Qadin.NET / Qaşıqla üz masajı

Qaşıqla üz masajı

Hər bir qadın istənilən yaşda gözəl, cavan və cazibədar görünmək istəyir. Ancaq neyləyəsən ki, yaşın gətirdiyi qırış və dəyişikliklərdən qaçmaq mümkün deyil. Buna baxmayaraq, qırışların dərinləşməsini gecikdirmək realdır. Aydın məsələdir ki, müasir tibb bunun üçün bir çox prosedurlar təklif edir. Lakin onların qiymətləri az-çox hər kəsə məlumdur.

Qaşıqla üz masajı

Adi bir qaşıqla qırışların yaranmasını gecikdirən təbii üsulla tanış olun.

Göz altında əmələ gələn qara halqaları aradan qaldırmaq və dərini cavanlaşdırmaq üçün adi çay qaşığı götürmək kifayətdir. Yatmazdan əvvəl makiyajı silib, nəmləndirici krem çəkin. Çay qaşığı alın və onu spirtlə dezinfeksiya edin.

Daha sonra qaşığı buzlu suda saxlayıb üst göz qapaqlarına qoyun. Bu prosesi 5 dəfə təkrar edin. Eyni əməliyyatı alt göz qapaqlarına da tətbiq edin. Belə bir kompress sizi gözətrafı qara halqadan və torbalardan xilas edəcək.

Qaşıqla üz masajı

Qaşıqla göz kompresini bitirdikdən sonra dəriyə sızma zeytun yağı sürtün. Yavaş-yavaş üzünüzü zeytun yağı ilə masaj edin. Asta hərəkətlərlə qaşığı göz xətti boyunca hərəkət etdirin. Yağlı qaşığı burun ətrafından saç diblərinə, gözün iç köşəsindən kənara, burun qanadlarından yanaqlara və gicgahlara qədər, gicgahlardan çənəyə, çənədən isə buxaq və boyuna doğru aparın.

Qaşıqla üz masajı

Hər hərəkət ən az on dəfə yerinə yetirilməlidir. Qaşığın dəridə rəvan şəkildə sürüşməsinə imkan vermək üçün onu tez-tez yağda nəmləndirin. Masajı bitirərkən üzü isti su ilə yuyun. Üzü çox silmək lazım deyil, qalan zeytun yağı dəri tərəfindən əmilir və onu nəmləndirir.

Effektli nəticə üçün masaj kursunu 10-12 gün yatmazdan əvvəl yerinə yetirin. Ümid edirik ki, bu cür faydalı məlumat gözlərin altında olan xoşagəlməz qara halqa və qırışları azaltmağa kömək edəcək.

publika.az

5 iyul 2019
GO BACK