Dost üzə, düşmən isə ayağa baxar.
Bu qədim el misalında böyük bir həqiqət var. Təsəvvür edin ki, çox gözəl geyinmisiniz, son dəblə, zövqlə, amma ayaqqabılarınız bu dəbə uyğun gəlmir. Belədə dostunuz bunu üzünüzə vurmayacaq. Amma bədxahlarınız o dəqiqə gözünü ayaqlarınıza dikib deyəcək: bu nə ayaqqabıdır geyinmisən?
Ən adi paltar belə yaxşı dəbli ayaqqabı ilə çox gözəl görünə bilər. Bunun üçün hər mövsümün öz dəbi, öz ayaqqabıları olduğunu unutmayın. Parlaq görünmək istəyirsənsə, ilk növbədə göz önünə yeddi rəngli göy qurşağını gətirib, onda əks olunan rənglərdə ayaqqabı geyinmək məsləhətdir. Geyimlərinizlə ayaqqabılar bir-biri ilə həmahəng olmalıdır. Əks təqdirdə təlxəyə bənzəyə bilərsiniz.
Paltarın daha yaraşıqlı görünməsi üçün geyinilən hüdürdaban ayaqqabılar ayağa daha artıq yük düşdüyü üçün dırnaq problemləri, barmaqlarda narahatlıqlar, burxulma, zədələnmə kimi problemlərə səbəb olur. Ancaq idman ayaqqabıları da düşündüyümüz qədər sağlam deyil. Bu tip ayaqqabılar havalandırılmadıqda və təmizliyə riayət edilmədiyi təqdirdə göbələk kimi dəri xəstəliklərinə səbəb olur. Bu səbəbdən ayaqqabı seçərkən bunlara diqqət etmək məsləhətdir.
Çünki, ayaqlar gün boyu üzərinə yük düşdüyü üçün şişir. Ayaqlarınız şiş olduğu halda ayaqqabı seçərkən rahat olduğunuzu hiss edəcəksiniz. Amma bu rahatlıq ayağınızın şişi çəkilənə qədər davam edə bilər.
Ayağınızda yoxlamadan almayın.
Üzərinə yük düşəndə ayaqlar uzanıb genişləndiyi üçün satın alacağınız ayaqqabını ayağınızda üstünə basaraq yoxlayın.
Az hündürdaban ayaqqabıları seçin.
Topuğun burxulmasının qarşısını almaq üçün daha geniş və alçaqdabanlı ayaqqabıları seçin. Ayaqabının altının geniş olması tarazlığı daha yaxşı qoruyur. Ayaqqabının yüksəkliyi 2,5 sm-dən yüksək olmamalıdır. Ancaq daha yüksək hündürdabanlardan imtina edə bilmirsinizsə, ayaq sağlamlığınızı qorumaq üçün onları az geyinməyə çalışın. İş yerinizdə hündürdabansız olmaz deyirsinizsə, işə gedib-gələrkən düz ayaqqabılardan istifadə edin. Hər axşam ayaqlarınızı ilıq suda 5-10 dəqiqə saxlayın, masaj edin.
Geniş burunlu ayaqqabılar alın.
Burnu şiş uclu ayaqqabılar barmaqların quruluşunda problemlər yarada bilər. Ön qismi geniş olan ayaqqabıları seçmək daha məsləhətlidir.
Yumşaq dabanlıları seçin.
Ayaqqabının dabanının yumşaq olması sağlamlıq üçün çox önəmlidir. Çox qalın və yumşaq olmayan, ya da çox incə olan ayaqqabılar ayaq, daban və oynaqlara artıq yük salaraq ağrıya səbəb olur.
Ayaqqabının iç quruluşu və yüksəkliyinə diqqət edin.
Ayaqqabının iç qismi çox sürüşkən və sərt olmamalıdır, ayaq hərəkətlərinə dəstək verəcək formada olmalıdır. Ayaqqabının üst qismi də barmaqlarınızı hərəkət etdirəcək qədər yüksək ya da yumşaq olmalıdır.
Neylon maddəli ayaqqabı almayın.
Ayağınızın hava alması üçün dəridən olan ayaqqabılara üstünlük verin. Neylondan olan ayaqqabılardan qaçın.
Satıcılara aldanmayın.
Ayaqqabını yoxlayarkən ayağınızı sıxırsa, satıcının bir müddət sonra açılacaq deməsinə inanmayın. Çünki düzgün ayaqqabıda belə şey olması mümkün deyil. Barmaqla ayaqqabının ucu arasında yarım santimetr boşluq qalmasına diqqət edin.
Ortopedik ayaqqabılar alın. Bu tip ayaqqabılar daşıyıcı nöqtələri dəstəklədiyi üçün bədənin rahat hərəkət etməsinə kömək edir və yorulmağınızı gecikdirir.
Unutmayın!
Qayda в„–1: Ağ və qara paltarla rəngli ayaqqabı geyinmək olar! Amma bu geyimdə digər aksessuarlar da (çanta, toqqa, kəmər, klatç) bu rəngə uyğun olmalıdır.
Qayda в„–2: Parıltılı, göz qamaşdırıcı geyimlərlə eyni rəngdə ayaqqabı, çanta və digər aksessuarlardan istifadə etmək olmaz.
Ayaqqabılar haqqında maraqlı fakt
Bir qadının ömrü 469 ayaqqabıdan ibarətdir. İngiltərədə aparılan araşdırma belə maraqlı nəticə çıxarıb. İngiltərədə maliyyə xidmətləri ilə məşğul olan "gocompare.com" saytının apardığı araşdırmada 3 mindən artıq qadın iştirak edib. Minlərlə qadın arasında aparılan sorğuya görə, zərif cinsin nümayəndələri həyatları boyu ayaqqabılara minlərlə dollar pul xərcləyirlər. Bundan əlavə qadınlar təxminən ildə yeddi cüt ayaqqabı alılar. Bununla da qadınlar həyatları boyu orta hesabla 469 cüt ayaqqabı sahibi olurlar. Qadınların 40 faizi ayaqqabıları cazibədarlığın əsas simvolu hesab edirlər və ayaqqabıya xərclədiklər pula görə peşmançılıq çəkmirlər.
Yastı yoxsa hündür? Hansı cür ayaqqabını seçək?
Daim hündürdaban çəkmədə gəzməyin sağlamlığa zərər vurduğu çoxdan məlumdur, lakin son illər dəbə düşmüş altlığı tamam yastı tufli və uzunboğaz çəkmələr də heç faydalı sayılmır. Ortopedlərin fikrincə, yastıdaban çəkmələrə məhəbbət insana baha başa gəlir. Son vaxtlar yastıdaban çəkməsevərlər arasında travmaların sayı kəskin artıb. Həkimlərin dediyinə görə yayın sonlarında vəziyyət xüsusilə gərginləşir. Kişilərə nisbətən qadınlar ayaqlarında ciddi ağrılardan və onurğa sütunundakı problemlərdən daha çox şikayətlənirlər. Bəs yastıdaban nəyə görə təhlükəlidir?
Birincisi, adamlar fərqinə varmırlar ki, belə çəkmədə ayaqlarını sürütləyirlər. Yastı çəkmə altlığı sanki pəncəni səndəlin içinə sığınmağa vadar edir, belədə də bağ və vətərlər dartılır. Bu cür gözəgörünməyən dəyişmələr sonralar ayaq barmaqlarında ciddi ağrılara səbəb olur. Bu azmış kimi pəncə özünü narahat hiss edən kimi dizlər də "sökülməyə" başlayır. Ortopedlər daim nə yastıdaban, nə də hündürdaban çəkmə geyinməyi məsləhət görürlər. Onların fikrincə, daban üçün ən ideal hündürlük 2,5 santimetrdir.
Qadın ayaqqabılarının dabanı neçə sm olmalıdır?
Çox hündür dabanlı ayaqqabılar qadını hündür və cazibəli göstərir. Ancaq ortopedistlər bunu qadınlar üçün nə qədər təhlükəli olduğunu müəyyənləşdiriblər. Türkiyəli həkimlərin verdiyi məlumata görə qadın ayaqqabılarının dabanı 5 sm-dən artıq olmamalıdır. Daha hündür olduğu halda ayaq barmaqlarının fizioloji dəyişməsi və dırnaqların batması müşahidə olunur ki, bu da öz növbəsində ciddi fəsadlara yol açır.
Son olaraq belə nəticəyə gəlmək olar ki, ayaqqabılardan elə istifadə edin ki, dostunuz baxıb sevinsin, bədxahlarınız isə sarsılsın!