Qadin.NET / İlk nazir qadın

İlk nazir qadın

İlk nazir qadın

 

Həyatı

Tahirə Əkbər qızı Tahirova 1913-cü il noyabr ayının 7-də Türkmənistanın Bayraməli vilayətində ziyalı ailəsində anadan olmuşdur. O, 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu (AzSİ) bitirmişdir. T.Tahirova neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis olmuşdur. Əmək fəaliyyətinə 1936-cı ildən elmi işçi kimi başlamış, daha sonra 1940-cı ildə o, Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunur. 1942-ci ildən etibarən T.Tahirova Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışarkən, Böyük Vətən müharibəsi dövründə cəbhənin fasiləsiz neft təchizatına cavabdeh idi. 1949-cu ildə isə partiya işindən AzSİ-nin "Neft yataqlarının istismarı kafedrası"nda elmi-pedaqoji fəaliyyətinə qayıdaraq, o, 1953-cü ildə texniki elmlər namizədi dərəcəsini alır.

1954-cü ildən başlayaraq, T. Tahirova yenə ayrı-ayrı rəhbər vəzifələrdə çalışır (Azərbaycan Həmkarlar İttifaqı Şurasının, Azərbaycan SSR Nazirlər Şurası nəzdində Dövlət Elm və Texnika Komitəsinin sədri, Nazirlər Şurası sədrinin müavini).

1954 ildən AHİŞ sədri, 1957 ildən Resp. Nazirlər Soveti yanında Dövlət Elm-Texnika Komitəsinin sədri, Azərb. Resp. Nazirlər Soveti Dövlət Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsinin sədri, 1963 ildən Nazirlər Soveti sədrinin müavini, 1959 ildən Azərb. SSR Xarici İşlər naziri işləmişdir.

1957-ci ildə T.Tahirova Xarici işlər naziri vəzifəsinə təyin olunur. Lakin vəzifəsinin praktiki icrasına o, yalnız 1959-cu ildə öz təşəbbüsü ilə SSRİ XİN-nin Diplomatik Akademiyasını bitirdikdən sonra başlayır. 1968-ci ilədək olan dövrdə o, SSRİ-nin müttəfiq respublikalarında (BMT-də öz nümayəndəlikləri olan Ukrayna SSR və Belorusiya SSR istisna olmaqla) mövcud olmuş qaydaya əsasən, Xarici işlər nazirinin vəzifəsini digər vəzifələrlə yanaşı icra etmişdi. Lakin Tahirovanın səyləri nəticəsində Azərbaycan Ukrayna və Belorusiyadan sonra ilk müttəfiq respublika oldu ki, bu vəzifə o biri nazir vəzifələri kimi ayrıca vəzifə şəklində icra olunmağa başladı. Beləliklə, 1968-cu ildə öz xahişi ilə başqa hökumət vəzifələrindən azad olunaraq, Tahirə xanım bütün gücünü diplomatik fəaliyyətə səfərbər etmişdir.

O, nazir işlədiyi müddətdə Azərbaycan diplomatlarının SSRİ-nin səfirliklərində işləməsinə, Diplomatik Akademiyada oxumasına daima diqqət yetirmişdir.

Bundan əlavə, o, Sovet hökumət və parlament nümayəndə heyətlərinin üzvü olaraq, BMT Baş Assambleyasının iclaslarında iştirak edərək, eləcə də respublikamıza səfər edən bəzi yüksək səviyyəli qonaqları qəbul edərək, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə çalışırdı. 1976-cı ildə Tahirə Tahirova diplomatik fəaliyyətdə xüsusi xidmətlərinə görə SSRİ Xarici İşlər Nazirliyinin təqdimatı ilə Xalqlar Dostluğu ordeni ilə təltif olunmuşdur. SSRİ Ali Sovetinin (4-cü çağırış), Azərb. SSR Ali Sovetinin (3,5-7-ci çağırış) deputatı olmuşdur.

Türk, ingilis və rus dillərini bilirdi.

 

19 yanvar 2017
GO BACK