Qadin.NET / Gəliniklərin tarixi

Gəliniklərin tarixi

Toyun ən önəmli komponentlərindən biri də gəlin donudur. Qızlar bu gün gözəl görünmək üçün xüsusi cəhd göstərirlər və ən gözəl gəlin olmağa çalışırlar. Bəs, gəlin donunun tarixi nədən ibarətdir? Müasir gəlin donları hansı modellərin sələfidir? Bu yazımızda gəlin donu modasının keçdiyi mərhələlərdən danışmışıq.

Gəlin donunun tarixi bizim düşündüyümüzdən çox daha öncəyə – minlərlə il geriyə gedib çıxır. İlk gəlin donu modelləri Qədim Misir dövründə yaranıb. Bu gəlin donları ağ rəngli, qat-qat kətan parçalarından ibarət idi.

Antik yunan mədəniyyətində də qadınlar gəlin donu olaraq ağ parçadan hazırlanan libaslar geyinirdilər. Çünki yunan mədəniyyətində ağ rəng xoşbəxtliyin simvolu idi. Qadınlar bu ağ libaslar vasitəsilə xoşbəxtliklərini əks etdirmiş olurdular.

Gəliniklərin tarixi

Romada isə gənc qızlar sarı rəngdə gəlin donlarına üstünlük verirdilər. Nikah mərasimlərində həm sarı gəlin donu geyjnir, həm də sarı örtükdən istifadə edirdilər. Çünki örtük qadının evli olduğunu göstərirdi.

Orta əsrlərə gəldikdə, Avropada gəlin donu rəngi nisbi xarakter daşıyırdı. Qızlar rəngdən daha çox parçalara diqqət edirdilər. Parça keyfiyyətli və gəlin donu isə dəbdəbəli olmalı idi. Bunun səbəbi isə daha çox siyasi xarakter daşıyır. Çünki keçmişdə evlilik bir birini sevən və seçən iki insanın həyatını birləşdirməsindən daha çox ortaqlıq demək idi. Xüsusilə iqtisadə vəziyyəti yüksək olan, ya da vəzifə sahibi ailələri arasında gənclərin evlənməsi bir ortaqlıq ya da fərqli siyası ittifaqların təməli hesab olunurdu. Buna görə də, təşkil edilən mərasimlər sadəcə gəlinin və bəyin deyil, həmçinin ailələrin də dəbdəbəsini sərgiləməliydi. Zəngin zümrəyə məxsus olan gənc qızlar gəlin donlarında ən keyfiyyətli, ən bahalı, ən dəbdəbəli parçaları seçirdilər. Orta və ya kasıb zümrənin nümayəndəsi olan qızlar isə sahib olduqları ən dəyərli libası gəlin donu kimi istifadə edirdilər.

Əgər orta əsrlər Şərqinə nəzər yetirsək daha fərqli bir mənzərəylə qarşılaşarıq. Parçaları və ipəyilə məşhur olan Hindistan və Çin toyları dəbdəbəsi və ehtişamı ilə fərqlənirdi. Hər iki mədəniyyətin ortaq xüsusiyyəti o idi ki, uzun və qırmızı libaslar gəlin donu olaraq bilinirdi. Hazırda Çində gəlin donları müasirləşsə də, Hindistanda parlaq, keyfiyyətli parçalardan hazırlanan ənənəvi “sari” ağ gəlinliyin yanında öz mövqeyini qoruyur.

Azərbaycanın qədim adət ənənəsinə görə gəlin öz toyunda başdan ayağa kimi yalnız oğlan evinin biçib-tikdirdiyi və ya aldığı paltarları geyməlidir. Buraya əsas etibarilə “zircamə” deyilən bəxt köynəyi, yun şal, yaxud qırmızı məxmər və ya zərxaradan tikilib yaxası pullu, üzəri əl ilə işlənmiş üst paltarı “don” və ya “nimtənə” deyilən qolsuz bir gödəkçə, yaxud ətəyinə bafta, qaytan və gümüş pullar tikilmiş “ətəklik” adlanan kofta, xara tuman və s. libaslar daxildir. Ötən çağlar bu dəstdə ipək və məxmər parçalardan tikilmiş gəlinlik arxalığı da daxil olub.

Üst paltar və duvaq bütün türk xalqları arasında, ağ-bəyaz rəngdə olduğu halda, azərbaycan xalqında bu geyim tarix boyu od-alov və can sağlığının rəmzi sayılan müqəddəs al qırmızı rəngdə olmuşdur. Gəlin aparılan zaman onun qoluna qırmızı parça bağlanması, başına qırmızı çalma vurulması əski odsevərlik çağlarının əks-sədası sayılır.

6 oktyabr 2020
GO BACK