Adətən makiyajı gözəl görünmək üçün edirik. Amma gəlin etiraf edək ki, bəzən makiyaj edəndə elə səhvlərə yol veririk ki, nəinki gözəl görünmürük, həm də yaşımızdan 10 yaş da böyük təsiri bağışlayırıq. Etdiyimiz bir neçə səhvi bir daha diqətinizə çatdırıram və bunu təkrarlamayacağınıza inanıram.
Çəhrayı rəngli bir ənlikdən istifadə edilərkən dəri daha çox cavan və təravətli görünə bilir. Bürüncü rənglər isə qadını daha yaşlı göstərəcək.
Tünd rəng dodaq boyaları dodaqları incə və yaşınızı daha çox göstərə bilir. Dodağınızı daha dolğun və canlı göstərmək istəyirsinizsə, çəhrayı və şaftalı rəng çalarlarına diqqət və üstünlük verin. Dodaqlarınızın qalın görünməyini istəyirsinizsə, eyni rəng dodaq qələmi ilə dodaqları haşıyəyə alıb, eyni rəng dodaq boyasından istifadə etməlisiniz. Qələmi elə çəkməlisiniz ki, kənardan hiss olunmasın.
Alt kirpiklərə tuş çəkmək də insanı yaşlı göstərə bilər. Çünki alt kirpiyə çəkilmiş tuş daima göz altına dəyərək qaraltı yaradacaq və bu da sizin yorğun bir üz görüntünüzə yol açacaq. Ən yaxşısı alt kirpiklərə başdan-başa yox, ancaq uc hissəsinə tuş çəkməyiniz məsləhətdi.
Qalın çəkilmiş tonal krem nəinki üzdəki qüsurları gizlədir, əksinə hər xırda qırışların arasına dolaraq onları daha da qabarda bilir. Tonal krem seçərkən xüsusi diqqətli olmanız gərəkdir ki, dərinizin tipinə uyğun olsun. Əks halda effektli bir makiyaj əldə edə bilməyəcəksiniz.
Gənc bir dəri işığı əks etdirir. Toz pudra ilə bunun qarşısını ala bilərsiniz. Amma bunu da üzün bütün hissəsinə çəkməklə üzü solğunlaşdıra bilərsiniz. Toz pudranı ancaq dərinin yağlı hissələrinə çəkmək məsləhətdir.
Gözaltı hissələrin qüsurunu, xüsusən də torbalanma və qırışlar varsa, bunları kremlə örtmək lazımdır. Burda da kremi qalın çəkmək lazım deyil. Nə çox açıq rəng, nə də qalın çəkilmiş krem gözaltı problemi aradan qaldıra bilməyəcək. Ən yaxşısı çəkiləcək tonal kremi əllə yox fırçayla çəkməniz məsləhətdir.
Qaş qələmi qaşınızın rəngindən bir və ya iki ton aşağı rəng seçməniz daha uyğun sayılır. Qaşınızı belə rənglə boyadıqda çox nəzərə çarpmayacaq. Qələmi çəkdikdən sonra mütləq fırça ilə qaşlarınızı səliqəyə salın. Tünd rəng qaş qələmi çox süni göründüyü üçün bundan qaçın.
Tünd rəng dodaq qələmi üçün çox söz deməyə ehtiyac yoxdur. Necə alındığının çox şahidi olmusunuz. Ona görə də heç vaxt təkcə qələmdən istifadə edib dodaq boyasız çıxmayın. Dodaq qələmi dodağın boya çəkiləcək hissəsinin sərhəddini düzgün cizmaqdan ötrü çəkilir. Ən yaxşı dodaq qələmi nə açıq, nə də tünd olanıdır. Ən yaxşısı dodaq boyası ilə eyni rəng olanıdır.
Gözünüzə başdan-başa qara qələm çəkməyin. Bu sizi daha sərt göstərə bilər. Qara rəngin ən yaxşı əvəzləyicisi qəhvəyi rəngdir ki, bunu da alt kirpik diblərinə, üst hissəyə isə sürmə çəksəniz daha ideal görünüş əldə edə bilərsiniz.