Sağlam bir dəri üçün fırça və süngərinizi təmiz saxlayın.
Sağlam və gözəl bir dəriyə sahib olmaq üçün makiyajımızı hər gün təmizləyirik. Lakin düşünməliyik ki, hər dəfə makiyaj edərkən istifadə etdiyimiz makiyaj əşyalarını da təmiz saxlamalıyıq. Bunun üçün ən az həftədə bir dəfə makiyaj edərkən istifadə etdiyiniz əşyaları da təmizləməyiniz vacibdir. Xüsusilə də makiyaj fırçanızı və süngərinizi təmiz saxlamalısınız. Bu xəbərimdə sizin üçün makiyaj əşyalarınızı təmizləməyin ən asan yolunu təqdim edirəm. Ümid edirəm faydalanacaqsınız.
İlıq su hazırlayın
Əllərinizi içərisində rahat hərəkət etdirə biləcəyiniz qaba ilıq su tökün. Sonra həmin suya bir neçə damcı şampun əlavə edin. Fırçalarınızdan və süngərinizdən makiyaj qalıqlarını təmizləyin. Sonra suyun içinə qoyub, tamamilə rəngləri çıxanadək asta hərəkətlə sıxın.
Yaxalayın
Əşyalarınızı qabın içindən çıxarıb ilıq suda yaxşıca yaxalayın. Belə etməsəniz, fırçalarınız və süngəriniz şampunun qalıqları ilə quruyar və bu da dərinizə zərər verə bilər.
Qurulayın
Quru bir dəsmal ilə asta hərəkətlərlə fırça və süngərinizin nəmini alın. Daha sonra əşyalarınızı qurumağa qoyun. Növbəti dəfə istifadə edərkən yaxşı nəticə almaq istəyirsinizsə, əşyalarınızın tamamilə yaxşı quruyub-qurumadığını yoxlayın.
Asmağa çalışın
Fırçalarınızı imkan olarsa, aşağıya doğru asın. Beləliklə, fırçanız olduğu kimi qalar və daha tez quruyar.
Süngərin təmizliyi
Əgər istəsəniz, makiyaj süngərinizi hər istifadədən sonra yuya bilərsiniz. Ancaq növbəti istifadəyə qədər quruyub-qurumayacağını yoxlayın. Hər istifadədən sonra yumağa qərarlısınızsa, o zaman ehtiyat süngərinizin olmasında fayda var.
Tələsərkən
Yumaq qədər yaxşı nəticə verməsə də tələsərkən ən tez təmizlik üsulu nəm salfetlərdən yararlanmaqdır.