Qadin.NET / Uşaq ensiklopediyası(10)

Uşaq ensiklopediyası(10)

  Arktika 

    Yunanca "arktikos", azərbaycanca "şimal" deməkdir. Şimal buzlu okeanı, onun adaları, Avropa, Asiya və Amerikanın şimal ucqarları Arktika adlanır. Şimal qütbü Şimal Buzlu okeanının mərkəzi hissəsindədir. 

   Qütb dairəsindən qitələrə qədər olan ərazi Mərkəzi Arktikadır. Burada gecə ilin bir neçə ayı davam edir. Qütb gecəsi adlanan bu dövrdə göz işlədikcə uzanan açıqlığı yalnız ulduzlar, Ay və şimal parıltısı işıqlandırır. İlk dəfə mart ayında Günəş görünür. Bu vaxtdan başlayaraq günəşin şüaları Arktikanı gündən-günə daha çox işıqlandırır. Nəhayət, qütb gündüzü başlanır. O da bir neçə ay çəkir. 

   Arktikada yay soyuq olsa da (orta hesabla 1-3 dərəcə istilik), Antarktidanın yayından istidir. Arktikada hər yerdə həyat vardır. Yayda sahildə xırdaca şimal çiçəkləri açır. 

  İnsanlar qədim zamanlardan bu əraziyə çatmağa  səy göstərmiş, bir çox alim və dəniz səyyahı Şimal qütbünə çatmaq üçün ekspedisiyalar təşkil etmişlər. Lakin onların çoxu müvəffəqiyyətsizliyə uğrayıb. Şimal qütbünə yalnız 1909-cu ildə ilk dəfə amerikalı Robert Piri çata bilmişdir. 

  Arktikanın ərazisində yerlilər və ya yerli sakinlər - yakutlar, nenlər, dalqanlar, evenklər, çukçalar, həm də ruslar, ukraynalılar və başqaları yaşayır. Onlar maralçılıq, xəzli heyvan ovu, balıqçılıqla məşğul olurlar, həmçinin təsərrüfatın başqa sahələrində də çalışırlar. Arktikanın xarici ölkələrdəki hissəsində yerli əhali eskimoslardır.

 

  Argentina 

    16-cı əsrdə ispanlar qızıl-gümüş tapmaq ümidi ilə Cənubi Amerikanı işğal etməyə başlamışdılar. Onlar qitənin cənubunda yerləşən ölkəni Argentina - "gümüşlü" adlandırmışdılar. 

  Lakin Argentinada nə qızıl, nə də gümüş tapıldı. Bir neçə əsr bu ölkə Amerikada İspaniya müstəmləkələri arasında ən baxımsız ucqar bir yer olaraq qaldı. 

  Argentina- rəsmi adı Argentina Respublikası, Cənubi Amerika qitəsində yerləşən ölkə. Ümumi sahəsi 2,791,810 kvadrat kilometrdir, əhalisi isə 2001-ci ildə aparılmış rəsmi siyahıya almanın  nəticələrinə əsasən 36,260,130 nəfərdir. 

  Argentina Cənubi Amerika qitəsinin cənub seqmentində, And dağları və Atlantik okeanı arasında yerləşən bir dövlətdir. Sahil xəttinin uzunluğu 4989 kilometrdir. Ərazisinin böyüklüyünə görə Argentina Cənubi Amerika qitəsinin ikinci, dünyanın səkkizinci dövlətidir. 

  Argentinanın paytaxtı Buenos - Ayres hazırda dünyanın ən böyük şəhərlərindən biridir. Əhalinin böyük əksəriyyəti Avropalı miqrantlarla yerli hindular və Afrikadan gətirilən qulların qarışığından yaranıb. Əhalinin 90 faizi katolikdir. Ölkədə ən məşhur idman növü futbol sayılır. Argentina milli futbol komandası bütün dünyada məşhurdur. 

  Argentina əsasən subtropik iqlim qurşağında yerləşir. Qeyd etmək lazımdır ki, bütün cənub yarımkürəsində olduğu kimi Argentinada da fəsillər şimal yarımkürəsindəki gedişatından əksinə baş verir (qışda yay, yayda isə qış). 

  Bunu da qeyd etməliyik ki, unudulmaz sənətkar Rəşid Behbudovun başçılığı ilə Azərbaycan Mahnı Teatrı Argentinada qastrolda olmuşdur.

Uşaq ensiklopediyası(10)

 Artek

   Krımda belə bir qədim əfsanə var : nəhəng bir ayı susayıb dənizə tərəf gəlir. Əyilib su içmək istəyəndə yuxulayır və elə oradaca daşa dönür (Ayı dağı da elə buradan götürülüb). Heç kim bilmir ki, bu qoca ayı neçə əsrdir burada yatır. Lakin bir dəfə onun daş qulağının dibində şeypurlar çalındı, böyründə tonqallar alovlandı, kürəyindəki güclə seçilən cığırlarla uşaqlar yuxarı dırmaşmağa başladılar. Bu 1925 - ci ildə, Sovet hökuməti ölkənin uşaqlarına Ayı dağının yaxınlıgındakı Artek düşərgəsini hədiyyə etdiyi vaxt baş verdi. O zaman burada uşaqlar üçün brezentdən cəmi səkkiz çadır qurulmuşdu. Birinci növbəyə Moskvadan və Krımdan 80 pioner qatılmışdı. Artıq növbəti il düşərgəyə ilk xarici deleqasiya - Almaniya pionerləri gəldilər. 

   Artekdə dünyanın beş qitəsinin 70-dən çox ölkəsindən gələn uşaqlar, həmçinin Azərbaycandan yüzlərlə pioner və məktəbli də dincəlirdi. Səhər-səhər uşaqlar bir-birini müxtəlif dillərdə salamlayırdılar. Hər tərəfdən "Salam ! Dobroye utro ! Quten Morgen ! Labrit !..." sözləri eşidilirdi. 

Uşaq ensiklopediyası(10)

  Artilleriya

    Avropada ilk dəfə top atəşi 6 əsr bundan əvvəl açılmışdır ; bu zaman ərəblər İspaniyanın Saraqossa şəhərini top atəşinə tutmuşdular. Onlar da topçuluğun sirlərini çinlilər və hindlilərdən öyrənmişdilər. 

  O vaxtlar toplar çox sadə quruluşa malik idi : ağac dirək üzərində yoğun dəmir boru, vəssalam, bu da sənin üçün top. Bu toplar ya daş, ya da metal mərmilərlə atəş açırdılar. Mərmi çox uzağa getmirdi. Lakin sərkərdələr artıq başa düşürdülər ki, artilleriyanın böyük gələcəyi var. 

  Orduda artilleriyasız keçinmək mümkün deyil. Əbəs yerə artilleriyanı "Müharibənin allahı" adlandırmayıblar ki! Böyük Vətən mühüribəsində bizim topçular misilsiz şücaət göstəriblər. Bizim şanlı topçularımızın şərəfinə hər il noyabrın 19-da topların yaylim salam atəşi səslənirdi.

 

   Artist

    "Nə gözəl istedadlı artistdir!". Bu sözlər incəsənəti ürəkdən sevən, sənətkarlığın ən yüksək zirvəsinə çatmış hər bir musiqiçi, rejissor, müğənni haqqında deyilir. Lakin  "artist"  sözünü ən çox aktyorlara aid edirlər. (latın dilində "ars" sözü azərbaycanca  "incəsənət" deməkdir).

 

   Azərbaycan teatrının klassiki, görkəmli sənətkar H. Ərəblinskinin dilində  "artist",  "aktyor" sözləri vüqarla səslənmişdi. Aktyor, yaxud artist ictimai xadimdir. O, tamaşaçıları düşündürür, tərbiyələndirir, həyatı daha dərindən dərk etməkdə onlara kömək edir. 

Uşaq ensiklopediyası(10)

  Arxeoloji qazıntılar

   Yer altında olan qədim abidələri - yaşayış yerlərini, məbədləri, qəbirləri və incan əməyinin məhsulu olan digər qalıqları arxeoloji qazıntılar vasitəsilə aşkara çıxarmaq olur. Xalqın tarixi keçmişini qazıntı zamanı maddi mənbələr əsasında öyrənən elmə arxeolojiiya (arxeo - qədim, lojiya - elm deməkdir), bu elmlə məşğul olan alimlərə isə arxeoloq deyirlər. Bu abidələr keçmiş nəsillərdən bizə qalmış qiymətli yadigarlardır. Onları göz bəbəyi kimi qorumalı və öyrənməliyik. İnsanlar məskən saldıqları yerlərdə əsrlər ötdükcə keçmişin izlərini saxlayan torpaq qatları yaranmışdır. Bu qatlarda hər cür qalıqlar - əmək alətləri, uçmuş evlər, qəbirlər, heyvan sümükləri, zinət şeyləri, bəzəklər, qab-qacaqlar, qədim pullar və bir çox başqa şeylər tapılır. 

  Arxeoloji qazıntı işlərini hökmən mütəxəssis alimlər - arxeoloqlar aparmalıdırlar. Azərbaycanda Mingəçevir, Qəbələ, Beyləqan, Şamaxı və Bakı arxeoloji cəhətdən öyrənilir.

 

14 dekabr 2012
GO BACK