İsti havalardan sonra birdən-birə soyuqların düşməsi orqanizmdə, xüsusilə də üzümüzdə ciddi problemlər yarada bilir.Soyuq hava üz iflicinə gətirib çıxarır desəm, inanarsınızmı? Mən də bu barədə təzə öyrəndim.Əslində biz xanımlar dərimizin qocalmasına qarşı çox mübarizə aparırıq. Soyuq hava da dərimizi getdikcə qocaltmaq “qabiliyyətinə” malikdir. Çünki quru və şaxtalı hava dərimizi solğunlaşdırır və çatladır. Bu səbəbdən də digər fəsillərə baxanda qışda dərimiz bizdən xüsusi qulluq tələb edir. Bir yandan yağan qar, yağış, evdə isə isti və quru hava dərimizə ziyan verir. Bu təzad ucbatından cildimizdə çatlamalar, quruma, qəhvəyi rəngdə ləkələr əmələ gəlir. Hava soyuyub quruduqca üzümüzün nəmə ehtiyacı daha da artır, dəri sanki nahamar bir hal alır. Quru və soyuq hava ilk olaraq dodaqlarımıza təsir edir, onlar quruyaraq çatlayır. Əllərimiz də şaxtalı havanın təsirindən quruduğuna görə nahamar olur.
Xüsusilə də sıfır dərəcədən aşağı temperaturda dəridə günəş və küləyin təsirindən quruma problemləri artır, əlavə olaraq üzdə yanma hissi ilə nəticələnən kiçik damarlar ortaya çıxır.
Vitamin baxımından əskik qidalanmada, xüsusilə də A, C, E və F vitaminləri kasad olanda üzdə nəmi bol olan gənc hüceyrələr əvəzinə az yaşlı hüceyrələr meydana gəlir. Siqaret tüstüsü, qeyri-düzgün qidalanma, az su içmə,stress kimi yaşam və ya iş tərzi davamlı olaraq dərimizə ziyan verə bilir. Soyuq havanın dərimizə verdiyi əsas ziyanları:
1) Aşağı temperaturda dəri quruyur,əvvəlki elastikliyini itirir və daha çox həssaslaşır.
2) Epidermis hüceyrələrinin yenilənməsi prosesi ləngiyir, buynuz təbəqə genişlənir. Bu isə dərini çox kobud və daha az cəlbedici edir.
3) Soyuq havada dərinin tonusu aşağı düşür, bu isə erkən qırışların əmələ gəlməsinə şərait yaradır.
4) Qış fəslində allergiyalı insanlar xüsusilə əziyyət çəkirlər. Külək və şaxta onların dərisində ləkələr yaradır.
5) Avitaminoz (vitamin çatışmazlığı) - ilin bu fəslinin əbədi yol yoldaşı dəriyə boz çalarlı solğunluq verir.
6) Temperaturun kəskin dəyişməsi (evdə +22, çöldə -10 -22 dərəcə) dərinin qidalanmasının pozulmasına səbəb olur, nəticədə dəri quruyur, qabıq verir.
7) Qışda günəş işığının az olması ilə əlaqədar dəri qızarması və gözaltı qaraltılar əmələ gəlir.
Vacib olmayan hallarda bayıra çıxmayın, özünüzü, dərinizi soyuqdan və şaxtadan qoruyun, gözəl xanımlarımız!