Qadin.NET / Tahirə Qürrətül-Eyn - 200 (II hissə)

Tahirə Qürrətül-Eyn - 200 (II hissə)

Tahirə Qürrətül-Eyn - 200 (II hissə)
Gənc alimin – qadının istedadından təsirlənən, dövrünün işıqlı düşüncəli, nüfuzlu alimi Seyid Kazım Rəşti cavabında onu “ Qürrətül-Eyn “ adlandırır. Görkəmli fransız diplomatı və parlaq bir yazar Comte de Gobineau bunu “ Gözümün təcəllisi və ürəyimin ruhu “ deyə şərh edir. Bütün bunlara rəğmən, Zərrintac heç vaxt dini biliyini təsdiq edən səlahiyyət almır, çünki, qadınlara belə sənədlərin verilməsi absurd idi.

Onun biliyi və bəlağətli danışığı öz dövrünün ən bilikli kişilərini mat qoyur. Zərrintac dini disputların birində təfsir və fiqh məsələləri ilə bağlı dövrün görkəmli alimlərini məğlub edir, lakin qadın olduğuna görə dini titul - müctəhid adını ala bilmir. Heyrət doğuran o idi ki, Qürrətül-Eyn təfsir və şərh məsələlərinin yalnız kişilərin inhisarında olması ənənəsini pozaraq, islamın 1200 illik tarixində Qurani-Kərimin ilk qadın təfsirçisi kimi adını tarixə yazır. Kərbəla və Nəcəf şəhərlərində keçirilən dini toplantı və disputlarda isə pərdə arxasından iştirak edən yeganə qadın olur. Elmi artdıqca müxalif düşüncəli alimlərlə onun arasında ziddiyyətlər yaranmağa başlayır. Bu, ailə münasibətlərinə də təsirsiz ötüşmür.
Ər-arvadın baxışları arasındakı fərq get-gedə böyüyür və münaqişələrə gətirib çıxarır. Molla Məhəmməd atasının - Molla Tağının təliminin yanlış tərəflərini görsə də, ondan çəkinir, bunu söyləməyə özündə güc tapa bilmir. Müti xarakterli alim həyat yoldaşını da fikirlərindən döndərməyə çalışır. Lakin onun bu cəhdləri faydasız olmaqla yanaşı, aralarındakı uçurumu daha da dərinləşdirir. Cütlük on üç il İraqda yaşadıqdan sonra Qəzvinə qayıdır.
Tahirə Qürrətül-Eyn - 200 (II hissə)

İran üləmaları arasında Zərrintacın nüfuzu çox böyüyür və yüksək zümrə din xadimləri onun bəzi fərziyyə və fikirlərini istəməsələr də, qəbul etmək məcburiyyətində qalırlar. Bu faktn özü çox əlamətdardır, çünki şiə müsəlmanlığı qadını heyvan qədər aşağı səviyyədə tuturdu: qadının ruhu yoxdur, o, ancaq nəsil artırmaq üçündür. Din alimlərinin ən çox üstünlük təşkil etdiyi Qəzvində, eləcə də o vaxt Osmanlı imperiyasının tabeliyində olan ərazilərdə Qürrətül-Eynin məntiqi qarşısında təslim olmayan bir alim belə qalmır.

“ Zərrintac İrana ( Qəzvinə) qayıtdıqdan sonra sadəcə bir qadın natiq deyildi. O, öz haqqı ilə həm də bir mütəfəkkir idi. Dünya barədə dərin messiya ( Məsih, Mehdi ) baxışına malik olan alim geniş tərkibli ailəsində dini məsələlər barəsində sadəcə müzakirələr aparıb meydan oxumur, o, indi onlara əks çıxır. Zərrintac yeni eranın başlandığını bəyan edir. O, sadəcə kişi din xadimlərinin sferasına daxil olmur, həm də bunun arxasında dayanan ehkamlara meydan oxuyur və onları dağıdır. Zərrintac dərin oturmuş mədəni, sosial və dini normalar üçün təhdid sayılır.

Təbii ki, Qürrətül-Eyndən əvvəl də bəzi qadınlar dini məsələlər barəsində yazmışlar və danışmışlar. Din xadimləri və imtiyazlı yüksək təbəqənin bəzi qızları üçün, xüsusilə də dini məsələlərdə yüksək təhsilli olmaq təsadüf deyildi. Lakin normada, bu cür bilik, onun ifadəsi və onun barəsində danışmaq özəl və ya ailə mühitləri ilə məhdudlaşırdı. Dua kitabları, qadınlar və uşaqlar üçün dini təlimat kitablarına icazə verilirdi; lakin kişilərə moizə oxumaq və ya ehkam məsələlərində bəyanət verməyə izn verilmirdi.Təfsir səlahiyyəti ciddi şəkildə kişilərin inhisarında idi. Əgər nadir hallarda qadın müctəhid statusuna nail olurdusa da, onların qərarları başqaları üçün məcburi deyildi. Evdə özəl şəraitdə, yaxud da qadınların yığıncağında qəbul edilən bir şey camaat qarşısında ediləndə həyasızlığın həddi və hətta mürtədlik sayıla bilərdi. Qadınların savadlılığı heç bir ictimai məqsəd daşıya bilməzdi. Məscidlərdə və qarışıq yığıncaqlarda susan qadınlar heç vaxt evdən kənarda “ ciddi “ dini məsələlər barədə danışa və çıxış edə bilməzdilər.

İctimai bir din alimi olmaqla o, kişilərin imtiyaz sferasına daxil olmuşdu. O, yalnız özəl olaraq şəxsi məsələlər barədə yazıb danışmırdı, əksinə, ilahiyyat məsələləri barədə camaat qarşısında danışırdı. O, hətta dövrünün ən bilikli üləmalarını mücadiləyə dəvət edərək onlara meydan oxuyurdu. O, özünə ictimai bir rol və ictimai bir yer müəyyən etmişdi.

Zərrintac Kərbəlaya gedib Seyid Kazım Rəştini şəxsən görmək, yanında qalaraq təhsilini davam etdirmək istəyir. Bunu bilən kiçik əmisi Molla Əli onu dəstəkləyir və onlar Kərbəla və Nəcəfdəki müqəddəs türbələri ziyarət etmək üçün icazə istəyib razılıq ala bilirlər. Bu səyahət təhqiqatçıların ümumi rəyinə görə 1843-cü ildə baş tutur. Bu zaman onun iki oğlu və bir qızı vardı.O, onu “ Qürrətül- Eyn “ təxəllüsü ilə mükafatlandırmış Kazım Rəşti ilə şəxsən tanış olmaq və onunla birgə fəaliyyət göstərmək üçün İraqa qayıdır. Əri Molla Məhəmməd nə qədər səy göstərsə də, onu bu səfərdən daşındıra bilmir...

Kərbəlaya çatmağına az qalmış onun mənəvi atası hesab olunan Rəşti gözlərini əbədi olaraq yumur. Verdiyi adla tanınan və məşhur olan şagirdi- Qürrətül-Eynə onu görmək qismət olmur... Zərrintac ustadının yerinə keçərək, o dövr üçün fantastik görünən bir işi - kişilərə dərs deməyi həyata keçirir. O, mühazirələr oxumağa başlayır. Bu, yerli din xadimlərinin qəzəbinə səbəb olur. Ona qarşı təzyiq göstərir və onun dərhal şəhərdən çıxıb getməsi üçün hökumətə hiddətlə şikayət edirlər...

İranda feodal təzyiqi, şah istibdadı və xarici kapital əleyhinə kütləvi demokratik üsyanlar vaxtında yeni təriqət nəzəriyyəsi əmələ gəlir. Bu yeni dinin banisi Şirazlı Seyid Əli Məhəmməd idi. O, 1819-cu il 20 oktyabrda tacir ailəsində doğulub, uşaq ikən yetim qalıb, erkən yaşlarından dini məsələlərlə məşğul olmağa başlayır. O, özünə Bab ləqəbi götürmüşdü ki, onun da mənası ilahi həqiqətə aparan yol, qapı deməkdir. Bab 25 yaşından etibarən yeni dini təbliğ etməyə başlayır.
Babi dininin öz inancları, cəmiyyətin yeni vəziyyəti üçün konsepsiyaları vardır. Babi ehkamına görə Allah birdir, Əli Məhəmməd isə güzgüdür ki, o orada əks olunmuşdur və hər kəs ona ehtiram göstərməlidir. “Siz özünüzü və əməllərinizi elə güzgülərə çevirməlisiniz ki, o güzgülərdə sevdiyiniz günəşi görəsiniz” .
Babilik təriqətinə görə qadın və kişi bərabərhüquqlu hesab olunur.
Qürrətül-Eyn Molla Hüseyn vasitəsilə Baba məktub göndərir. Yüksək peşəkarlıq və elmlə yazılmış fikirləri oxuyan Bab onun nadir qabiliyyətinə heyran olir. Və onu ən yaxın silahdaşı olaraq qəbul edir və yenicə yaranan ierarxiyada birinci vahidi formalaşdırırlar. Bab on səkkiz şagirdinə Əbədiyaşarın Hərfləri, özünə isə Nöqteyi-Üla adını verir.
Xalqı ictimai dəyişikliklər etməyə çağıran çıxışları nəticəsində şah hökuməti Seyid Əli Məhəmmədi - Babı həbs edərək Maku zindanına salır. O, zindanda babiliyin müqəddəs kitabı hesab olunan “ Bəyan “ adlı əsər yazır.

Bab hakimiyyətin yuxarı eşalonunda yüksək postları tutan din xadimlərini xəsis və əxlaqsız adlandırır ki, bu da onun haqda verilən fitvadan yaxa qurtarmağın mümkünsüzlüyü demək idi.

Fəaliyyətlərinin nəticəsi olaraq İraqda nəzarət altına alınan Zərrintacı son nəticədə oradan çıxarıb Osmanlı ərazisini tərk etməyi əmr edirlər. 1847-ci ildə o, İrana yola düşür. Evə qayıdarkən bütün səfər boyu o, babi dinini təbliğ etməkdən usanmır, dinə yeni insanlar gətirir və xüsusilə, açıq debatlarda çox möhtərəm ruhaniləri cəlb edir. Keçdiyi hər yerdə onun ardıcılları yaranmaqda idi ki, onlar “ Qürrətiyyə “ adlanırdılar. Bu ardıcılların içində yüksək zümrəyə aid olan adlı-sanlı xanımlar da yer alır

Hərəkat başlayanda ( 1844 ) Zərrintac həm İslamın görkəmli yeganə qadın alimi, həm də dövrünün məşhur şairəsi kimi tanınmış 27 yaşlı nüfuzlu bir şəxsiyyət idi.
Onun Qəzvinə qayıdışı qarşıdurmanı və ailələrdəki ədavəti daha da artırır. Qadının yeri arvad və ana kimi ancaq evdə idi, Qürrətül-Eyn isə heç vaxt onun bu “ təbii “ sferası ilə barışmır. Hətta arvad və ana olsa da, o, kitabxana və dərslərdə, söhbət və müzakirələrdə daha çox vaxt keçirir. Ailədəki hər kəs ona başladığı mübarizəni dayandırmağı tövsiyyə edir, alınmayanda isə onu övladlarından ayıracaqları və boşayacaqları ilə təhdid edirlər. Heç bir hədə-qorxu, onun ev dustağı edilməsi belə onu fikrindən daşındıra bilmir. Bunun nəticəsi olaraq əmisi və qaynatası, Qəzvinin imamcüməsi olan Molla Saleh Tağının babilər hərəkatının üzvlərinə qarşı olan qəzəbi pik həddinə çatır.

Şeyx Əhməd Əhsaini xüsusiylə sevməyən Mollla Tağı şiə ruhani zümrəsi arasında onu təhlükəli kafir kimi rədd edən birinci şəxs idi. Molla Tağının şeyxilərdən nə qədər xoşu gəlməsə də, babilərə nifrəti daha dərin və amansız idi. Təkcə onun kiçik qardaşı Hacı Molla Əlinin deyil, hətta qardaşı qızı və gəlini olan Qürrətül-Eyn kimi tanınmış Zərrintacın onun elə nifrət etdiyi ehkamları qəbul etməsi onun nifrətinin bu cür kəskinləşməsinə gətirib çıxarır və bu üzdən ömrünün son ilində camaat arasında Babı və onun dinini ağır ittham edir. Molla Saleh Tağı babiləri təhqir etməyə, onlara qarşı zorakılıqlar tətbiq etməyə başlayır. Radikal baxışlı inanclıları qızışdıraraq babilik hərəkatının üzvlərini qovdurur, evlərini talan etdirir və işgəncələrə məruz qoydurur. Bunun nəticəsi olaraq, babi hərəkatının fəal üzvü ərəb Şeyx Saleh çox idarəedilməz bir hiddətə dolur və 1848 - ci ildə Molla Tağını öldürür. O, Qəzvində, Şahzadə Hüseyn qəbirstanlığında dəfn olunur.

 

Ardı Var...

Araşdırma müəllifi: Jurnalist Kəmalə Əliyeva


20 fevral 2018
GO BACK