Hollivud ulduzları ağlagəlməz kostyumları ilə dünya modasını silkələyib.
Dünən Nyu-Yorkda, Metropoliten İncəsənət Muzeyinin nəzdindəki Kostyum İnstitutunda "Met Gala" gecəsi keçirilib.
Anna Vinturun rəhbərliyi altında baş tutan gecədə moda mütəxəssisləri və birinci dərəcəli ulduzlar ənənəvi olaraq qırmızı xalça üzərindən keçərək fotoqraflara poza verib. Kostyum qalasının hazırlıqlarına aylar əvvəl start verən məşhurlar təmtəraqlı, qəribə və ağlagəlməz obrazları ilə bir-biri ilə rəqabət aparıb.
Bu ilin əsas mövzusu kemp olub: XX əsrdə bu söz "müəyyən bir personaj yaratmaq üçün istifadə edilən şişirdilmiş hərəkətlər və jestlər"ə deyilirdi. Kemp zarafatcıl qroteskin, ədəbsizliyin və süni teatrallığın estetikasıdır. Qonaqların belə bir obraz yaratmaq cəhdlərinin uğurlu alınıb-alınmadığını fotolara baxıb özlərini mühakimə edin.
Qırmızı xalçada ilk görünənlərdən biri qalanın kraliçası - Ledi Qaqa olub. Müğənni və aktrisa ən real performansı göstərib. Qaqa Brandon Maksvellin onun hazırladığı möhtəşəm küp çiçəyi rəngində uzun paltarında yol boyunca addımlayıb. Bir neçə dəqiqə sonra o, yerə qədər sürünən paltarı əynindən çıxararaq fotoqraflara qara klassik libasda poza verib. Bir qədər sonra o, qara paltarı da soyunaraq çəhrayı atlas libasını nümayiş etdirib. Sonda o, çəhrayı libasını da soyunub və alt paltarında kamera qarşısına keçib.
Müğənni Keti Perri dünən gecə çilçıraq olmaq qərarına gəlmişdi. Aktyor Cared Loto qırmızı xalçaya özünün kəlləsi, daha doğrusu kuklası ilə birlikdə təşrif buyurmuşdu.
Gecənin ən diqqət çəkən ulduzları sözsüz ki, Cennifer Lopes, Bella və Cici Hadid bacıları, Priyanka Çopra, Emili Ratakovski, Naomi Kempbel, Sara Cessika Parker, Kendal Jenner və başqaları olub.