Qadin.NET / Sağlam saçlar

Sağlam saçlar

 

Sağlam saçlar

 

Saçlarınızın sağlam olmağını istəyirsiniz?

     İstəmək azdır, tədbir də görmək lazımdır. Saçları rəng qoymaq, kəsdirmək, onları xüsusi maskalarla qidalandırmaq və s. lazımdır. Odur ki, aşağıdakı məsləhətləri diqqətlə oxuyun. Bir də unutmayın ki,  gözəl görünmək üçün ən vacib 2 şərt var- cazibədar saç düzümü  və bahalı ayaqqabı. Bunlar olduqdan sonra əyninizə adi çit paltar geyinsəniz də, əla  görünəcəksiniz! Gözəl  tellərinizlə hamıdan seçilmək istəyirsinizsə  ardını oxuyun.

Parıltılı saçların üç qaydası

     Saçlar addımbaşı şaxta, külək, fenin istisi, rənglənmə, kimyəvi  burulma  və s.  bu kimi təhlükələrə  məruz qalır. Amma bu məqalədə  yazılanlara vaxtında  əməl etsəniz, həm saçlarınızı  bərpa edəcək, həm də nəzərə çarpacaq  dərəcədə dəyişiləcəksiniz. Saçların rənglənməsi imici dəyişib daha cazibadar və yaraşıqlı  görünmək üçün  ən əlverişli üsuldur. Amma aparılan son sorğunun nəticələrinə   əsasən, indi daha çox  təbii rənglər dəbdədir. Buna görə də saçlarınızı rənglətdirmək istəsəniz, təbii rənginizin açıq və  ya  əksinə, tünd çalarını seçin.

1. Saçlarınızın sağlam və parlaq görünməsi üçün

      Saçlarınızı rənglətdirməzdən əvvəl yüz ölçüb bir biçin. Sifətinizdə çil varsa , sarı və ya qara  rənglərlə təcrübə  aparmağa tələsməyin- bunlar yalnız  hamar dərili gənc qızlara yaraşır. Dəriniz qıcıqlanmaya  meyillidirsə qırmızı çalarlardan qaçın. Sifətinizin dərisi  soyuq, yəni ağ və ya bozumtuldursa, sarı, qırmızı, qəhvəyi, tünd qəhvəyi  və  qara rənglər sizə yaraşacaq. Dəriniz sarıdırsa,  saçlarınızı saraltmaq məsləhət deyil. Belə olan təqdirdə  sifətiniz daha  da solğun görünəcək. Bu halda tünd rənglərə üstünlük verməyiniz  məsləhətdir. Mavi gözlü ağ qızlara – açığ rəngli saçlar,  qəhvəyi gözlü qaraşınlara – tünd saçlar; gözləri yaşıl  və tünd- mavi, dərisi isə ağ olan  və ya mavi gözlü  qaraşın qızlara – tünd  və ya açıq-sarı; gözləri yaşıl və tünd-mavi,  dərisi isə orta qaralmış  olanlara – tünd-sarı, habelə açıq qəhvəyi  və qəhvəyi;  gözləri yaşıl, tünd- mavi, dərisi isə çox qaralmış olanlara–qəhvəyi rəngin bütün çalarları yaraşır.

2. Saçlarınıza qulluq edin

      Saçlarınızı qaynadılmış  və ya sodayla  qarışdırılmış su ilə  yumağınız məsləhətdir. Suyun hərarəti   təqribən 50 dərəcə isti olmalıdır.  Saçlarınızı yumazdan əvvəl  onları mütləq darayın və şampunla yuduqdan sonra  kondisioner və ya  yaxalayıcı  balzam vurun.  Amma unutmayın ki, balzamı yalnız saçların  uclarına vurmaq  olar.  Saçlar yaş halda  daha zəif olduğundan, onları yuduqdan dərhal sonra  fenlə qurutmaq olmaz.  Onların bir az  qurumalarını gözləyin. Saçların tökülməsinin qarşısını almaq  üçün isə ən yaxşı vasitələrdən biri, baş dərisini masaj etməkdir. Bu saçları dibindən möhkəmləndirir, qan dövranını  yaxşılaşdırır, follikulların qidalanmasını tənzim edir. Dairəvi hərəkətlərlə  başınızın dərisini  yavaş-yavaş masaj edin, bu həm də  gərginliyi və  stresi aradan qaldıracaq.  Saçlarınıza uyğun şampun seçin. Şampunu birbaşa başınıza boşaltmayın.  Şampunu  ovcunuza tökün, sonra isə yavaş-yavaş saçlarınıza vurun. Unutmayın ki, şampunu uzun müddət  saçlarda  saxlamaq olmaz.

3.  Saçlarınızı qidalandırın.

     Saçlarınızın sağlam görünməsi üçün  yediklərinizə fikir verin.  Şirniyyat, qəhvə, spirtli içkilər, yağlı və duzlu  ərzaqları  azaldın. Sizə B və C vitaminləri, habelə tərkibində dəmir olan vitamin komplekslərini qəbul etməyi  məsləhət görürük.  Saçların  ağarmasının qarşısını  almaq üçün ildə  iki dəfə 1-2 ay ərzində A, E və  C vitaminləri qəbul edin.  Qara saçların  ağarmaması üçün hər dəfə onları  yuyandan sonra  dəmlənmiş qara çayla  yaxalayın. Saçlarınızı vaxtından  əvvəl  ağarmasın deyə onları gicitgəndən  hazırlanmış  məhlulla yuyun. Məhlulu hazırlamaq  üçün  50 qram qurudulmuş  gicitgənin üzərinə 500 ml su və  500 ml sirkə əlavə edib, yarım saat qaynadın. Alınmış məhlulu bir neşə gün dalbadal hər gecə  başınızın dərisinə sürtün.

Şampun seçərkən bunlara diqqət edin

     Şampun alarkən hansını seçəcəyinizi  bilmirsinizsə, aşağıdakı məsləhətlərlə tanış olun. Saçlarınızın sağlamlığından tutmuş parıltısına qədər  bir çox şey  şampundan asılıdır.  

Yağlı saçlar üçün şampun - Belə  şampunların tərkibində  yağları aradan qaldıran maddələr var.  Amma saçları belə şampunla  tez-tez yumaq olmaz, çünki baş dərisi  quruyub, qabıq verə bilər.

Normal saçlar üçün şampun Bu şampunlar saçları yaxşı təmizləyir  və  eyni  zamanda  yağın təbii ifrazını əngəlləmir.

Quru saçlar üçün şampun - Nəmləndirici xüsusiyyətləri sayəsində baş dərisini  qurutmur, əksinə qidalandırır.

Mütəmadi istifadə üçün yumşaq şampun - Çox zəif olduğundan baş dərisini qıcıqlandırmır və saçları qurutmur. Belə şampun gündəlik istifadə üçün ən ideal seçimdir.

Kəpək əleyhinə şampun - Bu şampunun tərkibindəki xüsusi vasitələr  sayəsində  hüceyrələrin bölünməsi  ləngiyir və kəpəyin  əmələ gəlməsinin qarşısı alınır. Bundan əlavə  xüsusi  maddələrin köməkliyi  ilə baş dərisində  mövcud olan  qabıq  tədricən  təmizlənir. Amma belə şampundan  uzun müddət istifadə etmək  məsləhət görülmür  ən çox  1 ay istifadə olunmalıdır.  Sonra  mütləq  fasilə  etmək lazımdır, əks təqdirdə saçlar cansızlaşacaq və quruyacaq...

25 may 2013
GO BACK