Mobil telefonlar, televizorların ardınca üzüklər də "ağıllandı".
Qadin.Net nələr edə biləcəyinə inanmayacağınız texnoloji üzüyü təqdim edir.
Bu günə qədər fərqli texnoloji markaların müxtəlif çeşidli geyim məhsullarının şahidi olmusunuz. Bu məhsulların ən orijinalını isə Melaniya və Stiv Şapiro adlı cütlüyün qurduğu "Token" adlı şirkət təqdim edib.
Bu şirkətin böyük çalışmalardan sonra ərsəyə gətirdiyi üzük sayəsində artıq kredit kartı, nəqliyyat vasitələrində istifadə edilən plastik kartları, müxtəlif açarları daşımağa ehtiyac qalmayacaq.
Sadə və gözəl dizayna malik olan üzüyün paslanmaz polad, qara rodium və 14 karat qızıldan istehsal edilmiş 3 fərqli modeli mövcuddur.
Barmaq izini tanıması sayəsində bu aksesuarı sadəcə üzüyün sahibi istifadə edə bilir. Başqa biri üzüyü taxdığı zaman üzüyün üst hissəsindəki kiçik ekranda qırmızı işıq yanmağa başlayır.
Ağıllı üzüyün daha bir özəlliyi 50 metr dərinliyə qədər su keçirməməsidir. Bunun sayəsində üzükdən duş qəbul edərkən, hovuzda çimərkən rahatlıqla istifadə edilə bilər.
İstehsalçılar "Microsoft" şirkəti ilə ortaq iş sayəsində daha bir yeniliyə imza atıblar. Belə ki, bu üzük kompüterlərin şifrəsini aça bilir: kompüterin kodu üzüyə qeyd edilir. Şifrəni açmaq lazım gələrsə, üzüklə iki dəfə masaya vurulur.
Qeyd edək ki, dekabr ayında satışa çıxarılacaq məhsul kabelsiz enerji yığma özəlliyinə sahibdir və iki həftə enerji saxlaya bilir.