Artıq soyuq havaları geridə qoyduq. Qarşıda bizi isti, günəşli günlər gözləyir. Günəşin təsiri ilə xanımlarımızın dərisində müxtəlif ləkələr, kiçik də olsa qüsurlar əmələ gəlir. Hətta elə xanımlarımız var ki, üzlərində günəşin təsirindən qəhvəyi ləklər əmələ gəlir. Əlbəttə ki, bu xanımlarımızın fiziki görünüşünə və psixologiyasına yaxşı təsir göstərmir. Buna görə də dərimizi günəş şüalarından qorumalıyıq. Bəzən xanımlarımız üzlərindəki ləkəni tonal kremlə örtməyə çalışırlar. Bu qətiyyən düzgün deyil. Bu problemləri təbii yolla aradan qaldırmağa çalışmalıyıq.
Günəşli günlərdə ağır kosmetikadan uzaq durmağa çalışın. Çünki üzə vurulmuş tonal krem və digər kosmetik vasitələr dərinizin nəfəs almasına əngəl törədir, bu isə hətta, sızanaqların çıxmasına da şərait yaradır. Əgər üzünüzdə az da olsa dəyişiklik yaratmaq istəyirsinizsə, kipriklərinizə tuş, göz qələmi və yüngül dodaq boyası (yəni çox da parlaq olamayan) bəs edər.
Günəşli günlərdə dərinizi günəşin şüalarından qoruyan ən yaxşı vasitə günəşdən qoruyucu kremlərdən istifadə etməkdir. Bundan başqa üzünüzü tez-tez soyuq su ilə yumaqda da fayda var.
Yay ayları geniş tərkibli maskalardan uzaq durun. Daha çox təbii maskalardan istifadə edin. Artıq bir çox meyvələrin yetişmək vaxtıdır. Çiyələk, albalı, qarpız, xiyar bu baxımdan sizin dəriniz üçün çox faydalıdır. Çiyələk, albalını əzin və üzünüzə vurun 20 dəqiqədən sonra üzünüzü mülayim su ilə yuyun. Xiyarın da faydası hər kəsə məlumdur. Çiyələk üz dərinizi yumşaq edir, albalı üzdəki bəzi ləkələrin ağarmasına kömək edir, xiyar və qarpız suyu isə dərini təravətləndirir. Bu baxımdan dərinizin sağlamlığı üçün banan da çox xeyirlidir. 1 orta boylu bananı əzin və üzərinə 1 qaşıq süd əlavə edib üzünüzə vurun. 20 dəqiqədən sonra üzünüzü mülayim su ilə yuyun. Banan üz dərinizi yumşaldacaq və təravətləndirəcək.
Yayın gəlişi, havaların istiləşməsi ilə çimərlik mövsümü də başlayır. Bəzən çimərlikdən qayıdandan sonra (bu adi vaxtda ola bilər) üzümüzdə sanki göynərti hiss edirik .Bu zaman qatıq sizin köməyinizə çatar. Qatığı üzünüzə vurduqdan sonra quruyana qədər gözləyin və mülayim su ilə yuyun, dərinizin sakitləşdiyini özünüzdə hiss edəcəksiniz. Çimərliyə gedərkən əlbəttə ki, çimərlik çantanıza günəş üçün gözlüyünüzü və papağınızı qoymağı unutmayın. Onlar sizin üzünüzü günəşin təsirindən qoruyacaqdır.