Bu gün balalarınız üçün saatla bağlı hesablamalar yerləşdirmişəm. Ancaq bir şeyi unutmayın: 0-6 yaş uşaqlara saatı öyrətməyə tələsməyin. 6 yaşına qədər uşaqlara saatı öyrətmək yerinə bəzi zamana aid ifadələri işlətmək lazımdır. Uşağa gecə-gündüzü, işdən qayıdarkən artıq qaranlıq olduğunu, çox sevdiyi cizgi filmini gecə olanda artıq bitdiyini, yalnız hava işıqlı olanda nümayiş etdiriləcəyini izah edə bilərsiniz. Evdə görülən işlərin hansının gecə, hansının gündüz olduğunu uşağa xatırlatmaq onun zamanla bağlı qavrayışını inkişaf etdirmək üçün ən böyük köməkdir. Bunu başqa yolla da edə bilərsiniz. Məsələn, yuxudan durub əl-üzümüzü yuyuruq, sonra diş fırçalayırıq, daha sonra yemək yeyirik. Bacardıqca gördüyü işləri hər gün eyni ardıcıllıqla yerinə yetirməsi üçün uşağa kömək edin. Yaxud, saatı bilməyən uşaq üçün saat 9:15-də "Bax, saat qollarını quş kimi açıb. Sən bu saatda yatırsan" deyərək uşağın saata qarşı fikirlərini formalaşdıra bilərsiniz. Saatın 12:00 və yaxud 12:30-da olan formasından da istifadə edə bilərsiniz. Yenə deyirəm, hər uşaq özünəməxsus yaddaşa malikdir. Uşaqlarınıza hər şeyi əyləndirərək və qərarlarınıza sadiq qalaraq öyrədin. Uğurlar.
Aşağıda göstərilən rəsmləri birlikdə səsləndirin.