Gah ilişir

Tora toyuq.

Tapa bilmir,

Bircə gilə

Qora toyuq,

Qara toyuq.

Ora toyuq,

Bura toyuq.

Hara getdi

Qara toyuq?

Uşaqlarla əylənək

Zəhmətkeş oğlan

Zəhmətlə öyrədibdir,

Ana gündə Hikməti.

Gündən-günə artıbdır,

Hikmətin də hörməti.

Onun xətri-hörməti,

Başından aşıb-daşdı.

Hikmət lovğalanaraq

Anasına yanaşdı:

-"İndən belə bir dəfə

Evi töküb-dağıtsam,

Onda töhmət ver mənə,

Mən zəhməti sevirəm,

Ana, zəhmət olmasa

Gündə zəhmət ver mənə."

Uşaqlarla əylənək

Səadətin beş yaşı

Hələ oyuncaqlara

Qarışıb onun başı.

Səadətin cəmisi

Beş yaşı var, beş yaşı.

Beş dənə gəlinciyi

Yığır bircə xurcuna.

Balaca noğulların

Beşi sığır ovcuna.

Yavaş-yavaş biz ona

Öyrədirik yavaşı.

Kim bilir Səadətin

Beş yaşı var, beş yaşı?

O tullanıb düşəndə

Evdə taxça oynayır,

Gündə babası ilə

“Bağça-bağça” oynayır.

Ona bir söz demirlər

Mərifətin üstündə.

Babanı danlayırlar

Səadətin üstündə.

Daha yemək yeyəndə

Axmır gözünün yaşı.

Axı bu qəşəng qızın

Beş yaşı var, beş yaşı.

Uşaqlarla əylənək

Navalça

Evlərin damlarında

Damlalar qava çalar.

Damlaları bir yerə

Toplayar navalçalar.

Çiçək açan budaqlar

Oxşayar xonçalara,

Sərçələr çimmək üçün

Cumar navalçalara.

Navalçanın əlindən

Alıb göz alçaları.

Qızlar navalçalardan

Doldurar dolçaları.

Navalçanın altında

Sərinləyər xalçalar,

Xalçaların əlinə

Su tökər navalçalar.

Bir də baxıb görərik

Gülür güllü baxçalar.

Doyunca su içirib

Bağlara navalçalar. 

Uşaqlarla əylənək

Aralıqda işləyirəm

Nənəm deyir:

-Babana çay

Süzüm apar.

Babam deyir:

-Gəl nənənə

Üzüm apar.

Babam deyir:

-Yüyür bura

Alma verim.

Nənəm deyir:

-Əlini yu

-Dolma verim.

Biri deyir:

-Gözüm, gətir,

Qızım, apar.

Biri deyir:

-Qızım, gətir,

Quzum, apar.

Mənə papaq

Daşıtdırıb

Mənə yaylıq

Şəllədirlər.

Bu nənəmlə

Babam məni,

Aralıqda

İşlədirlər.

4 aprel 2014
GO BACK