Şərflər qarderobumuzun çox praktik bir əşyasıdır. Bir az fantaziyanı və çevik əlləri işə salmaqla ondan hər bir imici tamamlayan aksesuar kimi istifadə etmək olar. Hər birimizin qarderobunda mütləq 1-2 müxtəlif şəkillərdə olan gözəl şərf və yaylıqlar var. Onlar ayrılıqda çox gözəl olsalar da, əksərən onları eyni üslublarda isifadə edirik. Düşünürük ki, onlar yalnız soyuq havalarda boğazımızı qorumaq üçün lazımlıdır. Bir balaca diqqətli olmaq kifayətdir ki, öz obrazını çox maraqlı bir şəkildə tamamlayasan.
Şərf çoxdadır ki, imic formalaşdırmaq üçün dəbli aksesuar kimi istifadə olunur. Tərzinizin yadda qalmasını istəyirsinizsə, öncə hansı uzunluqda şərf və yaylıqları və bədəninizin hansı nahiyəsində istifadə edəcəyinizə dair düzgün qərar verməlisiniz. Sadəcə olaraq bir neçə şərf götürün və sadə ardıcıllıqla təqdim olunan modelləri izləyin və müxtəlif obrazlar yaradın. Bir neçə dəqiqə vaxt ayırmaqla şərfinizi gözəl formalarda bağlaya bilərsiniz.
İlk təqdim etmək istədiyim model sizə çətin görünməsin. İlk olaraq uzun şərf götürün və onu boynunuzun arxasından qoyub bir dəfə dolayın. Son boynun arxasından möhkəmlik üçün düyün vurun. Ön hissədə dolanmış olan aşağı halqanı nisbətən boşaldıb sərbəst ucu yuxarıdan onun içinə salıb sərbəst buraxın. Sonra isə yuxarıdakı halqanı nisbətən boşaldıb digər sərbəst ucu yenə də eyni qayda ilə halqanın içinə salın və boynunuzda tarazlayın.
Sizə böyuk yaylıq lazım olacaq!
Bir addımla çox cəlbedici görünəcəksiniz. Sadəcə yaylığı boynunuzun arxasında uclarını düyünləyib və düyünü önə fırlatmağınız lazımdır.
Bəs buna nə deyirsiz? Çox gözəldir, elə deyilmi?
Dar və nisbətən bərk materialı olan çox da uzun olmayan şərfdən çox gözəl alınır. Şərfi boynunuzda bir dəfə boş düyün vuraraq sabitləyin, uzun ucunu qarmon kimi bükün, balaca ucunu isə "qarmonun" ortasına dolayıb bərkidin.
Çox sadə və eleqant daha bir modeldir. Şərfin diaqonal ucları bağlanıb, boyuna salınıb və düyün arxada gizlədirlir.
Daha maraqlı olsun deyə bir neçə video materialı da sizə təqdim etmək istəyirəm!