Qadin.NET / Tahirə Qürrətül-Eyn - 200 (IV hissə)

Tahirə Qürrətül-Eyn - 200 (IV hissə)

 

Tahirə Qürrətül-Eyn - 200 (IV hissə)

Babın edamına cavab olaraq bir dəstə hərəkat üzvü 15 avqust 1852-ci ildə Nəsrəddin şah Qacara səthi düşünülmüş və ya uğursuz sui-qəsd edir. Şah cüzi yaralanır, sui-qəsdçilər öldürülür. Bu hadisədən qeyzlənən şah və hakimiyyət üsyançılara qarşı ciddi tədbir görməyi qərara alır. Hərəkatı birdəfəlik məhv etmək üçün bütün ordu səfərbərliyə alınır

Bu qəsddən sonra Tahirənin babi dinini və siyasi baxışlarını etiraf etməsi sadəcə ölüm cəzası deyil, həm də ən dəhşətli işgəncələr demək idi və bu hadisə Qobino, Ledi Şeyl, Polak və Usşer tərəfindən canlı bir şəkildə təsvir edilmişdir. Hətta Qürrətül-Eyn onda öz dinini danmaqla ölümdən qurtula bilər və şərəfli şəhidliyini və ölümsüz şöhrətini bir neçə illik həyata dəyişə bilərdi; lakin onun alicənab ruhu buna ikrahla yanaşır.

Bu ərəfələrdə Mirzə Ağa Xan Nuri İranın Sədri-Əzəmi təyin olunur. Baş Nazir baş qazi Molla Mirzə Məhəmməd Eldermani və Hacı Molla Əli Keniyə əmr edir ki, Tahirəylə söhbət etsinlər və onun inanclarını yoxlasınlar.

Tahirə Qürrətül-Eyn - 200 (IV hissə)

Qürrətül-Eyn bir strategiya fikirləşəndə hadisələrin çox pis şəkil alması riski böyük idi. Bu planı başa düşmək üçün bilmək lazımdır ki, şiə təriqəti islamdan dönmüş hər bir kəsi bağışlamadan ölümə məhkum edir. Heç bir səbəb qəbul edilmir və hətta günahkar islama qayıtsa da, qanunun onun əleyhinə çıxardığı hökmü ləğv edə və ya saxlaya bilməz. Lakin qadınlar üçün bu belə deyil. Onlar sadəcə nəsil verən heyvanlardır, onlar öz hərəkətləri üçün məsuliyyət daşımırlar. Onlardan biri dinini dəyişsə - əslində şüuraltı istisna olmaqla bunu edə bilməz - kimsə onun başına ağıl qoymalı, onu öyrətməli, günahını başa düşməsinə kömək etməli və islama qaytarmalıdır. Onun öz dininə qayıdışı bağışlanmasını təmin edir. Lakin əgər o öz səhvində israr edərsə, ancaq onda və onda o, ölümü haqq edir.
Nəinki Şərqdə, həm də vaxtilə Qərbdə və bütün dünyada qadınların kişilərdən aşağı rolunu iddia edənlərə qarşı Doktor John Ebenezer Esslemontun irəli sürdüyü bu fikirl çox maraqlıdır. “ Bəzi alimlər belə mülahizə irəli sürürlər ki, kişilərin beyninin çəkisi qadınların beyninin çəkisindən ağırdır və onlar bunu kişilərin üstünlüyünə dəlil sayırlar. Lakin biz həyatda başı kiçik olan kişilərə rast gəlirik ki, onların beyinlərini çəkisi azdır, lakin onlar böyük ağıl və geniş idrak gücü nümayiş etdirirlər. Iri başı və ağır beyni olan kişilər vardır ki, əqli cəhətdən inkişaf etməmişlər. Buna görə də beynin çəkisi ağlın inkişafı və ya üstünlüyü üçün həqiqi meyar deyildir.
Bu iki kişi ilə dustaq arasında səkkiz (!) görüş keçirilir... Tahirə Qürrətül-Eyn elmdə ondan xeyli aşağıda dayanan, dini öz məqsədləri üçün alət edən mollalara deyir: - “ Sizin gətirdiyiniz dəlillər cahil və nadan bir uşağın dəlilləridir. Siz bu sərsəmlikləri, bu yalanları nə vaxt saxlayacaqsınız? Siz gözlərinizi nə vaxt qaldırıb Həqiqət Günəşinə baxacaqsınız ? “.
Tahirə yeni bir yolla gedirdi. O, ənənəçiliyin qandallarını qırırdı. Onun mühazirələri din xadimlərinin hakimiyyətlərinin kökünə vurduğundan onlar təşvişə düşdülər. Din xadimləri ondan qurtulmaq istəyirdilər.
Bu ağır sözlərdən qəzəblənmiş Hacı Molla Əli ayağa qalxıb yoldaşına deyir: “ Bir kafirlə çoxlu müzakirələr aparmağın nə faydası olacaq ?! “ Tahirənin dindən döndüyünü və tövbə etməkdən imtina etdiyini təsdiq edən bir hökm çıxararaq Quran adı ilə onu ölümə məhkum edirlər.
Tahirə atəşli temperamentə, aydın və parlaq zəkaya, heyranedici təmkin və ramedilməz cəsarətə malik olduğundan onu əqidəsindən döndərmək mümkün olmur.
İran tarixçisi Sepehr təəccüb edir ki, onun qədər gözəl olan bir qadın necə həm də “ ərəb ədəbiyyatında, hədisləri əzbər bilməkdə, Quran ayələrinin məcazi təfsirlərində bu qədər mükəmməl “ ola bilərdi.
Füsunkar gözəlliyi, möcüzə hesab edilən savadı, cah-cəlal içində keçən ömrü, ailəsi, üç övladı, sürgünlərdə və həbsdə keçən həyatı onu əqidəsindən döndərə bilmir. Nəhayət, 1852-ci il 15 sentyabr çərşənbə günü gəlir. O, üzünü cəlladlarına tutaraq deyir: “ Siz məni istədiyiniz qədər tez öldürə bilərsiniz, amma qadınların azadlığını-emansipasiyasını saxlaya bilməyəcəksiniz “.
Onu Britaniya Nümayəndəliyinin və Türkiyə səfirliyinin qarşısında, kifayət qədər böyük bir həyəti olan “Elxani “ adlanan bağda işgəncələrlə edam edirlər. Fikrindən döndərməkçün yarımcan olana qədər boğur, sonra günahlarını etiraf edəcəyi təqdirdə bağışlanacağını söyləyirlər. Yenə də inadından dönmür, nə şah rejimini, nə də din xadimlərini saya salmadığını bildirir. Öldürdükdən sonra kor quyuya atılaraq yandırılır, quyu daşla doldurulur. Izi itirməkçün ərazinin ot örtüyü başdan-başa yandırılır...
Şəhidlik bütün zamanlarda və bütün dinlərdə qürur və şərəf rəmzi olaraq qalmaqdadır. Əl Hüseyn ibn Həllac Mənsurun (858-922) Bağdadda, Nəimi, Nəsimi və Sərməd Şahidin (1618-1680) subkontinentdə gözqamaşdırıcı şəhidliyi insanların xartirində qalmaqdadır. Tahirə də öz həyatını qurban verəndə və o şəhidlərin yolunu təzələyəndə həm ərəb, həm də qeyri-ərəb dünyası ona cəzb olundu.
Tahirənin qardaşı Mirzə Əbdülvəhhabın sözlərinə görə, o zaman “ belə bir fəlakətdən qaçmaq üçün “ mollalar bütün qadınların oxumasının qarşısını almışdılar ki, nəbadə, onlar da oxuyub Tahirə kimi olalar ”.
Onun ölümü mübahisəlidir və hansının doğru olmasını söyləmək çətindir. Qobino deyir ki, boğub öldürdükdən sonra onu yandırıblar. Başqa bir versiyaya görə isə Nigarıstan adlı sarayın bağında quyuya atmış və üstünü daşla doldurmuşlar. Hər bir halda bu faktdır ki, onu qəddarcasına öldürmüşlər.
Tahirə Qürrətül-Eyn qadın azadlığı uğrunda ilk şəhiddir.
Edamından sonra Tahirənin külliyyatı toplanaraq yandırılıb. Onun çox az sayda yaradıcılıq nümunələri bizim dövrə gəlib çatıb ki, bunların da az bir qismi dilimizə tərcümə edilib.
Doktor Polak - Onun “föqvəlinsan ruh gücü” ilə öz nəsibini qarşılaması bir faktdır. “Mən hərbiyyə naziri və onun köməkçisi ilə birlikdə Qürrətül-Eynin edamına şahid oldum; bu gözəl qadın özünün yavaş ölümünü fövqəlinsan ruh gücü ilə qarşıladı.”
Zərrintac Tahirə haqqında ilk bioqrafiya amerikalı yazar Marta Rut tərəfindən qələmə alınıb. “ Pak Tahirə “ adlanan bu kitab 1938-ci ildə Karaçidə çap edilib. Kitab bir çox dillərə tərcümə edilsə də, bizim dilə hələ də çevrilməyib.
Onun haqqında fars, ingilis,urdu, italyan, alman, ərəb, fransız, afrikan, rus, polyak, holland, türk dillərində, dünya üzrə Yeni Kaledoniyadan Braziliyaya qədər, İsveçdən cənubi Afrikaya qədər bir sıra ölkələrdə çoxlu kitab və məqalələr yazılıb dərc edilmişdir. Onun şeirləri lent yazılarında, bəstələrdə, qiraət və mahnılarda oxunmuşdur. Amma biz bunlardan xəbərsizik.
Mahmud xan Kələntərin qardaşı oğlu, Tahirə Qürrətül-Eynin edamında iştirak etmiş gəncin ( Həsən bəy ) dediklərindən:
“ Britaniya Nümayəndəliyinin və Türkiyə səfirliyinin qarşısında, kifayət qədər böyük bir həyət var ki, 1893-cü ildə ləğv edildi. Bu həyətin ortasına doğru, küçə boyunca orda beş ya altı ağac vardı ki, onlar qəhrəman Tahirənin öldürüldüyü yeri göstərirdi, çünki o vaxt Elxani bağı ta oraya qədər uzanırdı.
1898-ci ildə mən Tehrana qayıdanda o həyət yox olmuşdu, onun yerini müasir tikililər tutmuşdu və mən bilmirəm ki, yeni sahib mömin bir əlin əkdiyi o ağaclara dəyər verib ehtiram göstərmişdimi? Bu gün isə Tahirənin atıldığı quyunun üstündə İran Milli Bankı yerləşir “.

Azərbaycanda Tahirənin həyatı və ictimai fəaliyyəti demək olar ki, yada düşməyib. Onun həyatı, mübarizəsi və yaradıcılığı haqda sanballı əsər demək olar ki, yoxdur. Çox nadir hallarda onun adı çəkilmiş, bu zaman da diqqət onun şairəlik fəaliyyətinə yönəldilmişdir. Onun əsas ictimai fəaliyyəti nə sovet tarixçiləri tərəfindən, nə də indiki dövr azərbaycan tədqiqatçıları tərəfindən demək olar ki, işıqlandırılmayıb. Onun irəli sürdüyü sosial ideyaların, xüsusən də qadın azadlıqları barədə söylədiklərinin üzərindən səthi keçilmişdir. Bunun köklü səbəbləri vardır. Sovet ideologiyası Şərq qadınlarına azadlığı sovet dövlətinin verdiyini iddia etməklə, Tahirə kimi şəxsiyyətin qabardılmasını istəmirdi. Acınacaqlı hal budur ki, bu haqda bu gün də danışılmır.

Ardı var...

 

Araşdırma müəllifi: Jurnalist-Kəmalə Əliyeva

22 fevral 2018
GO BACK