Yemişdən və şirəsindən üz üçün kosmetik maskalar və losyon hazırlamaq olar. Yemiş əsaslı maskalar quru dəriyə çox gözəl təsir edir - dərini təravətləndirir, nəmləndirir, qidalandırır, onu yumşaq və elastiki edir.
Quru dərini silmək üçün vasitə
Yemişin qabığını soyun, çəngəllə əzin, sonra şirəsini çəkin. Pambığa batırıb üzünüzü silin.
Yemiş şirəsindən üz üçün maska
Pambığı və ya tənzif salfeti yemiş şirəsinə batırıb üzünüzə qoyun. 15-20 dəqiqə saxlayın.
Yemiş əsaslı təravətləndirici maska
Yemişi əzilmiş halda təmiz dəriyə 10-15 dəqiqəlik çəkin, sonra su ilə yuyun. Bu maska istənilən dərini qidalandırır və təravətləndirir, yumşaq elastiki edir. Quru dəriyə maskanı çəkməmişdən öncə zeytun yağını çəkib silmək lazımdır. Bu proseduru həftədə 2-3 dəfə edin.
Ümumi kurs 15-20 gündür.
Normal və quru dəri üçün maska
Bir neçə dilim yemişi əzib, ora 2-3 xörək qaşığı bal və 1 xörək qaşığı xama əlavə edib qarışdırın, üzünüzə çəkin, 15-20 dəqiqə sonra yuyun.
1 xörək qaşığı əzilmiş yemişə 1 yumurta ağı əlavə edib qarışdırın. Maskanı üz və boyun dərisinə çəkin, 15-20 dəqiqə saxlayın,sonra yuyun. Maskanı üzə çəkməmişdən öncə üz və boyun dərisini yemiş şirəsinə batırılmış pambıqla silin.
Üz üçün nəmləndirici losyon
Bu losyon istənilən dərini nəmləndirir. Yemişi çəngəllə əzib 1-2 saat saxlayın, sonra şirəsini sixib şüşə stəkana tökün, ora 2 xörək qaşığı bal və 1 çay qaşığı duz əlavə edin. Duz həll olduqdan sonra, süzün və ora 1 stəkan araq tökün. Təmiz üzə bu losyonu çəkin, 1-2 saat saxlayın. Bu proseduru istənilən rahat vaxtda etmək olar. Losyonu sərin yerdə uzun müddət saxlamaq mümkündür.