Baron Münhauzen
Təqribən iki yüz il bundan əvvəl Almaniyada baron Münhauzen adlı bir nəfər yaşayırdı. O, başına hörüyü olan pudralanmış parik qoyar,çox bəzəkli geyinərdi. Axşamlar dostları və qonşuları onun yanına gələr və baxarının qabağında qonaqsevər ev sahibinin söhbətlərinə qulaq asardılar. Baron bir vaxtlar hərbi xidmətdə olmuş,çox ölkələrə səyahət etmişdi. Onun xatirələri həmişə gurultulu gülüşlərə səbəb olardı, çünki gənc baronun başına gələn əhvalatlar çox aölasığmaz görünərdi. Guya bir dəfə baron ov zamanı gülləsi olmadığı üçün maralı albalı tumu ilə yaralayıbmış. Bir ildən sonra o yenə də həmin marala rast gəlir və görür ki, maralın başında yetişmiş meyvələri olan gözəl bir albalı ağacı bitib. Buu dəfə ovçu həm maral əti yeyir, həm də albalı kompotu içir.
Münhauzenin başına gələn məzəli macəralar haqqında kitabı alman yazıçısı E.Raspe yazmışdır. Bəzi alimlərin fikrincə, Raspe bir vaxtlar doğrudan da həyatda olmuş baron Münhauzenin söylədiklərini qələmə almışdır. Bəzi alimlər isə güman edirlər ki, Raspe lovğa döyüşçü haqqında xalq arasında yayılmış gülməli əhvalatları toplamış və onları özünün uydurduğu baron Münhauzenin adından vermişdir.
Basketbol
"Basket" ingilis dilində "səbət" deməkdir. Bu oyun yenicə əmələ gələrkən, müasir basketboldakı torlu halqa əvəzinə, divara dibi çıxarılmış səbət bərkidərdilər. "Bol" isə ingilis dilində "top" deməkdir. Basketbol topu futbol və voleybol topundan fərqlənir. O daha böyük və daha ağırdır. Çoxları belə fikirləşirlər ki, guya basketbol oynamaq üçün hökmən ucaboy olmaq lazımdır. Əlbəttə, basketbolçu üçün ucaboyluğun böyük əhəmiyyəti var, axı ucaboy oyunçu topu səbətə daha asanlıqla atır. Lakin ortaboy və alçaqboy uşaqlar da yaxşı basketbolçu ola bilərlər. Oyunda hər şey zirəklikdən və dözümlülükdən asılıdır. Oyunun məqsədi əl ilə topu lövhəyə bərkidilmiş səbətə salmaqdır. Oyun ölçüsü 26x14 metr olan hamar dördbucaqlı meydançada iki komanda arasında keçirilir. Hər komandada beş əsas və beş ehtiyat oyunçu olur: mərkəz oyunçular, hücumçular və müdafiəçilər. Top oyunda səbətə düşmüşsə, topu atan komanda iki xal, 6, 25 metr məsafədən uzaqda atılmışsa 3 xal qazanır. Səbətə salınmış cərimə topu isə yalnız bir xal qazandırır. Oyun hər biri 20 dəqiqə sürən iki hissədən ibarətdir. 13-14 yaşlı uşaqlar hər hissədə 12 dəqiqə oynayırlar. Topu ayaqla və ya yumruqla vurmaq olmaz. Rəqibi tutub saxlamaq və yaxud itələmək qadağandır. Basketbolla məşğul olmaq hərəkətləri nizama salır, tənəffüs orqanlarını və qan dövranını yaxşılaşdırır, sinir sisteminin funksiyasını tənzimləyir, əzələləri inkişaf etdirir, sağlamlığı möhkəmləndirir.
Bastiliyanın alınması
O isti iyul səhəri Paris qeyri-adi həyacan içində idi. Küçələr izdihamla dolmuşdu. Fəhlələr, sənətkarlar, tələbələr, ticarət işçiləri – hamı şəhərin mərkəzinə, keçmişdə qala olmuş nəhəng boz binaya – Bastiliya həbsxanasına tərəf tələsirdi. Ardı-arası kəsilmədən “İrəli!” çağırışları eşidilirdi. Havada insan dənizi üzərində bıçaqların polad tiyələri, iti uclu nizələr parıldayırdı. Kimi muşket (fitilli tüfəng), kimi də balta, yaxud dəyənəklə silahlanmışdı. Bəzilərinin pistoletləri var idi. Bir çoxları hasardan qopardılmış kərpiclərlə, ya da küçələrə döşənmiş daşlarla silahlanmışdılar. Kilsələrin iri zəngləri, təbillər həyəcanla, aramsız çalınırdı: “Bastiliyaya!”
Bu da Bastiliya: səkkiz uca daş qüllə, 30 metr hündürlüyündə, yuxarısı diş-diş qala divarları, qalanın dövrəsində qazılmış dərin xəndək, xəndəyin üstündə zəncirlərlə qaldırılıb-endirilən körpü. Fransa kralları vaxtilə bu qalanı paytaxtın medafiəsi üçün tikdirmişdilər. Lakin sonralar ondan başqa məqsədlə istifadə olundu: kral mütləqiyyəti əleyhinə mübarizə aparanlar və ya az da olsa hökumətdən narazılıq edənlər Bastiliyaya salınırdılar. Burada, dəmir qapılı dar daş qəfəslərdə zəncirlənmiş dustaqlar illərlə saxlanılırdı. Aclıq, soyuq, qaranlıq, işgəncələr...Bastiliyaya düşmüş adam həmişəlik yox olurdu.
1789-cu il iyulun 14-də Paris sakinləri kral mütləqiyyətinə qüvvətli zərbə vurdular. Bastiliyanın alınması ilə başlanan inqilab nəticəsində xalq aristokratiyanın zülmündən xilas oldu. Bu, böyük qələbə idi. Fransız xalqı indi də bu qələbəni əziz tutur, 1880-ci ildən hər il iyulun 14-ü Fransada milli bayram kimi qeyd olunur.
Bataqlıq
“Nə qurudur, nə dəniz, burada siz gəzə də bilməzsiniz, üzə də bilməzsiniz” . Tapdınızmı nədir? Əlbəttə, bataqlıq.
Planetimizdə çoxlu bataqlıqlar var. Çox vaxt bataqlıqlar durğun su hövzələri olan çökəkliklərdə əmələ gəlir. Axarsız bir gölü təsəvvürünüzə gətirin. Bu göldə su keçirməyən gil qatı, yaxud qayalıq suyun dərinliyə süzülüb keçməsinə imkan vermir. Su burada yığılıb qalır, get-gedə onu qamış, yosun, mamır və müxtəlif su bitkiləri basır. Qışda bu bitkilərin yaşıl hissəsi məhv olur, yayda isə yeniləri bitir. Beləliklə, illər keçdikcə gölün səthində qalın bitki qalıqları qatı əmələ gəlir ki, bunun üzərində gəzmək çox təhlükəlidir.
Bataqlıqların öz bitki və heyvanat aləmi var. Burada mamır, qamış, qumotu, mərcanı, sarı böyürtkən və s. Bitir, qaban, sığın, bataqlıq quşları, qurbağa, ilan, zəli, iynəcə, hünü, ağcaqanad və s. yaşayır.
Bataqlıqlarda mal-qara otarmaq, əkin əkmək mümkün deyil. Ağcaqanadlar malyariya xəstəliyi yayır. Lakin elə gümün etməyin ki, bataqlıqların heç bir xeyri yoxdur. Əvvəla, bataqlıqlar özlərində külli miqdarda rütubət saxlamaqla çayların çoxunda suyun səviyyəsini saxlayır. İkincisi, bitki qalıqları suyun dibində, havasız yerdə çürüyüb, torfa çevrilir, torf isə çox qiymətlidir. Onu elektrik stansiyalarının ocaqlarında yandırırlar. Torfdan tarlada gübrə kimi, kimya zavodlarında isə xammal kimi istifadə edilir. Torfu tikintidə də işlətmək mükündür. Bataqlıqlar qurudulan yerlərdə torpaq çox məhsuldar olur.
Batiskaf
Dinamikdə uzaqdan səs eşidilir. “Suyun dibinə 50 metr, 45 metr,...qalır”. Yuxarıda gəminin kapitan körpüsündə dayananlar diqqətlə bu səsə qulaq asırlar.
Okean üzərindən buludlar keçir, dalğalar köpüklənir, aşağıda isə qaranlıq və sakit okeanda batiskaf (yunanca bathyc – dərin, skaphos – gəmi deməkdir) – dərinlik gəmisi yavaş-yavaş suyun dibinə enir. O, sualtı qayığa oxşayır, lakin onun uzunsov gövdəsi hava ilə yox, benzinlə doldurulub. Burada hava yaramır: çox böyük dərinlikdə suyun təzyiqindən batiskaf konserv bankası kimi əzilə bilər. Benzin isə həm təzyiqə yaxşı davam gətirir, həm də sudan yüngüldür. Odur ki, benzinlə doldurulmuş gövdə batiskaf üçün üzgəc vəzifəsini daşıyır. Hava isə yalnız batiskafın alt hissəsindəki polad kürənin (qondolanın) içində olur. Adamlar və tədqiqat cihazları da bu hissədə yerləşir.
1960-cı ildə İsveçrə alimi Ogüst Pikkarın düzəltdiyi “Triyest” batiskafı Sakit okeanın ən dərin yerlərindən birində - Mariya çökəkliyində suyun dibinə enmişdi. Dəniz zabiti Don Uolş və alimin oğlu Jak Pikkar 10919 dərinliyinə çatmışdılar.Bu dərinlik rekord idi.
Bax İohan Sebastyan
(1685-1750)
Almaniyada Bax familiyalı musiqiçilər nəsli qədim nəsildir. Hələ 16-cı əsrdə çörəkçi Feyt Bax un dəyirmanının cırıltısı altında həvəslə sitra (üzərinə simlər çəkilmiş üçkünc qutu şəkilli musiqi aləti) çalırdı. Bütün sonrakı Baxlar da musiqiçi idilər. Buna görə də İohan Sebastyan Bax anadan olanda heç kəs şübhə etmirdi ki, o da musiqiçi olacaq. Doğrudur, o vaxt təsəvvür etmək çətin idi ki, Sebastyan nəinki Baxlar nəslinin, eləcə də bütün alman xalqının ən gözəl musiqi ənənələrini öz əsərlərində əks etdirəcəkdir.
Erkən yaşlarından yetim qalmış Sebastyanın ilk müəllimi onun böyük qardaşı Xristofor olmuşdur. O, elə bir quru, darıxdırıcı adam idi ki, onun öyrətdiyi musiqiyə uşaqda həvəs oyanmırdı. Sebastyan başqa evlərdə də olur və görürdü ki, musiqi təkcə onun qardaşının cansıxıcı çalğısından ibarət deyil. O, bütün varlığı ilə əsl musiqiyə can atırdı. Qardaşı yuxuya gedəndən sonra Sebastyan evdəki böyük şkafa yaxınlaşardı. Bu şkafda "əsl musiqi" gizlədilmişdi. Uşaq əlini şkafın çərçivəsindən içəri salar, notları lülə şəklində bürmələr və çərçivənin arasından çıxarardı. O, bir neçə ay dalbadal ay işığında gözləri ağrıyanacan bu notları köçürərdi. Elə buna görədir ki, Sebastyan gözlərini həmişəlik korlamışdı.
Bir dəfə Xristofor qardaşını "cinayət" üstündə tutdu və not dəfətrini ondan. Nə ağlamaq, nə də yalvarmaq kömək etmədi. Bu dəftər bir də 25 ildən sonra, Xristoforun özümündən sonra Sebastyana qaytarıldı. Lakin artıq dəftər ona lazım deyildi.
Sebastyan 15 yaşından müstəqil həyata başlamışdı. O, xorda oxuyur, orkestrdə skripka, kilsədəd orqan çalırdı. Boş vaxtlarında isə musiqi bəstələyirdi.
Lakin o dövrün cəmiyyəti Baxın musiqisini bəyənmirdi. Aristokratlar onun əsərlərinin dərinliyini və ciddiliyini başa düşmürdülər. Kilsə xadimlərini isə bu musiqinin həddindən artıq canlı, insani və təsirli olması qorxudurdu. Sebastyan Bax həyatının çox ağır keçməsinə baxmayaraq, nə aristokratları, nə də kilsə xadimlərini razı salmaq fikrində deyildi. O, çoxlu musiqi əsəri: xor, solistlər və simfonik orkestr üçün oratoriya və kantatalar, messalar (kilsədə ibadət zamanı xorun ifa etdiyi musiqi əsərləri), süitalar (əsasını rəqs musiqisi təşkil edən dörd müxtəlif hissədən ibarət musiqi əsərləri), prelüdlər (müxtəlif musiqi alətləri üçün yazılmış pyeslər), fuqalar (çoxsəsli mürəkkəb musiqi əsərləri), tokkatalar ( orqan üçün yazılmış iti çalınan musiqi əsərləri), yüzlərlə təkraredilməz melodiyalar bəstələmişdi.
Sonrakı nəsillər də bu musiqi incilərinə lazımi qiymət verə bilməmişdilər. Baxın ölümündən təxminən yüz il sonra onun musiqisini heç xatırlayan da yox idi. Bu musiqini ilk həyata qaytaran alman bəstəkarı F.Mendelson olmuşdur. O vaxtdan bəri Baxın əsərləri musiqiçilərin repertuarında möhkəm yer tutur. Bu əsərlərin ifaçıları təkcə yaşlı musiqiçilər deyil. Dünyanın bütün musiqi məktəblərində uşaqlar Baxın kiçik pyeslərini öyrənirlər.Almaniyanın Leypsiq şəhərində 1950-ci ildən Bax adına Beynəlxalq müsabiqə keçirilir. Həmin müsabiqələrdə Azərbaycan musiqiçiləri də iştirak etmişlər.