Qadin.NET / Gözəllik maskaları

Gözəllik maskaları

 

Özünüzün hazırladığınız maskalar bir çox hallarda mağazalardan alınanlardan daha effektli olur.

Dərinin formasını təyin etmək məqsədilə yuyunmadan 2-3 saat sonra kağız salfet ilə dərinin müxtəlif hissələrini isladın.

Əgər yağlısov ləkələr əmələ gəlirsə, deməli dərinin həmin hissəsi daha yağlıdır.

Dərinin yağlılığı yaşa, işlədiyinz işə, qida xüsusiyyətinə, vitamin çatışmazlığına, sinir sisteminin vəziyyətinə, mədə-bağırsaq traktına görə dəyişə bilər.

Normal dəri

Normal dəri nadir insanlarda rast gəlinir. Normal dəri yumşaq, təmiz və təravətli olur. Normal dəriyə malik olan xanımların isti su ilə yuyunmaları məsləhətdir. Amma uzun müddət isti sudan istifadə etmək dərinin və əzələlərin tonusunu zəiflədə bilər. Dərini şüyüd suyu, odekalon, kvas, xiyar və limon cövhəri ilə silmək olar. Qışda və yayda normal dəriyə qulluqda elə bir ciddi fərq olmur.

Qarğıdalı və vələmir maskası

Tərkibi:

50 qr qarğıdalı və ya vələmir unu, 1 ədəd yumurta ağı.

Hazırlanması:

Yumurtanın ağını çalın, qarğıdalı və ya vələmir ununa əlavə edin. Sonra isə səliqə ilə yaxşıca qarışdırın.

İstifadəsi:

Hazır məhlulu təmiz üzə yaxmaq lazımdır. Quruyandan sonra isə quru və çoxləçəkli dəsmalla silin. Bunu astaca və dərini dartmadan yerinə yetirmək lazımdır.

Sonra üzünüzü sərin su ilə yuyun, dəsmalla qurulayın, limon şirəsində isladılmış tamponla silin.

Normal və yağlı dərini bu maskadan sonra canlandırıcı losyonla silmək olar. 

Gözəllik maskaları

Çobanyastığı və süd maskası

Tərkibi:

2 x/q yumurta, aptekdən alınmış çobanyastığı, 75 ml. isti süd, 1 x/q kəpək, 0.5 ç/q bal.

Hazırlanması:

Çobanyastığını süddə isladın və 20 dəqiqə ağzı bağlı qabda dəmlənməyə qoyun. Sonra isidərək bal və kəpəyi əlavə edin.

İstifadəsi:

Maskanı üzə çəkin və 15 dəqiqədən sonra çobanyastığı həlimi ilə yuyun. Sonra üzü soyuq su ilə yuyun və yağlı krem çəkin.

Gözəllik maskaları

Bal maskası – 1

Tərkibi:

1 x/q bitki yağı, 1 ç/q bal, 4-5 damcı təravətləndirici losyon, bir qədər un.

Hazırlanması:

Taxta qaşıqla bitki yağını və balı qarışdırın, bir qədər losyon və un da qataraq xama halına gələnə kimi qarışdırın.

İstifadəsi:

Hazır kütləni üzə yaxın. 20-30 dəqiqədən sonra isti cökə həlimi ilə yuyun. Sonra üzü soyuq su ilə yaxalayın.

Gözəllik maskaları

Bal maskası – 2

Tərkibi:

1 x/q bal, 2 yumurtanın ağı, 0.5 ç/q badam və ya şaftalı yağı, 2 x/q vələmir unu.

Hazırlanması:

Çalınmış yumurta ağını balla və yağla kütlə alınana kimi qarışdırın. Sonra un əlavə edin.

İstifadəsi:

Hazır kütləni üzə yaxın. Maskanı 15-20 dəqiqə üzdə saxlayın. Maskanı çıxarmamışdan qabaq onu isti kompreslə yumşaldın.

Sonra üzü limon şirəsi əlavə olunmuş soyuq su ilə yaxalayın və üzə yağlı krem çəkin. 


 

Limon maskası

Tərkibi:

1 x/q yumurta sarısı, 1 x/q limon qabığının tozu, 1 ç/q bitki yağı.

Hazırlanması:

Yumurta sarısını və limon tozunu qarışdırın. 15 dəqiqədən sonra kütləyə bitki yağı əlavə edin və emulsiya alınana kimi qarışdırın.

İstifadəsi:

Emulsiyanı qalın şəkildə üzə yaxın və quruyana kimi gözləyin. Maskanı cəfəri cövhəri əlavə olunmuş isti su ilə çıxarın. Proseduru soyuq kompreslə tamamlayın və üzə yağlı krem çəkin.

 

20 fevral 2013
GO BACK