Bakteriyalar çox sürətlə bölünür. Belə bölünmə nəticəsində bir bakteriya nəsli 5 gün ərzində dünya okeanını doldura bilərdi. Lakin təbiətdə belə hadisə baş vermir.
Yaşadıqları mühit şəraitindən asılı olaraq, bakteriyalar geniş müxtəlifliyə malikdir. Onlar hüceyrələrinin forması, tənəffüz, qidalanma və digər xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Formasına görə bakteriyalar- koklar, basillər, spirillər və vibrionlara bölünür.
Oksigen təlabatına görə aerob və anaerob bakteriyalara bölünür. Aerob bakteriyalar tənəffüz üçün oksigendən istifadə edir, anaeroblar oksigensiz mühit şəraitində yaşayır.
Qidalanma tiplərinə görə bakteriyalar avtotrof və heterotrof bakteriyalara bölünür.
Avtotrof bakteriyalar
Qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edir. Bunlar özləri də enerjidən istifadəsinə görə iki qrupa- fototrof və xemetrof bakteriyalara bölünür. Fototrof bakteriyalar, yaşıl bitkilər kimi, fotosintez prosesini həyata keçirərək, üzvi maddələr sintez edir. Onlar enerji mənbəyi kimi günəş enerjisindən istifadə edirlər. Bu bakteriyalara yaşıl və qırmızı bakteriyalar, həmçinin sianobakteriyalar aiddir. Lakin digər fotosintezedici bakteriyalardan fərqli olaraq, sianobakteriyalar ətraf mühitə oksigen qazı xaric edir. Xemetrof bakteriyalar, fototroflar kimi, qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edir (məsələn, dəmir və kükrüd bakteriyaları). Lakin onlardan fərqli olaraq, enerji mənbəyi kimi kimyəvi rabitələr enerjisindən istifadə edir.
Hetrotrof bakteriyalar.
Bakteriyaların əksəriyyəti heterotrof yolla qidalanır. Lazım olan üzvi maddələri xarici mühitdən alır. Bu səbəbdən parazit və saprotif bakteriyalara bölünür.
Parazit bakteriyalar digər canlılarda parazitlik edərək onların üzvi maddələri ilə qidalanır,nəticədə xəstəlik törədir. Bitki, heyvan və insanlarda xəstəlik törədən bir çox parazit bakteriyalara rast gəlinir.
Saprotiv bakteriyalar üzvi qalıqlarla qidalanır. İfraz etdikləri maddələrlə ölmüş orqanizmlərin parçalanmasında və çürüməsi prosesində iştirak edir. Heterotrof çürüntü bakteriyaları bitki və heyvan qalıqlarını çürüdərək minerallaşdırır. Saprofit bakteriyalara qıcqırma bakteriyaları da aiddir.