Qadin.NET / Uşaq ensiklopediyası(2)

Uşaq ensiklopediyası(2)

Uşaq ensiklopediyası(2)

 

Avtomobil

  Özü hərəkət edən atsız araba düzəltmək insanların çoxdankı arzusu olub. Onlar gah pedal icad edir, gah linglər, dişli çarxlar yaradır, hətta arabaya yelkən də taxırdılar.

   1770-ci ildə fransız mühəndisi və ixtiraçısı N.J Künyo arabaya at əvəzinə buxar maşını qoşmağı qərara aldı. Künyo öz arabasını "avtomobil", yəni "özü hərəkət edən" (yunanca) adlandırdı. Araba küçədə gedir, onun qabağında mis qazan bağlanıb, arxasında isə skamyada sürücü oturub, sükanı fırladır. Araba bir qədər gedəndən sonra dayanırdı. Çünki qazanda buxar qurtarırdı. İndi gərək sürücü arabadan düşsün, ocağı yandırsın, qazanda su qaynatsın ki, yenə də buxar alınsın. Elə buna görə də sürücünü "şofer" (fransızca "şofer" ocaqçı deməkdir) adlandırmışlar.

    İngilislər isə başqa cür etdilər. Onlar buxar maşınını örtülü sərnişin arabasına - karetaya qoşub, sərnişin daşımağa başladılar. Düzdür, bu avtobuslarda yol getmək qorxulu idi, çünki qazan partlaya bilərdi.

   Sonralar buxar maşınlarını benzinlə işləyən mühərrik əvəz etdi. 1886-cı ildə alman mexaniki Karl Bents üççarxlı arabaya mühərrik qoydu. Bu, dünyada benzinlə işləyən ilk avtomobil idi.

  İldən-ilə belə avtomobillərin sayı çoxaldı, onların xarici görkəmi dəyişdi, konstruksiyası təkmilləşdi və hərəkət sürəti də artdı. 

Uşaq ensiklopediyası(2)

   Avtomobil hər yerdə - təsərrüfatda, məişətdə və həmçinin istirahətdə də lazım olur. Odur ki, avtomobillərin sayı gündən-günə artır. Bu həm yaxşıdı, həm də pis. Nə üçün yaxşı olması hamıya aydındır: axı o, insanın yaxın köməkçisidir. Lakin hər saniyə milyonlarla avtomobilin buraxdığı işlənmiş qazlar planetimizin havasını zəhərləyir. 

  Gələcəkdə hansı növ avtomobilin geniş yayılacağı hələ məlum deyil. Ancaq inamla demək olar ki, avtomobil nəqliyyat vasitəsi kimi hələ insanlara çox xidmət edəcəkdir. 

Uşaq ensiklopediyası(2)

Aqronom

   Tutqun- qızılı buğda dənələri, xırda muncuq dənəsinə oxşayan kələm toxumları, ağ, par-par parıldayan düyü. Bunların hamısında həyat var, yatmış həyat. Bu həyatı oyatmaq üçün nə lazımdır? Toxumları hara, hansı torpağa əkmək, sonra onlara necə qulluq etmək lazımdır? Nəhayət, hər toxumdan nə gözləmək olar? Sünbülmü, al-əlvan çiçəklərmi? Bəlkə də heç cücərməyəcək? 

  Bax, bütün bu suallara tarlaçılıq, əkinçilik haqqında olan elmin - aqronomiyanın nümayəndəsi - aqronom cavab verə bilər. 

  Elə bilirsiniz aqronomun işi təkcə bunlardan ibarətdir? Xeyr. Hansı bitkiləri, hansı sortu, özü də hansı üsulla əkmək lazımdır - bütün bunları aqronom həll edir. O yaxşı bilir ki, hansı torpaqda hansı maddələr çatışmır, hansı gübrələri hara, hansı miqdarda vermək lazımdır. Bir sözlə, onun il boyu işi və qayğıları qurtarmır.

 

 Ağac materialları

   Qatar dəmir yolu ilə sürətlə gedir. Sərnişinlər qatarın pəncərələrindən baxırlar. Onların gözləri önündən teleqraf və telefon dirəkləri keçir. Baxın, taxta çəpər, tikililər, çay üzərində kiçik körpü... Bunların hamısı ağac materiallarıdır. Taxta parket, taxta karandaş, taxta xətkeş - bunlar hamısı ağac materialındandır. Bilirsinizmi ki, dəftər-kitab nədən düzəlib? Deyəcəksiniz ki, kağızdan. Düzdür! Yaxşı, bəs kağız nədən hazırlanıb? Ağac materialından.

  Bəs ipək? Əgər təbii ipək tut ağacının yarpaqları ilə qidalanan ipəkqurdunun baramalarından alınırsa, süni ipəyi də ağac materiallarından alırlar. 

  Ağacdan şəkər də almaq mümkündür. Hələ plastik kütləni demirik. Nazik ağac təbəqəsi süni qatranla örtülür, presdə sıxılır.  Budur, yeni tikinti materialı hazırdır. Ondan mebel hazırlamaq olar. 

   Görürsünüzmü, biz metal əsrində yaşasaq da, ağac materialları bizə çox lazımdır. Bizə ağac materialları verən "yaşıl sərvətimiz" i - meşələri qoruyun!

 

Uşaq ensiklopediyası(2)

 

Ağacdələn

   Siz yəqin ki, ağacdələn görmüsünüz. Görməsəniz də necə səs saldığını eşitmisiniz: ağacdələnin ağcı döyəcləməsi hər bir meşədə və bağda eşidilə bilər. Bir o qədər qəşəng səsi olmasa da, təbiətsevərlər onu xoşlayır. Axı hamı bilir ki, ağacdələn ağacı döyəcləyirsə, zərərvericiləri və cücüləri məhv edəcək, ağaclar da çox yaşayacaqdır. 

   Bu quşun bədəninin uzunluğu 50 santimetrədək. çəkisi isə 300 qrama qədərdir. Ağacdələn səhərdən axşamadək "işləyir". O, sərt, möhkəm lələkli quyruğunu ağacın gövdəsinə dayayır, iti caynaqları ilə ondan yapışır, iti, uzun dimdiyi ilə ağacı döyəcləyir. Sonra isə yapışqanlı və sivri uclu qurdabənzər dili ilə cücüləri oyuqdan və ya qabığın altından çıxarıb yeyir. 

   Azərbaycanda ağacdələnin bir neçə növü: qara ağacdələn, yaşıl ağacdələn, iri ala və xırda ağacdələnlər, Suriya ağacdələni, ilanboyun ağacdələn yaşayır. Ağacdələn ağac koğuşunda yuva salır, yuvasına 2-7 yumurta qoyur.

 

Uşaq ensiklopediyası(2)

 Ağrı

   Sizin hər biriniz yəqin ki, dəfələrlə barmağınızı, əlinizi, dizinizi əzmiş və ağrıyan yerinizi ovuşdura-ovuşdura ufuldamısınız. 

  Axı hər hansı bir ağrı orqanizmin verdiyi təhlükə siqnalıdır. Çox parlaq işıqdan gözlərimiz sancır, gurultulu səsdən qulaqlar ağrıyır, çox kəskin iydən burunun daxili divarı qıcıqlanır. Əgər ağrı hiss etməsəydik bizi gözləyən təhlükədən vaxtında xəbər tutmazdıq. 

  Lakin bilmək lazımdır ki, çox bərk ağrı nəinki əzab verir, o, həm də insan orqanizminə zərərdir. Təbabətdə ağrılara qarşı ağrıkəsən dərmanlardan istifadə edilir. 

Uşaq ensiklopediyası(2)

 

 Ağcaqanadlar

   Yay axşamları, xüsusən rütubətli bağ yerlərində ağcaqanadlar adamın qulağının dibində elə vızıldayır, bədənin açıq yerini elə sancıb göynədirlər ki, heç bilmirsən bunların əlindən qaçıb harada gizlənəsən. Ağcaqanadın sancması ağrılı deyil, lakin onun xortumcuğu ilə sancdığı yerə buraxdığı maye gicişmə, qaşınma yaradır. Malyariya ağcaqanadı adamı sancdıqda isə maye ilə birlikdə isitmə xəstəliyi törədən mikroblar da qana düşə bilər. 

  İnsanlar ağcaqanadların malyariya xəstəliyi yaydığını bildikdən sonra onlara qarşı geniş və ciddi mübarizə aparmağa - bataqlıqları qurutmağa, ağcaqanad sürfələrini yeyən balıqlar yetişdirməyə, həmin sürfələri məhv edən müxtəlif maddələr hazırlamağa başlamışlar.

  Alimlərimiz müəyyənləşdirmişlər ki, respublikamızda 6 cinsə mənsub 24 növ ağcaqanada rast gəlinir.

   Ağcaqanaddan qorunmaq üçün tor üzlüklərdən, gecələr tənzif miçətkəndən istifadə etmək, bədənin açıq yerlərinə ağcaqanadları qorxudub qaçıran xüsusi məhlul və ya maz sürtmək məsləhətdir. 

 

Uşaq ensiklopediyası(2)

 

  Ada

  Hər tərəfdən su ilə əhatə olunmuş quru sahəsi ada adlanır. Bir- birinə yaxın yerləşmiş adalar qrupu arxipelaq əmələ gətirir. Məsələn, Xəzər dənizinin Azərbaycan sahillərindəki adalar Abşeron və Bakı arxipelaqlarını təşkil edir. Arxipelaq bir növ adalar ailəsidir. Bəs, adalar necə yaranır?

  Dəniz dalğaları min illər boyu sahili yuyur və qurunun hər hansı bir hissəsini tədricən sahildən ayırır. Nə qədər ki, həmin hissəni quru zolağı - bərzəx materiklə birləşdirir, o yarımadadır. Nəhayət, bərzəx də yuyulur, ada əmələ gəlir. Xəzər dənizindəki Artyom adası belə yaranmışdır. 

   Bəzən belə də olur: quru yavaş-yavaş çökməyə başlayır, bu yerlər tədricən dəniz, yaxud okean suları ilə dolur. Suyun səthi üzərində yalnəz dağ zirvəsi qalır. Alimlər müəyyən etmişlər ki, Sakit okeandakı Aleut və Komandor adaları bu cür yaranmışdır. 

  Çox vaxt adalar böyük çayların okeana gil, lil və qum axıdıb gıtirdikləri yerlərdə əmələ gəlir. 

  Sualtı vulkanlar da ada əmələ gətirir. Bakı arxipelaqı adalarının çoxu palçıq vulkanlarının püskürməsi nəticəsində əmələ gəlmişdir.

  Mərcan adaları adı ilə tanınan adalar da vardır ki, belə adalar atoll adlanır. Atollarda bitən nəhəng palmalar onları nəhəng çələnglərə oxşadır. 

  Dünyanın ən böyük adaları Qrenlandiya, Yeni Qvineya Kalimantan, Madaqaskar və Baffin Torpağı adalarıdır.

 

11 iyun 2012
GO BACK