Rus çarlarının əksəri qarşılıqlı razılaşma və məntiqlə ailə qurmaları onların əsl məhəbbətin nə olduğunu bilmədiyi anlamına gəlmirdi.
Çarların məşuqələri də onların yanındakı nüfüzlarından istifadə edib özləri və ailələrinin vəziyyətini yaxşılaşdırırdılar. Çoxu isə heç nəyə baxmayaraq sadəcə sevirdilər. Bir-birlərinə yazdıqları, bu günümüzə qədər qorunub-saxlanmış sevgi məktubları da buna dəlalət edir.
1. Yekaterina Dolqorukova (II Aleksandrın məşuqəsi)
Yekaterina Mixaylovna Dolqarukova knyaz ailəsinin nümayəndəsi, əsl aristokrat idi. İmperator II Aleksandr onun ailəsi ilə dostluq münasibətləri saxlayır və malikanələrinə qonaq gedirdi. Yekaterina ilə tanış olanda qızcığazın cəmi 12 yaşı vardı. Mixail Dolqarukovun ölümündən sonra imperator bütün ailəsinə kömək etməyə başladı: daha dəqiq desək, Yekaterinanın daxil olmaqla bütün övladlarına təhsil verdi. Qızın 16 yaşı olanda imperator onunla yenidən qarşılaşır və aşiq olur, sevgisinə qarşılıq da alır. Amma qız imperatorun çoxsaylı məşuqələrindən olmağı rədd edir.
II Aleksanrın həyat yoldaşı Mariya Aleksandrovna vərəm xəstəliyinə tutulduqdan sonra həkimlər ona nikahsızlıq məsləhət görürlər. Yalnız bundan sonra Yekaterina imperatorla əlaqənin ona və ailəsinə hansı xeyirlər verə biləcəyini nəzərə alaraq məşuqəsi olmağa razılaşır. İmperator hətta onu həyat yoldaşının saray xanımı edir ki, daima yanında olsun.
Yekaterinanın Aleksadrdan dörd övladı olur. Belə fikir də var ki, uşaqlarından birini hakimiyyətə gətirmək üçün qanuni varisləri taxtdan salmağa çalışırmış, hərçənd planı həyata keçmir. Arvadının ölümündən sonra Aleksandr Yekaterina ilə evlənir.
Amma çar ailəsi Yekaterinanı qəbul etmir. Hətta anarxistlərin uğurlu sui-qəsdi nəticəsində öldürülən II Aleksandrı dəfn edərkən onu kilsəyə də buraxmırlar. Sevlisinin ölümündən sonra övladları ilə birlikdə Fransaya mühacirət etmək məcburiyyətində qalır.
2. Mariya Narışkina (I Aleksandrın məşuqəsi)
Atası polyak knyazı olan Mariya 16 yaşında Dmitri Narışkinə ərə gedir. Qız bütün ballarda diqqətləri üzərinə çəkirdi, təkcə gözəlliyi ilə deyil, həm də çox gözəl geyim və aksessuar zövqü ilə.
I Aleksadrın da ona ilk baxışdanca aşiq olmasında təccüblü heç nə yoxdur. 1799-cu ildə ərinin razılığı ilə Mariya imperatorun məşuqəsi olur. İmperatorun qanuni həyat yoldaşı olsa da (Yelizaveta) Aleksandr və Mariya hətta ballarda və müxtəlif mərasimlərdə birlikdə iştirak edirdilər,.
Saray əyanları və çar ailəsi Narışkinanı çox sevirdi. Mariya hətta çarı arvadından boşanıb onunla evlənməyə məcbur etmək niyyətində idi. Hər şey onun tərəfində idi: imperator aralarındakı münasibəti elə açıq-aydın nümayiş etdirirdi ki, elə bil heç evli deyildi. Amma planın həyata keçməsi qismət deyilmiş: naməlum səbəblərdən Aleksandr boşanmaqdan imtina edir. 1814-cü ildə qızğın məhəbbət macərası gözlənilmədən sona çatır. Bu illərdə Mariya dünyaya 5 övlad gətirir, onlardan ən azı 4-ü çardan idi. Narışkin onların 5-ni də qəbul edib, öz soyadını verir.
3. Anna Lopuxina (I Pavelin məşuqəsi)
Rus çarlarının bütün məşuqələri kimi o da zadəgan ailəsində doğulmuşdu. Lopuxina çarı düz “ürəyindən vuranda” 19 yaşında idi. Çar onu balda görən kimi əmr edir ki, bütün ailəsi Peterburqa köçsün, ailəsinin bir çox üzvlərinə sarayda yüksək vəzifələr verir. Annanın atası şöhrətli knyaz rütbəsini və general-prokuror vəzifəsini alır. Kiçik boyuna və elə də gözəl olmamasına baxmayaraq Anna Pavelin qəlbini fəth edir və Pavel onun uğrunda romanlara mövzu olacaq, az qala cəngavərlərə xas qəhrəmanlıqlar edirdi. Mixaylovski sarayının divarlarını Annanın əlcəkləri rənginə boyamaqdan tutmuş, gəmilərə adını verməyə qədər. Bütün bunlar etdiyi jestlərin ancaq bir hissəsidir. 1799-cu ildə imperatorla əlaqəsinə görə, cəmiyyətin ona etdiyi təzyiqlərə dözməyərək Anna onunla münasibəti kəsir və başqasına ərə gedir. İmperator onun uşaqlıq dostu knyaz Qaqarinlə evlənməsinə etiraz etmir və qəlbinin dərinliklərində sevgilisinin geri dönəcəyinə ümid edir. Amma ümidləri puç olur, iki il sonra imperator qətlə yetirilir.
4. Matilda Kşesinskaya (II Nikolayın məşuqəsi)
Polyak mənşəli prima-balerina Matilda Nikolayla tamaşalarının birində tanış olmuşdu, o zaman 17 yaşı var idi. İlk baxışdan aşiq olan II Nikolay ona Sankt-Peterburqda dəbdəbəli qəsr alır. Münasibətlərinin davam etdiyi 4 il ərzində bu qəsrdə görüşürdülər. Öz amansızlığı və ambisiyalılığı ilə məşhur olan Matilda tez-tez imperatorla olan əlaqəsindən istifadə edir, bu yolla özünə şöhrət qazanır, imperator teatrındakı təsir gücünü artırırdı. O, təkcə istedadlı rəqqasə deyildi, həm də kaprizli, inadkar, bütün rəqiblərini məhv etmək üçün hər şeyə hazır qadın idi. Matildaya qarşı hiss etdiyi ehtiras və sevgiyə rəğmən Nikolay ondan 1894-cü ildə, atası vəfat etdikdən sonra ayrılır. O, gələcək imperatriça Aleksandra Fyodorovna ilə evlənməyə hazırlaşırdı.
Daha sonra Matilda Romanovlar ailəsindən iki böyük knyazla məhəbbət macərası yaşayır: əmiuşaqları Sergey Mixayloviç və Andrey Vladimiroviçlə. 1902-ci ildə ana olduqdan sonra özü də etiraf etmişdi ki, onlardan hansının oğlunun atası olduğunu bilmir. Daha sonra Andrey Vladimiroviçə ərə gedir, Oktyabr inqilabından sonrasa Parisə köçür. Nüfuzlu balet məktəbi açır, Marqo Fonteyn və Tatyana Ryabuşunskaya kimi balerinalar yetişdirir. Matilda 1971-ci ildə 100 yaşana 8 ay qalmış vəfat edib.
İnci Qasımova