Qadin.NET / Qatıqla gözəlləşin

Qatıqla gözəlləşin

 

Qatıqdan hazırlanan kosmetik maskalar hələ bizim nənələrimizin vaxtında məşhur idi. Bu heç də təsadüfi deyil, axı qatıq ağardıcı, təmizləyici və tonuslaşdırıcı effektə malikdir. Qatıq həmişə əl altında olur, buna görə də onu asanlıqla ev şəraitində istifadə etmək olar. O, müxtəlif dəri tiplərinə xeyirli təsir göstərir. Bundan əlavə, qatıq qırışları hamarlaşdıraraq dərini nəmləndirir, sizə gözəllik və təravət bəxş edir.

Qatıq tərkibli maska reseptləri:

Normal dəri üçün maska 

1 xörək qaşığı yulaf topalarının və yaxud yulaf ununun üzərinə 3 xörək qaşığı qatıq əlavə edib qarışdırın.Bu maskanı səliqəli şəkildə üz dərinizə çəkin. Yaxşı olar ki, maskanı çəkəndən sonra üzərinə tənzif salfetka qoyasız. 20 dəqiqə sonra maskanı isti su ilə yuyun.

Yağlı dəri üçün maska

3 xörək qaşığı qatığın  üzərinə 1 xörək qaşığı maya və 1 çay qaşığı limon şirəsi əlavə edib qarışdırın, üzünüzə çəkin, 10 dəqiqə sonra yuyun. Əgər üzünüzü sürvə yarpağı və ya aptek çobanyastığı dəmləməsi ilə yusanız daha effektli nəticə əldə etmiş olarsınız.

Quru dəri üçün

2 xörək qaşığı qatıq, 1 xörək qaşığı yağlı kəsmiyi götürün, üzərinə 1 çay qaşığı zeytun yağı (və ya başqa bitki yağı) və 1 xörək qaşığı kök şirəsi əlavə edib qarışdırın. Maskanı üz dərinizə çəkin, 20 dəqiqə sonra isti su və ya sürvə yarpaqlarının dəmləməsi ilə yuyun.

 Dərini təmizləmək üçün maska

Yarım stəkan unun üzərinə 1 xörək qaşığı yeyinti üçün soda əlavə edib qarışdırın. 1 xörək qaşığı bu tərkibdən götürüb 2 xörək qaşığı qatığa qatın, bu maskanı masaj hərəkətləri ilə üz dərinizə çəkin, 10 dəqiqə sonra soyuq su ilə yuyun.

Qırışlardan azad olmaq üçün maska

2 xörək qaşığı qatığı 1 xörək qaşığı portağal şirəsi ilə qarışdırın. Bu maskanı üz dərinizə çəkin, 10 dəqiqə sonra soyuq su ilə yuyun. Bu maska üzünüzdə olan qırışları hamarlaşdıracaq. Dərinizi nəmləndirəcək və qidalandıracaq. Yeni qırışların əmələ gəlməsinin qarşısını alacaq.

 Quru saçlar üçün maska 

Quru saçlar üçün olan bu maska yuyulmamış quru saçlara çəkilir və saçları möhkəmləndirir. Yarım stəkan kefiri saçlarınızın dibinə və saçlara çəkin, yarım saat saxlayın. 1 ay ərzində həftədə 1 dəfə etməyiniz məsləhətdir.

Saçların tökülməyi əleyhinə maska

Tərkibi : xardal, yumurta sarısı, badam yağı və bal. 2 xörək qaşığı xardalı 100 ml qatıqda əridin, üzərinə 1 ədəd yumurta sarısı, 1 çay qaşığı bal və badam yağı əlavə edin. Qarışdırın, maskadan çox iy gəlməsin deyə ora bir damcı rozmarin yağı əlavə edin. Dərhal saçlarınıza çəkin, 1 saat saxlayın. Sonra isti su ilə yuyub balzamla yaxalayın.

 Saç maskası

3 xörək qaşığı qatığa 1 ədəd yumurta sarısı və 1 xörək qaşığı bal əlavə edin, saçlarınızın dibinə çəkin. 1 saat saxlayın, sonra adi qaydada yuyun.

4 aprel 2016
GO BACK