Qadin.NET / Leyla Bədirbəyli

Leyla Bədirbəyli

Leyla Bədirbəyli

Leyla Bədirbəyli 1920-ci ildə Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirin Musa xanının qızı, atası Ağalar bəy isə həmin rayonun kənd bəylərindən olub. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12-13 yaşı vardı. İçərişəhərdəki evlərində Leyladan başqa özündən 18 yaş kiçik olan bacısı Ofeliya da böyüyürdü.
Çox mehriban bacı idilər. Leyla ona həm böyük bacı kimi, həm də anaları ola-ola ana qayğısı göstərib. Uşaqlıqda Ofeliyanı nə qədər çox istəsə də, bir o qədər ciddi yanaşırdı. Ofeliya xanım xatırlayır: “Heç yadımdan çıxmaz. Nardarandakı bağımıza gedəndə anam məni Leylaya bərk-bərk tapşırmışdı ki, uşağı aparırsansa, ona fikir ver.

Mən çox arıq idim. Yeməklə heç aram yox idi. Nahar vaxtı bacım nə qədər çalışsa da məni yedizdirə bilmədi. Onu o qədər bezdirdim ki, axırda məni gicitkənlə vurdu. Mən qışqırdım və ağlaya-ağlaya Leylaya dedim ki, gedib anama deyəcəm, qoy məni internata qoysun, çünki sən məni döyürsən. Leyla həmişə deyərdi ki, ömrümdə bir pis iş görmüşəmsə, o da bacımı həmin gün incitməyimdi”. Ərköyün idi Leyla. 12 yaşına qədər hər hansı bir qonaqlığa gedərkən atasının qucağında qayıdardı. “Yorulmuşam, gedə bilmirəm” deyən Leylanı atası məcbur olub qucağına alardı. O zaman Bikə xanım Əli Bayramov klubuna-qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır.
O, səhnəyə çox gənc ikən çıxıb. Heç 16 yaşı tamam olmamışdı, amma Filarmoniyada solist kimi çalışırdı. Şəxsən Leyla üçün rəqslər qoyulurdu. “Toy” və Əlibaba Məmmədovun “Bir dənəsən, bir dənə” rəqsləri məhz onun üçün nəzərdə tutulmuşdu. Filarmoniyada çalışdığı illərdə “Ayna”, “Bakının işıqları” filmlərində çəkilir. 1941-ci ildə isə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edirlər. İlk tamaşası Rəsul Rzanın “Vəfa”-sı olur: “Tamaşalarda həmişə baş rolları oynayırdı. Bacımın incəsənətdə heç bir çətinliyi olmayıb. Çünki öz işinə çox ciddi yanaşırdı. Çıxış edəcəyi tamaşaya 2 saat əvvəl gəlirdi. Leyla “Solğun çiçəklər”də Saranı oynayırdı. Səhnələrin birində Sara ölür. O tamaşanı Leyla dəfələrlə oynayıb. Amma bir dəfə də olsun yadıma gəlmir ki, tamaşa qurtarıb pərdə açılanda o, səhnəyə çıxsın. Deyirdi axı, Sara ölüb, mən necə çıxıb tamaşaçıların qarşısında baş əyim. Sənətinə belə məsuliyyətlə yanaşırdı”. Leyla xanımın Üzeyir bəylə tanışlığı da Filarmoniyadan başlayıb. 1938-ci ildə Moskvada Azərbaycan mədəniyyət günləri keçirilən zaman nümayəndə heyətinə Üzeyir bəy rəhbərlik edirdi və o şəxsən özü Leylanı nümayəndə heyətinin tərkibinə daxil etmişdi. Onların Moskvadakı çıxışı çox böyük uğurla qarşılanmışdı. Çıxışlardan birində Stalin də iştirak edirdi. O, Leyla Bədirbəylini görəndə heyran olur. Kim olduğunu soruşur. Azərbaycanlı cavan bir rəqqasə olduğunu və Filarmoniyada çalışdığını öyrənir. Görüşlərin birində Stalin onu çağırır, qucaqlayıb öpərək deyir: “Tı krasavitça Azerbaydjana”. O, qənirsiz gözəl idi. Onun gözəlliyinə hamı heyran olurdu.

Leyla Bədirbəyli 1937-ci ildə 16 yaşı olarkən ailə həyatı qurub. Lakin bu ailənin ömrü çox qısa 1-2 il olub. 1942-ci ildə isə Kamil Aslanova ərə gedir. 1947-ci ildə ilk qız övladı-Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları-Bikə olur.

1999-cu il noyabrın 23-də Leyla Bədirbəyli gözlərini əbədi olaraq yumur.

Teatr sahəsində rolları:
Dezdemona (Otello, V.Şekspir)
Nərminə (Göz həkimi, İ.Səfərli)
Solmaz (Od gəlini, C.Cabbarlı)
Liza (Canlı Meyit, L.Tolstoy)
Fəxrəndə (Mahnı dağlarda qaldı, İ.Əfəndiyev)


Kino sahəsində rolları:
Səbuhi
Arsin mal alan
Fətəli Xan
Dəli Kür
Sevil
Görüş
Onun böyük ürəyi
13 fevral 2009
GO BACK