Xiyar – tərkibində çoxlu sayda mineral maddələr olan, dəriyə möcüzəvi təsir göstərən xeyirli və yeməli tərəvəzdir. Ev şəraitində xiyardan hazırlanan kosmetik maskalar sayəsində dəri hamarlaşır və nəmlənir. Bundan əlavə xiyar maskası sızanaqlardan azad olmaq üçün çox gözəl vasitədir.
Ağardıcı maska - 2 xörək qaşığı rəndələnmiş xiyarın üzərinə 1 stəkan qaynar su tökün. Bunu 5 saatlıq qaranlıq yerdə saxlayın, sonra suyunu süzüb, maskanı dərinizə çəkin. 15 dəqiqə sonra isti su ilə yuyun. Ağardıcı maskanı həftədə 1 dəfə etmək lazımdır. Istifadə edəcəyiniz ikinci maskadan sonra siz effekti görəcəksiniz .
Nəmləndirici maska - bu maskanı etmək üçün 3 xörək qaşığı xiyar şirəsinin üzərinə 1 xörək qaşığı badam yağı əlavə edib qarışdırın, üz dərinizə çəkin, 20 dəqiqə sonra isti su ilə yuyun.
Bu maskanı həftədə bir dəfə etmək lazımdır.
Xiyar losyonu - balaca xiyarı götürüb onu rəndələyin, üzərinə onun yarısı qədər araq əlavə edin. Losyonu 4 saatlıq qaranlıq yerdə saxlayın, daha sonra ora qazsız mineral su əlavə edin. Bu losyonla üzünüzü səhər və axşam silin. Losyon sizin dərinizi təmizləyəcək, yağlılığı aradan götürəcək.
Solğun və təravətini itirmiş dəri tipləri üçün qidalandırıcı maska
1 ədəd təzə xiyarı sürtkəcdən keçirin, 1 xörək qaşığı götürüb üzərinə 1 çay qaşığı bal əlavə edib qarışdırın, üzünüzə çəkin, 10 dəqiqə sonra ilıq su ilə yuyun.
Yağlı dərini təmizləmək üçün maska
Araq və xiyar şirəsini qarışdırın, üz dərinizi bununla silin.
Balaca bir xiyar diliminin qabığını soyun, təbii limon şirəsi tökülmüş stəkana atıb 2 saat saxlayın, sonra üzünüzü bu xiyar dilimi ilə silin, 20-25 dəqiqə sonra ilıq su ilə yuyun. Bu prosesi yaxşı nəticə əldə etmək üçün müntəzəm olaraq edin.
Yağlı dəri üçün maska
Təzə çəkilmiş 2 xörək qaşığı xiyar şirəsinin üzərinə çalınmış 1 yumurta ağı əlavə edib yaxşı-yaxşı qarışdırın, üzünüzə çəkin, 15 dəqiqə sonra ilıq su ilə yuyun.
Qidalandırıcı maska
Çox da böyük olmayan 1 ədəd xiyarı sürtkəcin xırda gözündən keçirin, bura 1 xörək qaşığı günəbaxan yağı, 1 xörək qaşığı süd və eyni miqdarda kəsmik əlavə edib qarışdırın, üz dərinizə çəkin, 15 dəqiqə sonra mineral su ilə yuyun.