Sarışın qadınların fərqli gözəlliyi hesab edilən çillər bəzi sarışınları çox narahat edir. Buna görə çillərdən xilas olmağın müxtəlif yollarını axtarırlar. Çillərdən qurtulmaq istəyirsinizsə, bu məsləhətlərə əməl edin.
1. Yazda və yay aylarında cəfəri yarpaqlarından, payız aylarında isə cəfəri kökündən maska hazırlayın. Cəfərini blenderdən keçirib, pürə halına gətirin və təmizlənmiş dərinizə sürtün. Göz altına cəfəri sürtməyin. Bu maskanı 20-30 dəqiqə üzünüzdə saxladıqdan sonra soyuq suyla yuyun və üzünüzə nəmləndirici krem sürtün.
2. Cəfəri köklərini qaynadın, limon suyu ilə qarışdırın və səhər- axşam üzünüzü bununla təmizləyin.
3. İki xörək qaşığı kök suyuna 20 damcı limon suyu əlavə edin və gündə 2-3 dəfə üzünüzə sürtün. Maskanı 20-30 dəqiqə saxladıqdan sonra yuyun.
4. Əlli qram cəfərini yarım litr spirtlə qarışdırın, 2 həftə qaranlıq yerdə saxlayıb soyuduqdan sonra istifadə edin.
5. Üzünüzə pomidor dilimləri qoyun. Bundan öncə üzünüzü yaxşıca təmizləyib qidalandırıcı krem sürtün. Maskanı 30 dəqiqə saxladıqdan sonra soyuq südə batırılmış pambıqla üzünüzü silin.
6. Bir qaşıq cəfəri və bir qaşıq balı qarışdırıb cildinizə sürtün və 45 dəqiqə saxlayın. Bu qarışıma limon suyu da əlavə edilə bilər. Bunun üçün 2 xörək qaşığı cəfəri əzməsi, bal və limon suyunu qarışdırıb üzünüzə sürtün və 15 dəqiqə saxladıqdan sonra yuyun.
7. Cəfəri suyunu süd və qatıqla qarışdırın. 15 dəqiqə üzdə saxladıqdan sonra ilıq suyla yuyun.
8. Çillərə qarşı meşə çiyələyi və üzümdən istifadə edib maska hazırlaya bilərsiniz. Bu maskanı da üzünüzdə 20-30 dəqiqə saxlayıb ilıq suyla yuyun.
9. Yarım stəkan badamın üstünə 1 stəkan qaynar su əlavə edib, 3-5 dəqiqə saxladıqdan sonra badamları əzin. Badam əzməsinə yarım limonun suyunu və 1 xörək qaşığı ilıq suyu əlavə edib, qarışdırdıqdan sonra soyudun. 30 dəqiqə üzdə saxlayıb yuyun. Həftədə 2 dəfə 4-5 ay müddətində tətbiq edə bilərsiniz.
10. 25 qram maya və 1 çay qaşığı limon suyunu qarışdırıb, üzərinə 1 xörək qaşığı süd əlavə edin. Maska kimi üzünüzə sürtüb 20 dəqiqə saxladıqdan sonra yuyun.