O, zorla ərə verilməkdən yaxasını qurtarmaq üçün qaçıb getdiyi Avstraliyada, dünyanın ən böyük kosmetika markasını meydana gətirdi.
O, deyilənə görə, ilk dəfə Amerikaya getdiyi vaxt belə deyibmiş: “Bütün amerikalı qadınların burunları çəhrayı, dodaqları isə bozdur. Hamısının da üzü ağappaqdır. Burada ömrümün ən böyük uğurunu qazana bilərəm”.
Bir müddət sonra isə o qədər böyük uğur qazandı ki, dünya ondan danışmağa başladı. Bu qadın Elena Rubinşteyn idi.
“Çirkin qadın yoxdu, tənbəl qadın var.”
Elena Rubinşteyn
Oxuya bilmədi. Zorla ərə verilmək təhlükəsi ilə qarşılaşan kimi, başqa qitəyə qaçdı. Ofisiant işlədi, dayəlik elədi. Düz adamlarla tanış olub, düzgün addımlar atdı. İnsanların ən qüvvətli instinktlərindən birinə – “gözəl görünmək” instinktinə hesablanmış addımları sayəsində uğur qazandı. Kosmetika sənayesinin öz qolları ilə öncə Amerikanı, sonra isə bütün dünyanı sarımasında ən böyük rolu o oynadı. Demək olar ki, sadə bir fikirdən hərəkət edərək, hal-hazırda dəyəri milyard dollarlarla ölçülən nəhəng bir “gözəllik” şirkəti qurdu. Bu dünyadan köçəndə planetin ən ünlü adamlarından biri idi.
Elena Rubinşteynin həyatı ilə bağlı yazdığı “Gözəlliyə həsr edilmiş ömrüm” oxuduğum ən maraqlı kitablardan biridir. Bu kitabda qadınların biznesdə, ticarətdə uğur qazana bilməyəcəyi düşüncəsinin hökm sürdüyü, iddia edildiyi zamanlarda kasıb bir qızın ağlı, istedadı, zəhmətsevərliyi, çalışqanlığı, iradəsi, yenilməzliyi ilə dünyada məşhur, böyük bir biznes imperiyasını necə qurduğunun hekayəsi var. Onun həyatı bir cığırdır, minlərlə gənc qızda özünə güvəni, inamı artıracaq, onun üçün müəyyənləşdirilən deyil, özünün müəyyənləşdirdiyi həyatı yaşamaq, arzularının arxasınca gedərək uğurlar əldə etmək və adını tarixə yaza bilmək üçün maraqlı bir örnəkdir.
Təxəyyülün gücü
Ələddinin varlanmaq üçün içindən cin çıxan sehrli lampası var idi; Elena Rubinşteynin isə günəşdən qorunmaq üçün anasının verdiyi 12 tübiklik üz kremi və ya tarixə düşən adıyla desək – “Valez kremi”. Kosmetika sənayesinin nəhəngi Rubinşteyn, açdığı gözəllik salonları və dağda çobanlar tərəfindən istifadə edilən bir üz kremini bütün dünyaya satmaqla, marka olmağı bacardı. Onun “Çirkin qadın yoxdu, tənbəl qadın var” sözü, kosmetika sənayesində çox işlədilməsinə baxmayaraq, təzəliyini qətiyyən itirməyən bir reklam cümləsi olaraq qalmaqdadır…
O, 1902-ci ildə dünyada ilk gözəllik institutunu açdı və satdığı gözəllik kremiylə bir dünya markası yaratdı. Biznes dünyasına və qadınların gözəllik aləminə göstərdiyi təsirlə, bütün dünyanı, ən azı isə qadınların “fərdi tarixlərini” dəyişdirən şəxslərdən biri oldu.
“Valez kremi”nin əslində Karpat dağlarındakı çobanların istifadə etdikləri kremlərdən heç bir fərqi yox idi. Kremin müalicəvi xüsusiyyəti olduğu haqqında Elenanın iddiaları da daha sonra tibb mütəxəssisləri tərəfindən sual altında qoyulmuşdu. Ancaq istehsal olunan bu əmtəə yüksək keyfiyyətə malik idi və onun sahib olduğu enerji ilə təxəyyül gücü, “Nyu-York Tayms”ın sözləriylə ifadə eləsək, Elenanı “Amerikanın ən böyük qadın təşəbbüsçüsünə çevirmişdi”. Elenanın yarıelmi gözəllik nəzəriyyələri, təcrübələri, müalicə üsulları və tövsiyələri, XX yüzildə böyük sürətlə inkişaf edən şirkətlər üçün bir bünövrə təşkil edirdi. Bu ağıllı qadın “soyuq kremə və təxəyyül gücünə” söykənən və heyrətamiz sürətlə inkişaf edən bir imperiya qurmuş, üstəlik, Napoleon kimi, öz qardaşlarını imperiyasının ucqarlardakı canişinləri təyin etmişdi.
***
Polşada anadan olmuş bir yəhudi idi. Elena Polşanın Krakov şəhərində, çox güman ki, milad bayramı ərəfəsində doğulub. Həyatının ilk dövrü haqqında dəqiq məlumat olmayan Rubinşteynin anadan olduğu il də dəqiq bilinmir. Çoxları tərəfindən qəbul edilən tarix 1870-ci il olsa da, onun 1871-ci və ya 1872-ci ildə anadan olduğu da ehtimal daxilindədir. O, yumurta satan bir ata ilə ev xanımı bir ananın səkkiz qızından ən böyüyü idi.
Orta həyat səviyyəli bir ailə olan Rubinşteynlər, Elenanı əvvəlcə İsveçrədə bir tibb məktəbinə göndərdi. Dərslərində uğur qazana bilməyib məktəbdən çıxmaq məcburiyyətində qaldığına görə, atası onu bir varlı dul kişiyə ərə vermək istədi. Elena evdən qaçaraq Avstraliyada yaşayan əmisinin yanına getdi. Vaxt itirmədən ingilis dilini öyrənməyə başladı. Sonralar Avstraliyadan danışarkən, orada “ac, tənha və yoxsul” olduğunu deyib şikayət etsə də, bu “məcburi vətəninin” onu kosmetika imperiyasına aparıb çıxaran pilləkənlərin birinci pilləsi olacağını hələ bilmirdi… Müqəddəs kitabın buyurduğu kimi: ”Hər ziyanda bir xeyir var”...
Günəşlə birgə doğan günəş
Avstraliya qadınlarının üzlərinin tozdan və günəşdən quruyub çatlaması Elenanın diqqətini cəlb etmişdi. Polşadan gələndə anasının ona verdiyi, südün bəzi maddələrlə qarışığından hazırlanmış üz kremi avstraliyalı qadınların diqqətindən yayınmamışdı. Bu kremi Elenanın anasının macar dostu kimyagər Yakob Likuski hazırlamışdı. Rubinşteyn daha sonralar, Avstraliyaya ancaq bu kremin tropik iqlimdə faydalı olduğunu göstərmək üçün getdiyini deyəcəkdi. Əlbəttə, çox sonralar, şöhrət qazandıqdan sonra…
Elenanın öz ifadəsinə görə, ilk biznesini Melburna gedərkən gəmidə tanış olduğu iki nəfərlə birgə qurmuşdu. Dediyinə görə, o iki nəfərdən biri vali köməkçisi idi və Elenanı “kübar cəmiyyətlə” tanış etmişdi. Digəri isə Yelizaveta küçəsində yerləşən ilk gözəllik salonunu açmaq üçün Elenaya 250 funt-sterlinq borc vermişdi. Halbuki Elena, Melburnda əvvəlcə Dor kafesində, sonra isə sənət adamlarının tez-tez baş çəkdikləri “Qış bağı” adlı çay evində ofisiant işləyərək pul yığmışdı. Digər tərəfdən o, Celonq yaxınlığında yerləşən Meltemdə Stiv Feebern adlı varlı bir adamın uşaqlarına dayəlik də eləmişdi.
Dor kafesində işləyərkən o, gələcək planlarını “Robar Çay Şirkəti” adlı şirkətin idarəçilərindən olan C.T.Tomsona danışmışdı. Tomson gənc bir rəssam və sənət adamı idi. Onun bacısı Cessika da Elenanın gəldiyi yerdən – Krakovdan təzəcə gəlmişdi. Tomson, bu yaxınlıqdan yaranan simpatiya səbəbiylə gənc qızın öz xəyallarını həqiqətə çevirməyinə kömək etmək qərarına gəldi. Elena, Tomsondan aldığı 100 funt-sterlinqlə ilk gözəllik salonunu açdı. “Valez kremi” adıyla satmağa başladığı kremi 10 penniyə başa gətirir, fəqət çox böyük bir qazancla 6 şillinqə satırdı! Elena iki ildə bu kremdən 12 min funt-sterlinq qazanmışdı. Avstraliyanın günəşi Elenanın ciblərini doldurmağa başlamışdı…
Üfüqlər genişlənir, o isə üfüqün ötəsinə can atırdı…
Elena öz biznesini inkişaf etdirmək qərarına gəlmişdi. Artıq sadəcə krem satmaqla kifayətlənmək istəmirdi. Dünyada gözəl olmaq ehtiyacı hiss edən milyonlarla qadın var idi! 1905-ci ildə o, Avropanın ən yaxşı mütəxəssislərindən dərs almaq və dəriyə qulluq etməyin üsullarını öyrənmək üçün Parisə getdi. Ətir və dəb sektorunun hələ təzə-təzə iməkləməyə başladığı bu şəhər, “gözəlliyin sirlərini” öyrənmək üçün seçilən düz ünvan idi. O andan etibarən tanış olacağı bəzi şəxslər, uğura aparan yolda Elenaya kömək edəcəkdilər. Elena Parisdə, 243-cü Kolins küçəsində bir gözəllik salonu açdı. O dövrdə Elena, Melburnda tanış olduğu Polşa əsilli amerikalı yazıçı Edvard Uilyam Titin təsirinə qapılmışdı. Onlar 28 iyul 1908-ci ildə Londonda evləndilər. Edvard, Elenanı sənət və ədəbiyyatda modernizm cərəyanı ilə tanış etdi. Bundan sonra gənc qadın, öz gözəllik salonlarının divarlarını Leon Bakst və Aleksandr Benua kimi rəssamların əsərləriylə bəzəməyə başladı.
İzdivacdan sonra Londona köçən Elena, Lord Solsberinin Qrafton küçəsində yerləşən evini aldı. Bir müddət sonra isə 100 min funt-sterlinq sərmayə qoyaraq, Londonda “Elena Rubinşteynin Valez Gözəllik Salonu” adlı yeni bir gözəllik mərkəzi açdı. Dörd mərtəbəli, 26 otaqlı bu bina da rus rəssamlarının əsərləriylə bəzədilmişdi. Yaşıl rəngə boyanmış divarından Elenanın Avropada aldığı kosmetika mütəxəssisi sertifikatının asıldığı və qızılı rəngə boyanmış oyma taxtalı kresloların qoyulduğu Valez Gözəllik İnstitutunda qurumuş dərilər müalicə edilir, əllərdə və ayaqlarda olan döyənəklər yumşaldılır və saçlara qulluq edilirdi. Elena Polşadan Manka və Stella adlı bacılarını və (kremlərin böyük əksəriyyətini özü hazırlasa da) doktor Likuskini köməkçi kimi yanına çağırmışdı. Bacılarıyla birgə Sidneydə “Valez Masaj İnstitutu”nu və Yeni Zelandiyada təzə bir şöbə açmışdı. Rubinşteyn “krallığı”nın sərhədlərini genişləndirirdi…
O dövrdə qadınlar kosmetikayla çox da maraqlanmırdılar, ancaq Elenanın həyat yoldaşının daxil olduğu kübar cəmiyyətin nümayəndələri, qısa zaman içində gözəllik mərkəzinə axışmağa başladılar. Bir ildən sonra minlərlə kübar ingilis qadını gözəl görünmək üçün ildə təxminən 200 funt-sterlinq xərcləməyə başlamışdı. Bu, o dövr üçün çox yüksək bir məbləğ idi!
Elena Parisdə də (bacısı Polin tərəfindən idarə olunan) bir gözəllik salonu açdı. Əsas malları yenə də doktor Likuskinin kremi idi. Bundan əlavə, aralarında göz karandaşlarının da olduğu yeni mallardan da istifadə etməyə başlamışdılar. Üz kosmetikasına qarşı ənənəvi mənfi reaksiya getdikcə azalır və kosmetika, qadınların gündəlik həyatının bir hissəsinə çevrilirdi. Dünya dəyişildikcə, zövqlər də dəyişilirdi. …Və bu dəyişikliklər Elenanın nəfinə işləyirdi.
Bu arada Elenanın Roy Valentin Tit və Horasi Tit adlı iki oğlu oldu. Elena övladlarını tərbiyə etmək üçün qısa müddətə işdən uzaqlaşdı və 1914-cü ildə Parisə köçdü. Elə o günlərdə “Böyük müharibə” – I Dünya müharibəsi üfüqdə görünmüşdü.
“Köhnə dünya”dan “təzə dünya”ya
I Dünya müharibəsi başlayanda Elena, həyat yoldaşının milliyyəti üzündən Parisdən Amerikaya qaçmaq məcburiyyətində qaldı. Rubinşteyn bu dəfə də məcburi surətdə gəldiyi bu yeni vətənində çox geniş və ac bir bazar olduğunu gördü. Amerikalı qadınların çoxu, demək olar ki, özlərinə baxmırdılar. Avropadakı həmcinsləri kimi, onlar da üz kosmetikasına qarşı laqeyd idilər. Bazarda bu istiqamətdə bir təşəbbüs də gözə dəymirdi. Bu, Elena üçün qızıl fürsət idi…
Amerikaya köçəndən bir il sonra, yəni 1916-cı ildə Elena Nyu-Yorkun 49-cu Qərb küçəsində “Gözəllik evi” adlı ilk salonunu açdı. Zaman keçdikcə San-Fransisko, Boston, Filadelfiya, Çikaqo, Vaşinqton və Torontoda da yeni salonlar açıldı. Elena bu salonları, Londondan çağırdığı bacısı Mankaya həvalə etdi. Digər tərəfdən o, satdığı kosmetika mallarını saxlamaq üçün anbar kimi istifadə etdiyi bir neçə mənzil də tutmuşdu.
Kosmetika sənayesində güclü qadınlardan olan Elizabet Ardenlə Elena arasındakı rəqabət də elə o illərdə Amerikada başladı. Hər iki qadın təsirli satış üsullarının, lüks qablaşdırmanın, təmiz geyimli kosmetika mütəxəssislərinin cəlbediciliyinin, satışa çıxarılan malların ünlü adamlar tərəfindən tövsiyə edilməsinin, dəriyə qulluqla əlaqədar reklamlar verməyin və mallarını yüksək qiymətlərlə satmağın bol qazanc gətirdiyini başa düşürdü.
1917-ci ildə Rubinşteyn, artıq topdansatışa başlamışdı. Digər tərəfdən, öz salonlarında tətbiq etməyə başladığı “gözəllik günü” layihəsi də böyük uğur qazanmışdı. Elena, reklamlarda orta təbəqədən cazibədar bir qadının fotosundan istifadə edirdi. Bununla vermək istədiyi mesajı rahatlıqla başa düşmək olardı: “Hamı gözəl görünə bilər; gözəl görünmək üçün kübar təbəqəyə mənsub və ya varlı olmaq lazım deyil.” Elenanın Beşinci küçədə Elizabet Arden və “Revlon”un qurucusu Çarlz Revlon ilə rəqabəti artıq mənasını itirmişdi. Rubinşteyn, öz rəqiblərini xeyli geridə qoymuşdu.
Ardı var...