Saat xeyli işlədi. Nədənsə bu gözəl saatı dayandırdılar və götürüb yaraşıqlı bufetin gözünə qoydular. Qiymətli saat burada, bu gözəl bahalı büllurların arasında əvvəlcə bir az öyündü. Lovğalandı. Bir dəfə büllur stəkan ondan soruşdu:
- Nə oldu ki, səni dayandırdılar. Axı hey işləyirdin? Səsin aləmi başına götürmüşdü?
Saat dedi:
- Bilirsən, mən çox işləmişəm. Sahibim istəyir ki, bir azca dincəlim. Axı mən tamam qızıldanam. Qiymətliyəm...
Büllur dedi:
- Qızıldan olmağını bilirəm. Mən də büllurdanam. Amma bir iş var ki, saat ki, işləmədi, apar at zibilliyə...
- Mən yenə işləyəcəm, - deyə yazıq saat bir azca çıqqıldadı. Amma səsi o andaca bitdi.
Bir gün bufetdəki qab-qacaqlar qonaqlıqdan qayıtmışdılar. Onlar təmiz yuyulub qurulanmış, yerlərinə yığılmışdılar.
Bir gözəl boşqab dedi:
- Bilirsiniz, bizim bu dostumuzu niyə dayandırıblar?
- Yox, - deyə qablar maraqla qulaq asdılar.
Boşqab saat eşitməsin deyə astadan dedi:
- Ona görə dayandırıblar ki, o düz işləmirmiş. Sahibimiz düzlük sevəndir. Ha çalışıb, ha onun qulağını burdurub, xeyri olmayıb. Axırda da dayandırıb. Gətirib yaraşıq üçün qoyub buraya. Yaraşıq da lazımdır. Amma işə ki, yaramadın, heç nə...
Saat onların pıçıltısını azca eşidib başa düşdü ki, söhbət ondan gedir. Nəfəsini dərib dedi:
- Ey... yoldaşlar, mən tamam qızıldanam ha!.. Yenə də işləyəcəyəm.
Dostlar gülüşdülər.
Qızıl olmaq- qiymətli olmaq deyil. Qiymətli odur ki, işləyəsən, kiməsə xeyir verəsən.