Salam, əziz xanımlar! Hamı kimi mənim də öz doğuş hekayəm var. İl yarımdır evliyəm, sevərək ailə qurmuşuq. Allah hər kəsi sevdiyinə qovuşdursun. Mən də bu fikrə qatılıram ki, sevgi, ailə öz yerində, ancaq uşağın doğulması həmin ailəni daha da möhkəmləndirir, ailəyə yeni sevinc gətirir. Evliliyimizin 5-ci ayında hamilə qaldım. Oktyabr ayı idi, bu xəbər mənim üçün ad günü hədiyyəsi kimi oldu. Heç inana bilmirdim. Mən ana olacaqdım.
Hər kəs xəbərə çox sevinmişdi, əsas da yoldaşım. Hər gün məni gəzintiyə çıxarır, körpəmizin doğulması ilə gələcək planlar haqqında söhbət edirdik. Körpəmizin ilk tərpənişini hiss etdiyim an düşündüm ki, məndən xoşbəxti yoxdur. Problemsiz bir hamiləlik keçirdim.
Müəyyən müddət keçdikdən sonra çətin günlərimiz başladı. Yoldaşımın işində çətinliklər yarandı və bu xəbər mənə də təsir etdi. Ancaq mən zehnimdə yenə də körpəmizin gələcək planları ilə məşğul idim. Doğuşuma 10 gün qalmış bir möcüzə oldu, mən bunu möcüzə kimi qiymətləndirdim, sanki Allahtaala körpəmizin ruzisini özü göndərdi. Yoldaşım bir iş təklifi aldı və körpəmizlə bağlı xəyallarımızı həyata keçirdik.
Həkim müayinəsinə son getdiyimdə doğuş tarixinin iyunun 28-i olacağı bildirildi. Çox həyəcanlanırdım və daha çox qorxurdum. İyunun 25-i səhər saatlarında qəfildən ağrılarım başladı. Hamama daxil olanda gördüm ki, açılışım var, bilmədim sevinim, yoxsa qorxum, tələsik xəstəxanaya getdik. Xəstəxanda iki saat sancı çəkdikdən sonra, nəhayət 12:45-də körpəm dünyaya gəldi. İlk səsini eşidəndə, dünyalar mənim oldu. Çəkisi 3 kq idi. Balaca gözlərini, burnunu, yanaqlarını öpməkdən doymurdum. Ailəmizdə hər kəsdən çox körpəni görmək istəyən qaynatam idi və yoldaşımla artıq qərara gəlmişdik, körpəyə qaynatamın adını qoyduq. Artıq körpəmiz 7 aylıq olub. Günü-gündən böyüyür, Maşallah.
Arzum budur ki, İnşAllah, bütün analara bu saytda öz doğuş hekayələrini yazmaq qismət olsun.