Qadin.NET / "Gucci"-nin tarixi(1)

"Gucci"-nin tarixi(1)

"Gucci"-nin tarixi(1)

«Gucci» müasir moda dünyasının ən nüfuzlu və avtoritetli markalarından biridir. Bu dünya şöhrətli brendin hansısa məhsuluna sahib çıxmaq istəyən insan üçün «Gucci»nin kostyum və ya qalstuku əsil möcüzə kimi səslənir. Onu yalnız və yalnız Kristian Dior, İv Sen Loran kimi markalarla müqayisə etmək mümkündür. Toxunduğu hər şeyi qızıla çevirən əfsanəvi şah Midasa kimi «Gucci» şirkəti də hansı işə əl qoysa, hətta bu, avtomobil təmir etmək üçün adi alət olsa belə, onu cah-calala çevirər. Bir sözlə, «Gucci» xüsusi şarm, stil və mükəmməl zərifliyin simvoludur. Məhz buna görə, artıq 100 ildir ki, «Gucci» moda evinin adı moda və dizayn dünyasının açarı hesab olunur. Halbuki hər şey yalnız xəyallarla başlamışdı. Bəlkə də, vaxtilə bu moda evinin banisinin möhkəm iradəsi olmasaydı bu gün «GUCCİ» sözünü heç kim həyəcanla dilə gətirməzdi. 

 

Birinci hissə: Florensiyalı modelyer

Beləliklə, söhbətimizə Gucci Moda Evinin yaradıcısının həyat hekayəsi ilə başlayaq. Quççio Quççi (Guccio Gucci) 1881-ci ildə İngiltərədə anadan olsa da, onun ailəsi Florensiya əsilli idi. Quççi İngiltərədə 1921-ci ilədək yaşayıb. O, burada böyük oteldə liftçi kimi işləyirdi. İşini itirdikdən sonra isə Quççio öz vətəninə dönmək qərarına gəlir. İtaliyaya qayıtmaq gələcəyin məşhur modelyerinə 30 min lirə başa gəlir. Vətənə qayıdar-qayıtmaz Quççi burada dəri çamodanlarının istehsalı ilə məşğul olmağa başlayır. Onun açdığı kiçik mağaza isə sonradan bütün Avropada məşhurlaşır. Florensiyalı dizaynerin hazırladığı aksessuarlar qısa müddət ərzində keyfiyyət rəmzinə çevrilir. «Gucci» şirkəti sonradan jokeylər üçün modellər hazırlamağa başlayır. Avropanın ən yaxşı atçıları yarışlarda məhz bu markanın geyimləri ilə çıxış edirdilər.

1937-ci ildə şirkət öz fəaliyyətini genişləndirərək qadın çantaları da hazırlamağa başlayır. Bir ildən sonra isə Romada Quççinin mağazasının təntənəli açılış mərasimi keçirilir. 1947-ci ildə şirkətin bambukdan istifadə etməklə hazırladığı əl çantalarını işlətməyə başlayan Hollivud ulduzu Qreys Kelli «Gucci»nin simasına çevrilir. Bir neçə ildən sonra isə həmin çantalar Jaklin Kennedinin əlində görünməyə başlayır. Bu isə «Gucci»nin şöhrətinin artıq ölkənin sərhədlərini aşması anlamına gəlirdi.

1923-cü ildə Quççi Florensiya gəncləri üçün dəridən bəzək əşyaları hazırlamaq qərarına gəlir. Həmin vaxt dünyaşöhrətli modelyer həm də şirkətin hələ mövcud olmayan loqotipi üzərində düşünürdü. Bir-birinə sarılmış «G» hərfini görəndə isə Quççi nəinki uğurlu bəzək əşyası hazırladığını, həm də şirkətin loqotipini tapdığını anlayır. Həmin loqotip ki, sonradan ona dünya şöhrəti və var-dövlət qazandıracaq bir talismana çevriləcəkdi. «La Gucci Vita» markası ilə yaradılmış bəzək əşyaları insanları o qədər heyrətləndirmişdi ki, Quççinin artıq sifarişlərin arasında itib-batmışdı. Bir neçə ildən sonra isə Apennin yarımadası ərazisindəki «Gucci» butiklərinin sayı-hesabı yox idi. Şirkətin çiçəklənməsi isə Mussolininin dövrünə təsadüf edir. Onun iqamətgahının dizaynı da Quççi ailəsinin üzvlərinə həvalə olunmuşdu.

 

"Gucci"-nin tarixi(1)

Guccio Gucci 

Artıq ailə böyük bir şirkətə, şirkət isə böyük ailəyə çevrilmişdi. «Gucci»yə uğur və var-dövlət qazandıran da məhz bu idi. 1953-cü ildə Quççi Manhettendə ilk mağazasını açır. Bununla da o, Amerika moda bazarına ayaq açan ilk italyan olur. Amma tale ona bütün arzularını həyata keçirməyə macal vermir. Dünya şöhrətli şirkətin banisi elə həmin ildə vəfat edir. Onun yaratdığı moda evi isə oğlanları Aldo, Vasko, Uqo və Rodolfa miras qalır. Övladlar atalarının yolunu davam etdirərək Paris, London və Tokioda mağaza açırlar. Həmin illərdə «Gucci»nin Odri Hepbern, Piter Sellers, Sofi Loren, Ronald Reyqan və onun həyat yoldaşı kimi məşhur pərəstişkarları vardı. 1960-cı ildə artıq dünya moda aləmində populyarlıq qazanan «Gucci»nin adı «şik» sözünün sinonimi kimi səslənirdi. Ronald Reyqan ABŞ prezidenti olana kimi hər yerdə fəxrlə «Gucci» firmasının ayaqqabılarını geydiyini deyirdi. Kürsüyə qalxdıqdan sonra isə ölkə prezidenti kimi o, artıq yerli malları tərifləməyə məcbur idi.

İtaliyada Qreys Kellinin şirkətlə münasibətləri barədə də maraqlı əhvalatlar danışılırdı. Deyilənlərə görə, Qreys Kelli bir dəfə Romaya gəlmiş və üzərində «Gucci»nin markası olan güllü ipək şərfə sahib olmaq arzusunu bildirmişdi. Amma o, burada xoşuna gələn model tapmır. Şirkət rəhbərliyi dərhal dizaynerlərə sifariş verir. Kelli öz sifarişini alanda şərfin üzərindəki zərif çiçəklərə heyran qalmışdı. Həmin şərf sonradan kütləvi satışa çıxarılır. Monaka knyazı Renye buna bənzər şərfləri Qreys Kelli ilə toy mərasimlərindən sonra bütün qonaqlara hədiyyə verib. Bununla da «Gucci» artıq meşşan saray xadimlərinin markası statusunu itirir. 60-cı illərdə yaxşı ailələrdən olan qızlar ən çox «Gucci»nin xəz mantoları, mirvari zinyət əşyaları, əl çantaları, saç sancaqları, dəsmallar və ayaqqabılarına müraciət edirdilər. XX əsrin 60-cı illərində ən çox «loafer» adlı mokasin tipli ayaqqabılar dəbdə idi. «Gucci» markası tədricən şan-şöhrət rəmzinə çevrilirdi. Əgər əvvəllər Quççinin pərəstişkarları avanqard pleyboylar idisə, indi artıq kino və şou-biznes ulduzları da onlarına sırasına qoşulmuşdular. Paxıl rəqibləri Kennedi cütlüyünü Quççinin himayəçisi adlandırırdılar. Çünki Jaklinin istifadə etdiyi bambukdan hazırlanmış çanta və Conun hazırda Nyu-Yorkun müasir incəsənət muzeyində saxlanılan eksklüziv mokasinləri Quççiyə dünya şöhrəti qazandırmışdı. Beləliklə, «Gucci» artıq yaranmasının 50-ci ilində sifarişçilərinin əksəriyyəti elit cəmiyyətin nümayəndələri olan fashion-şirkətinə çevrilmişdi. 


 

Ardı var...

Müəllif: Zeynəb Rəhimova 
Mənbə;Bona Mente juranlı 

2 noyabr 2016
GO BACK