Adı Azərbaycan dövlətçilik tarixinə ilk xanım diplomat kimi daxil olan Sara Xatun tarixdə mühüm rolu olan bir qadındır. Osmanlı mənbələrinin yazdığına görə, onun əsl adı Gövhərşah xatundur. Ağqoyunlu hökmdarı Uzun Həsənin anası, demək olar ki, bütün Şərqdə dövrünün yeganə istedadlı diplomat qadını kimi tanınan Sara Xatun böyük ağıl və mətanət, müdriklik və cəsarət sahibi idi.
Sara Xatun Ağqoyunlu dövlətinin möhkəmləndirilməsində, onun xarici siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində mühüm rol oynayıb. O, Uzun Həsənin ən məsul diplomatik tapşırıqlarını böyük səylə və müvəffəqiyyətlə həyata keçirirdi. Elə buna görə də, həmin dövrdə kiçik Ağqoyunlu dövləti, Osmanlı Türkiyəsi və Qaraqoyunlu kimi iki qüvvətli rəqib arasında müstəqilliyini saxlaya bilmişdi. Olduqca ağıllı, tədbirli qadın olan Sara Xatun dövlətin idarəçilik işlərində oğluna yaxından kömək edirdi.
Sara xatun Bayandur eli içində doğulmuşdu. Ağqoyunlular dövlətinin siyasətinin sahmana salınmasında görkəmli diplomat və dövlət xadimi Sara xatunun böyük rolu vardı. Demək olar ki, bütün Şərqdə yeganə istedadlı diplomat qadın kimi məşhur olan Sara Xatun, hətta Avropa ölkələrində də tanınırdı. Azərbaycana göndərilən Avropa, xüsusilə də, Venesiya elçilərinə verilən məxfi məlumatlarda mütləq Sara Xatunla görüşmək və öz məqsədləri üçün onun saraydakı nüfuzundan istifadə etmək tapşırılırdı.
O, bir dövlət xadimi kimi, hakim sinfin mənafeyini müdafiə edir, feodal dövlətinin möhkəmləndirilməsinə çalışırdı. Bu məqsədlə feodal pərakəndəliyinə və sülalə üzvlərinin mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda ara müharibələrinə, saray çəkişmələrinə qarşı mübarizə aparırdı.
Ağqoyunlu hakimi Cəlaləddin Əli bəyin ölümündən sonra onun oğulları, habelə bayandurlar sülaləsinin başqa nümayəndələrinin taxt-tac uğrunda ara müharibələrinin sakitləşdirilməsində onun böyük rolu olmuşdur. Bunun nəticəsində, həmin dövrdə kiçik Ağqoyunlu dövləti iki qüvvətli rəqib arasında müstəqilliyini qoruyub, saxlaya bilmişdi.
Olduqca ağıllı və tədbirli qadın olan Sara Xatun dövləti idarə işlərinin bütün sahələrində oğlunun yaxın yardımçısı idi. Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində Sara Xatunun rolu daha mühüm idi. Uzun Həsən bütün xarici siyasət məsələlərini onunla məsləhətləşir, ən məsul diplomatik danışıqlar üçün onu göndərirdi. O, nəinki xarici ölkələrin ayrı-ayrı diplomatları ilə, həmçinin Teymuri hökmdarı Əbu Səid, Osmanlı imperatoru II Mehmet kimi dövlət başçıları ilə də diplomatik danışıqlar aparmış, Ağqoyunlu dövlətinin xarici siyasi mənafeyini müvəffəqiyyətlə müdafiə etmişdi. Teymurlu hökmdarı Əbu Səidin Azərbaycana hücum təhlükəsi yarandıqda sülh danışıqları üçün göndərilən elçilərə Sara xatun başçılıq etmişdi. Türkiyə Ağqoyunlu dövlətinin müttəffiqi və Aralıq dənizi sahilində əlverişli strateji məntəqə olan Qaraman əmirliyini aradan qaldırmaq istədikdə Osmanlı imperatoru II Mehmetlə danışıqlar aparmaq üçün yenə də Sara Xatun göndərilmişdi.
O, Avropada da yaxşı tanınırdı…
Venesiya respublikasının senatı onun Ağqoyunlu sarayındakı nüfuzunu nəzərə alaraq, demək olar ki, Azərbaycana göndərilən bütün diplomatlarına ciddi tapşırırdı ki, Sara Xatuna ehtiram göstərsinlər, müxtəlif hədiyyələr versinlər, məqsədlərinə nail olmaq üçün onun nüfuzundan istifadə etsinlər. Venesiyadan Azərbaycana göndərilən, demək olar ki, bütün diplomatik sənədlərdə Sara Xatunun adı çəkilir, ondan bəhs olunur. Bir diplomat kimi Sara Xatunun fəaliyyətində, onun sultan II Mehmetlə bağladığı 1461-ci il sülhünün böyük əhəmiyyəti var. Bu sülh hələlik əlimizdə olan məlumata görə, Sara Xatunun xarici ölkə hökmdarları ilə bağladığı ilk müqavilələrdən biridir. Uzun Həsən Sara Xatunu Sultan II Mehmetin hərbi düşərgəsinə göndərərkən, onun qarşısına iki çətin vəzifə qoymuşdu. Əvvəla o, Osmanlı sultanını Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı idi. Çünki II Mehmetin bu hücumu Ağqoyunlu dövlətinin varlığına son qoya bilərdi. Bu məqsədə nail olduqdan sonra Sara Xatun sultanı mümkün qədər Trabzonu fəth etmək fikrindən də döndərməli idi. Bütün Yaxın və Orta Şərqdə böyük nüfuzu olan Sara Xatun Osmanlı sultanının hərbi düşərgəsində yaxşı qarşılandı. Mənbələrin məlumatına görə, diplomatik danışıqlar zamanı Sara Xatun və II Mehmet bir-birinə “ana”, “oğul” deyə müraciət edirmişlər. Sara Xatun bu danışıqlar zamanı özünün bütün diplomatik ustalığından istifadə edərək Uzun Həsənin birinci tapşırığını yerinə yetirə bildi – II Mehmeti Ağqoyunlu dövlətinə qarşı müharibə etmək fikrindən daşındırdı. Iki ölkə arasında sülh bağlandı. Bu sülhün o zaman Ağqoyunlu dövləti üçün böyük əhəmiyyəti olmuşdu. Məhz Sara Xatunun bağladığı bu müqavilə nəticəsində o zaman Türkiyə ilə toqquşmağa qadir olmayan kiçik Ağqoyunlu dövləti öz müstəqilliyini saxlaya bilmişdi.
Lakin Sara Xatun ona tapşırılmış ikinci vəzifəni yerinə yetirə bilmədi. Daha sonrakı mənbələrdə Ağqoyunlu dövləti ilə Venesiya arasında haqqında bəhs etdiyimiz sülh müqaviləsinin bağlanmasına dair ətraflı və zəngin məlumat var. Ağqoyunlu dövlətini təcrid etdikdən sonra II Mehmet Trabzon üzərinə yeridi. Lakin o, Uzun Həsənin arxadan hücum etməyəcəyinə əmin deyildi. Odur ki, Sara Xatun başda olmaqla, Ağqoyunlu elçilərini də sultan özü ilə götürdü. Sara Xatun yol boyu sultanı Trabzonu fəth etmək fikrindən çəkindirməyə çalışdı. Lakin onun səyləri heç bir nəticə vermədi. Dənizdən Osmanlı donanması tərəfindən mühasirəyə alınan Trabzon 30 günlük mühasirədən sonra – 1461-ci oktyabrın 26-da Türklər tərəfindən zəbt edildi. Qara dənizdə Genuya ilə rəqabət aparan mühüm ticarət mərkəzi süqut etdi. Artıq Trabzonun əldən getdiyini görən Sara Xatun öz gəlininin – Dəspinə Xatunun Trabzonun taxtına varislik hüququnu irəli sürdü. Trabzon xəzinəsini sultanla bölüşdürdükdən sonra Ağqoyunlu elçilərinin başında geri qayıtdı. Görünür, Ağqoyunlularla kəskinləşən münasibətləri yumşaltmaq üçün II Mehmet Sara Xatuna xoş rəftar göstərmiş, onu çoxlu hədiyyələrlə geri yola salmışdı.
Hərbi istedada malik diplomat…
Teymurlu hökmdarı Əbu Səidlə danışıqlar aparan Ağqoyunlu elçilərinə də Sara Xatun başçılıq etmişdir (1468). Sara Xatun diplomat və dövlət xadimi olmaqla bərabər, böyük hərbi sərkərdəlik bacarığına və hərbi intuisiyaya malik qadın olmuşdur. Onun əqli çevikliyi dar məqamlarda tez qərar çıxarmağa imkan verirdi. Sara Xatun qeyrətli qadın, diplomat və hərbi istedada qadir bir şəxsiyyət idi.
Ağqoyunlu dövrünün ən görkəmli tarixçisi Əbubəkr Tehrani yazır ki, Sara Xatun Qaraqoyunlu Cahanşahla danışıqlar aparmaq məqsədilə onun yanına gəlmiş, bu zaman Rüstəm Tərxanın düşərgəsində olmuşdur. Onun ordusu Sara Xatuna o qədər də əzəmətli görünmədiyindən, Cahangir Mirzə və Uzun Həsənə sifariş göndərir ki, “Əgər gəlsəniz, qələbə sizin olacaq. Bu işi təxirə salmaq olmaz”.
Sara Xatunun orduya sadəcə, bir nəzər salmaqla ağqoyunlular arasındakı qüvvələr nisbətinin Ağqoyunlu dövlətinin xeyrinə olduğunu düzgün qiymətləndirməsi onun hərbi intuisiya və səriştəsindən xəbər verir. Həqiqətən də, bundan sonra Uzun Həsənin kəşfiyyat dəstəsi Rüstəm Tərxanın ordularına hücum edərək onları darmadağın etmiş, Qaraqoyunluları bərk qorxuya salmışdı.
Kişilərə nisbətən qadınların həyatın bütün sahələrində hüquqsuz yaşadığı bir dövrdə, Azərbaycan tarixində belə mərd və cəsarətli, diplomat qadınlarımızın mövcudluğu təqdirəlayiq haldır. Sara Xatun uzaq tarixi keçmişimizdə yaşasa da, onun siyasi mədəniyyəti, diplomatik fəaliyyəti və şəxsi şücaəti gələcək nəsillər üçün gözəl bir örnəkdir…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu